Sevasti Kallisperi
Sevasti Kallisperi | |
---|---|
yun. Σεβαστή Καλλισπέρη | |
Doğum adı | Σεβαστή Καλλισπέρη |
Doğum tarixi | 1858 |
Doğum yeri |
|
Vəfat tarixi | 1953 |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | müəllimə, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Sevasti Kallisperi (yun. Σεβαστή Καλλισπέρη; 1858, Afina – 1953, Afina) — Yunanıstanın ilk ali təhsilli qadını.[1] O, həmçinin doktorluq dərəcəsini alan, eləcə də universitet təhsili əsasında müəllim kimi fəaliyyət göstərən ilk yunan qadını hesab olunur.[2] Həmişə qadınların təhsilinin tərəfdarı olan Sevasti qəzet və jurnallarda məqalələr yazır, həmçinin Yunanıstan parlamentinə təhsil islahatları üçün qanun layihələri təklif edirdi. Məktəb müfəttişi kimi Yunanıstanın bütün bölgələrində olan Sevasti sonralar təhsil sistemlərini öyrənmək məqsədilə ABŞ-yə uzunmüddətli səyahət etmişdi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Sevasti Kallisperi 1858-ci ildə Afinada Nikolas və Mariqo Kallisperinin ailəsində anadan olub. Onun əslən Kalimnosdan olan atası Yunanıstan İstiqlaliyyət müharibəsində xidmət etmiş zabit idi və müasir Yunanıstan dövləti qurulduqdan sonra bir neçə mühüm vəzifələrdə, o cümlədən Samos Dövlət Məktəblərinin Müfəttişi (1830), Afina hakimi (1844) və Messeniya prefekti (1855) kimi çalışmışdı. Samosda işlədiyi dövrlərdə Nikolasın təşəbbüsü ilə şəhərdə bir neçə ibtidai məktəb açılmışdı. Cütlüyün üç övladı var idi və təhsilin dönməz tərəfdarları idilər.[3] Sevastinin qardaşı Corc 1897-ci ildə Osmanlı–Yunanıstan müharibəsində əsgər kimi xidmət etmişdi.[4]
Kallisperi olduqca nüfuzlu özəl qızlar məktəbi olan Hill Qızlar Məktəbində təhsil alıb. O zamankı Yunanıstan hökumətinin mövqeyinə görə qızların təhsil almasına ehtiyac yox idi və dövlət məktəbləri yalnız oğlan şagirdlər üçün açıq idi. Bəzi özəl məktəblərdə qızlara evi idarə etməyi, həyat yoldaşı və ana olmağı öyrətmək üçün nəzərdə tutulmuş kurslar var idi. Özəl məktəblərdə tədrisin müddəti dövlət məktəblərində oğlanlar üçün nəzərdə tutulmuş müddətdən qısa idi. Qızlar özəl məktəbdə oxumağa davam etdikləri halda onlara məzun olduqdan sonra universitetə qəbul tələblərinə cavab verməyən diplom verilirdi. Həmin diplom qadınların yalnız ictimai işlərdə və müəllim kimi işləməyinə imkan verirdi.[3]
Hill Qızlar Məktəbindən diplomunu aldıqdan sonra Sevasti öz hazırlığının oğlan şagirdlərin təhsilinə bərabər olmasını təmin etmək üçün fərdi dərslər almağa başladı.[3] O, 1884-cü ildə Afina Universitetinə daxil olmaq üçün müraciət etdi. Həmin dövrdə qadınların ali təhsil alması dəstəklənməsə də, Kallisperi fəlsəfə üzrə qəbul imtahanına buraxılmışdı.[5] İmtahanı universitetin on professoru keçirirdi.[3] İmtahandan keçdikdən sonra Təhsil Nazirliyi imtahanı keçirən müəllimlərin imzalarını təsdiqləməkdən imtina etdi və beləliklə, Kallisperinin universitetə daxil olmasına icazə verilmədi.[5][6] Prosesdən şikayət edən Afina meri imzaları təsdiqlədi və ona dövlət orta məktəbi diplomu verdi, lakin Sevastinin universitetə qəbulu hələ də rədd edilirdi. Sevasti xaricdə təhsilini davam etdirmək üçün təqaüdə müraciət etdi, lakin hökumətin bu tələbi təmin etmək üçün vəsaiti yox idi.[3] Nəhayət, 1885-ci ildə atası Sevastini Paris Universitetinə göndərməyə razı oldu.[3][6]
