Qırmızı
Qırmızı | |
---|---|
HEX | FF0000 |
RGB¹ (r, g, b) | (255, 0, 0) |
CMYK (c, m, y, k) | (0, 100, 100, 0) |
HSV² (h, s, v) | (0°, 100%, 100%) |
|
Qırmızı və ya qızıl[1] – rənglərdən biri.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.[2]
Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.[3]
Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir. Bu göz ruhu özü qırmızı olmaqla bərabər, geyimi də yalnız və yalnız qırmızı təsəvvür edilmişdir. Bu etiqad azərbaycanlılarda da olmuş və o, əski çağlardan yaşaya-yaşaya gəlib çağımıza da çatmışdır. Belə ki, gözün səyriməsi bizdə həmişə uğursuzluq əlaməti bilinmişdir. Gözün səyriməsi ilə mütləq bir şər, xətalı işin olacağı zənn edilmişdir. Odur ki, səyriyən gözə sağ əllə üç kərə sığal çəkə-çəkə "Xeyirə atırsan at, şərə atırsan yat" ovsun sözləri deməklə bərabər, həmin gözün üst qapağına qırmızı rəngli sap, qırmızı rəngli parça qırıntısı da yapışdırılır. Çox olsun ki, buradakı qırmızı rəngli sap, parça elə göz ruhunun simvoludur. Deməli, bizdə də göz ruhu qırmızı rəngdə düşünülmüş və səyriyən gözə onun nişanəsini yapışdırmaqla xəta-bəlanın sovuşacağına inanılmışdır.
Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Bir vaxt Azərbaycanda nişanlı oğlanlar və qızlar tanınsınlar deyə qırmızı rəngli paltarlar geyərmişlər. Oğlan evindən qız üçün qırmızı rəngli don aparılarmış, qız da nişanlısı üçün qırmızı rəngli köynək toxuyub göndərərmiş. Bununla da onlar ətraflarında olanlardan seçilərmiş. Və hamı onların nişanlı olduqlarını bilərmiş. Bundan savayı, qız gəlin köçəndə də onun başına qırmızı rəngli duvaq örtərmişlər ki, bunun da rəmzi mənası vardır.
Qırmızı rəng həm də Günəşin simvolu sayılır. Şər qüvvələr isə işıqdan, Günəşin yerdəki atributu olan oddan-ocaqdan qorxurlar. Odur ki, ər evinə yola salınan gəlin ata evində odun-ocağın çevrəsinə dolandırılır, evdən çıxarılarkən başına qırmızı rəngli duvaq salınır. Etiqada görə, şər qüvvələr Günəş nişanəsi qırmızı rəngli olanlardan qorxduğu üçün gəlinə ziyan toxundura bilməzlər. Elə "gözəgəlmə", "nəzərəgəlmə" də fəna qüvvələrin əməli sayılıb. Gəlin qırmızı rəngli duvaq örtdüyündən onun üzü görünmür və bu səbəbdən də o, gözdən, nəzərdən qorunur. Bu cəhət öz izlərini bir el söyləməsində də qorumuşdur:
Zülf töküb üzə dilbər,
Çıxıbdı düzə dilbər,
Duvaq salın üzünə,
Gəlməsin gözə dilbər.
Qırmızı rəng bəzən "qızılı", "al" adları ilə də adlanır. Amma bu da var ki, həmin rəng "qızılı", yaxud "al" adlansa da, buradakı təsəvvür elə qırmızıdır. Misal üçün, "Qızıl bayraq", "Qızıl meydan" əslində "qırmızı bayraq", "qırmızı meydan" deməkdir. Al-qırmızı isə rəngin bilavasitə tünd çalarlı olmasına işarədir. Düzdür, "al"ın dilimizdəki mənaları çoxdur və o, həm də aldatma, yalan, hiylə deməkdir. Misal üçün, biri başqasını aldadanda, yalan danışanda, hiylə işlədəndə "o, bunu al dili ilə eləyib" deyilir. Maraqlıdır ki, məhz bu deyilənlərlə uyuşan "qırmızı yalan" ifadəsi də dilimizdə vardır.
Rənglər insan həyatında
[redaktə | vikimətni redaktə et]Qırmızı rəngi xoşlayanlar birmənalı olaraq ehtiraslıdırlar. Lider olmağı çox xoşlayırlar. Nadir hallarda vicdan əzabı çəkirlər, ona görə də onları nahaq yerə tənqid etməyin, səhvlərini boyunlarına almaq əvəzinə əsəbiləşəcəklər. Həyatı çox sevirlər, arzularının yerinə yetməsinə demək olar ki, həmişə nail olurlar. Onların hobbisi istənilən məşğuliyyət ola bilər, təki risklə bağlı olsun. Ovçuluqdan tutmuş, maşın yarışlarınadək. Özlərindən tez çıxır, barıt kimi partlayır, ancaq kin saxlamır, tez də soyuyur, bağışlayır, barışırlar. Adətən qırmızı rəngi Mars planetinin rəngi ilə uyğunlaşdırır, müharibə, dava simvolu kimi insanlara da aid edirlər.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ""Qırmızı" deməkdir. Kök qız yox, qır olub. Metalın bu növü qırmızı olduğu üçün (rənginə görə) belə adlanıb; köz (qızmaq) sözü ilə bağlıdır (köz rəngində olan). (Bəşir Əhmədov. Etimologiya lüğəti)". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
- ↑ "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-31.
- ↑ "Tənbəllik yaradan rənglər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-11.
- ↑ "Rənglər haqqımızda nə deyir?". 2012-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
Veb rəngləri | Qara | Gümüşü | Boz | Ağ | Qırmızı | Çəhrayı | Tünd qırmızı | Bənövşəyi | Açıq bənövşəyi | Yaşıl | Açıq yaşıl | Zeytun | Sarı | Narıncı | Göy | Tünd göy | Firuzə | Mavi |
Yazılış | black | silver | gray | white | red | pink | maroon | purple | fuchsia | green | lime | olive | yellow | orange | blue | navy | teal | aqua |