Karl Şpitteler
Karl Şpitteler | |
---|---|
alm. Carl Friedrich Georg Spitteler | |
Doğum adı | Carl Friedrich Georg Spitteler |
Təxəllüsü | Carl Felix Tandem[4], Felix Tandem[4] |
Doğum tarixi | 24 aprel 1845[1][2][…] |
Vəfat tarixi | 29 dekabr 1924[3][1][…] (79 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, ilahiyyatçı |
Əsərlərinin dili | alman dili |
Janrlar | poeziya, nəsr, teatr pyesi |
Vikianbarda əlaqəli mediafayllar |
Karl-Fridrix Georq Şpitteler (alm. Carl Friedrich Georg Spitteler; eləcə də Karl-Feliks Tandem (alm. Carl Felix Tandem) təxəllüsü ilə tanınır; 24 aprel 1845[1][2][…] – 29 dekabr 1924[3][1][…], Lütsern[3]) — İsveçrə şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919).
Həyatı
[redaktə | vikimətni redaktə et]Birinci Dünya müharibəsi 1918-ci ildə də Nobel mükafatlarının verilməsini əngəlləmişdi. Növbəti ildə isə ədəbiyyat sahəsində mükafat o vaxta qədər adı laureatlar sırasında olmayan yeni bir Avropa ölkəsinin payına düşmüşdü.
Həmin ölkənin — İsveçrənin ilk Nobel laureatı Karl Fridrix Georq Şpitteler Bazel yaxınlığında, hökumət məmuru ailəsində doğulmuşdu. Atası 1849-cu ildə İsveçrə Konfederasiyasının xəzinədarı təyin olunandan sonra ailə paytaxt Bernə köçmüşdü. Karl isə Bazeldə qalıb yerli gimnaziyada təhsilini davam etdirmişdi.
O, kiçik yaşlarından təsviri sənət və musiqiyə maraq göstərirdi. Hətta bir müddət rəssam olmaq qərarını qətiləşdirmişdi. Lakin gimnaziyada tarixçi və filoloqların güclü təsiri altına düşməsi fikrini dəyişdirmişdi. Karl Şpitteler epik poeziya, xüsusən də İntibah dövrü italyan şerinin tanınmış simalarından olan Ariostonun yaradıcılığı ilə yaxından maraqlanmağa başlamışdı. Tezliklə özü də klassisizm üslubundakı ilk qələm təcrübələrini ortaya çıxarmışdı.
Ata isə oğlunun daha ciddi işlə məşğul olmasını istəyirdi. Ailənin yekdil qərarı ilə o, 1863-cü ildə Sürix universitetinin hüquq fakültəsinə daxil olmuş, 1865-1870-ci illərdə isə Sürix, Bazel və Heydelberqdə ilahiyyatı öyrənmişdi. Amma bu səylər hədər getdi. Sonda Karl Şpitteler nə hüquqşünas, nə də ilahiyyatçı oldu. Poeziya onların ikisindən də güclü və cazibədar çıxmışdı.
1871-ci ildə Rusiyaya gələn Şpitteler səkkiz il Peterburqda, bir general ailəsində quvernant olmuşdu. Üzərində hələ Heydelberqdə düşündüyü "Prometey və Epimetey" epik poemasını burada yazıb başa çatdırmışdı. Vətəninə qayıdandan sonra poemanı Karl Feliks Tandem təxəllüsü ilə (1881) çap etdirmişdi. Lakin kitab heç kimin diqqətini çəkməmişdi. Bunu gələcəkdə yaşamını ədəbiyyatla təmin edə bilməyəcəyinin aydın işarəsi kimi qarşılayan Şpitteler əvvəlcə müəllimlik, sonra isə Bazel və Sürix qəzetlərində jurnalistliklə məşğul olmuşdu. Bu dövrdə Şpittelerin "Kəpənəklər" şeirlər toplusu (1889), "Kalderi tayfasından olan balaca Fred" (1891), "Qustav" (1892) kimi nəsr əsərləri və satiralarının toplandığı "Ədəbi pritçalar" (1892) kitabları oxuculara təqdim edilmişdi.
O, 1883-cü ildə gimnaziyada dərs dediyi şagird qızlardan biri — Mari de Xoffla evlənmişdi. Bu seçim şairin gəlcək həyatında və ədəbi taleyində əhəmiyyətli rol oynamışdı. Çünki 1892-ci ildə arvadına qalan zəngin miras ona gündəlik qayğılardan xilas olmağa və özünü tamamilə ədəbiyyata həsr etməyə imkan vermişdi. Şpitteler ailəsi Lütsern şəhərinə köçmüşdü. Burada şairin "Balladalar" (1896), "Sen-Qotard dərəsi" (1897), "Leytenant Konrad" (1898) və s. kitabları çap olunmuşdu.
Ədəbi üslub və dəyərlərin sürətlə dəyişdiyi XIX əsrin sonu-XX əsrin əvvəllərində klassist Karl Şpittelerin populyarlıq qazanması o qədər də asan məsələ deyildi. Ancaq o ədəbi həyata istiqamət verən görkəmli şəxsiyyətlərin diqqətini özünə çəkə bildi və Fridrix Nitsşenin təklifi ilə Münhendə çıxan "Kunstvart" ("Ədəbi icmal") jurnalının redaktorluğuna gətirildi. Bu da öz növbəsində müəllifə ədəbi həyatın mərkəzində dayanmaq imkanı yaratdı.
"Olimpiya baharı" epik poeması (1910) çap olunduqdan sonra Şpitteler Almaniya və İsveçrənin məşhur şairi kimi tanınmağa başladı. Beş kitabdan ibarət olan bu poema mifoloji süjetlərin, alleqoriya və yumorun, ilahiyyat məsələlərinin və sərbəst fantaziyanın qəribə şəkildə çulğalaşdığı mürəkkəb ədəbi konqlomerat idi. "Olimpiya baharı" almandilli poeziyanın parlaq nümunələrindən biri kimi məşhurlaşdı və Şpittelerin Nobel mükafatına gedən yolunda əsas mərhələ oldu.
Bu arada epopeyanın müəllifi mübahisə və diskussiyalardan kənarda, özünə qapılaraq sakit, tənha həyat sürməyə üstünlük verirdi. Birinci Dünya müharibəsi başlayanda İsveçrənin neytrallığını müdafiə etməsi, ölkənin almandilli əhalisinin "irqi müttəfiqlik" zəminində Almaniyanı dəstəkləməsinin yolverilməz olduğunu bildirməsi həmin vaxta qədər almanlar arasında xeyli populyar olan Şpittelerin əleyhdarlarının sayını artırdı. Fransa hökuməti isə dərhal onu müttəfiqə çevirərək fransızdilli Yazıçılar Cəmiyyətinin medalı ilə təltif etdi.
Karl Şpitteler 75 yaşında "misli-bərabəri olmayan "Olimpiya baharı" eposuna görə" Nobel mükafatına layiq görüldü. xəstə yatağında olan laureat Stokholma gələ bilmədiyindən diplom və medal İsveçrə səfirinə təqdim olunmuşdu.
İndi adı və yaradıcılıq irsi unudulmaqda olan Karl Şpitteler öz dövründə böyük nüfuza malik ədəbi şəxsiyyətlərdən sayılırdı. Romen Rollanın yazdığı nekroloqda isveçrəli şair "bizim günlərin Homeri, Höte dövründən bəri ən böyük almandilli şair, Miltonun ölümündən sonra epik janrın yeganə ustadı, müasir ədəbiyyatda əlahiddə yeri olan sənətkar" kimi yüksək epitetlərlə yad edilmişdi.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- 1881 Prometey və Epimetey (alm. Prometheus und Epimetheus)
- 1883 Xariqüladə haqqında (alm. Extramundana)
- 1887 (alm. Ei Ole)
- 1887 Samojeden
- 1887 Hund und Katze
- 1887 Olaf
- 1888 Bacillus
- 1889 Das Bombardement von Åbo
- 1889 Kəpənəklər (alm. Schmetterlinge)
- 1889 Der Parlamentär
- 1890 Das Wettfasten von Heimligen
- 1891 Kolderi klanından olan balaca Fred (alm. Friedli der Kolderi)
- 1891 Qustav (alm. Gustav)
- 1892 Ədəbi pritçalar (alm. Literarische Gleichnisse)
- 1892 Der Ehrgeizige
- 1893 Jumala. Ein finnisches Märchen
- 1896 Balladalar (alm. Balladen)
- 1897 Sen-Qotard dərəsi (alm. Der Gotthard)
- 1898 Leytenant Konrad (alm. Conrad, der Leutnant)
- 1898 "Məzəli həqiqətlər" – tənqidi esselər toplusu (alm. Lachende Wahrheiten)
- 1900 Die Auffahrt
- 1901 Hera die Braut
- 1903 Die hohe Zeit
- 1904 Ende und Wende
- 1905 Olimpiya baharı (epos)
- 1906 Imago
- 1906 Gras- und Glockenlieder
- 1907 Die Mädchenfeinde
- 1920 Meine frühesten Erlebnisse
- 1924 Prometheus der Dulder
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Carl Spitteler // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Шпиттелер Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
- 24 apreldə doğulanlar
- 1845-ci ildə doğulanlar
- 29 dekabrda vəfat edənlər
- 1924-cü ildə vəfat edənlər
- 79 yaşında vəfat edənlər
- Lütserndə vəfat edənlər
- Sürix Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- İsveçrə şairləri
- İsveçrəli şairlər
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- İsveçrəli Nobel mükafatı laureatları