Parisə gələn Kallisperi daha bir imtahan verməli oldu və sonra fəlsəfə fakültəsinə qəbul olundu. 1891-ci ildə doktorluq dərəcəsi ilə məzun olan[3] Sevasti bununla da universitet dərəcəsi qazanan ilk yunan qadın oldu.[1][2] Bununla yanaşı, 139 tələbə arasında yeganə qadın olan Sevasti universiteti fərqlənmə ilə başa vurmuşdu.[1] Təhsilini başa vurduqdan sonra Kallisperi Yunanıstana qayıtmazdan əvvəl Sevr və Kembric məktəblərində təcrübə keçmişdi.[3]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1892-ci ildə Yunanıstana qayıtdıqdan sonra Kallisperi Arsakion məktəbində fransız dili müəllimi kimi işə götürüldü. O, 1895–1898-ci illərdə məktəbdə yunan dilini də tədris edirdi. Həmin müddət ərzində Kallisperi öz evində qızlara etika, tarix, yunan və fransız ədəbiyyatı və psixologiyadan xüsusi dərslər verirdi. O, 1895-ci ildə Arsakion məktəbində işdən ayrıldı və qız məktəblərində təhsil müfəttişi vəzifəsinə işə qəbul olundu.[3] Beləliklə, Sevasti bütün Yunanıstana səyahət etmək imkanı əldə etdi. O, ölkədə yeganə qadın müfəttiş idi.[7] Sevasti həm müəllimlərin hazırlanması, həm də əsas təhsildən əlavə digər peşə bacarıqlarının təmin edilməsi təkliflərini özündə əks etdirən təhsilin təkmilləşdirilməsi üsulları haqqında məqalələr dərc etməyə başladı. 1897-ci ildə "Ailə" jurnalı Kallisperinin "Qadınların təhsil sistemində islahatlar aparmaq üçün" adlı məqaləsini nəşr etdi.[3] Elə həmin il Kallisperi digər feministlərlə birlikdə Qadın Təhsili Birliyini təsis etdi və "Thalia" və "Euridice" kimi jurnallarda məqalələr nəşr etməyə başladı.[2] O, 1899-cu ildə bu ideyaları genişləndirərək parlamentə qadınlar üçün təhsilin yaxşılaşdırılmasını tələb edən iki qanun layihəsi təqdim etdi və 1904-cü ildə Birinci Yunan Təhsil Konfransında arıçılıq, baramaçılıq və bağçılıq kimi praktiki bacarıqların tədrisini təklif etdi.[3]
Sevasti 1906-cı ildə Bostonda üç ildən bir keçirilən Dünya Qadın Xristian Mötədil Birliyinin tədbirinə Yunanıstan hökuməti tərəfindən nümayəndə kimi göndərildi. Onun ABŞ-yə səfəri həm də Yunanıstanda həyata keçirilə biləcək ideyalar əldə etmək məqsədilə Boston, Filadelfiya və Nyu-Yorkdakı dövlət məktəblərinin qiymətləndirilməsi ilə müşayiət olunmalı idi.[7] Beş il ABŞ-də qalan Sevasti bu müddət ərzində kənd təsərrüfatı məktəblərində təhsil almaq üçün Ohayo, Kolorado və Yutadakı yunan icmalarını ziyarət etdi və 1908-ci il Analar Konqresində iştirak etmək üçün Vaşinqtona qayıtdı.[1][3] Yunanıstana qayıdan Kallisperi nəşr etdirmək üçün məqalələr yazdı və Yunanıstanda təhsil sistemini təkmilləşdirmək üçün qanun layihələri hazırladı. Təhsili təkmilləşdirməyə çağırışlar etməklə yanaşı, o, qədim yunan ədəbiyyatının təhlili, xarici ədəbiyyatlardakı pyeslərin tərcüməsi ilə məşğul olur, şeir yazır və xatirələrini nəşr etdirirdi.[3]
Ölümü və xatirəsi
[redaktə | vikimətni redaktə et]Kallisperi 1953-cü ildə Afinadakı evində vəfat etdi.[3] 1907-1919-cu illərdə Sevasti və qardaşı Corc Afinada 4 bitişik torpaq sahəsi almışdılar və 1911-ci ildən başlayaraq neoklassik ev də daxil olmaqla həmin ərazidə bir neçə bina tikmişdilər.[4] Sevasti ölümündən sonra həmin evi qızların təhsilinə kömək etmək məqsədilə bir fond yaratmaq üçün Yunanıstan hökumətinə vəsiyyət etmişdi. Hökumət isə heç vaxt belə bir fond yaratmadı və həmin əmlak Halandri şəhərindəki qızlar liseyi tərəfindən alınana qədər bir neçə onilliklər ərzində istifadəsiz qaldı. Daha sonra həmin əmlak Halandri bələdiyyəsinin mülkiyyətinə keçdi və 2010-cu ildə binanın qorunan abidə elan edilməsi prosesi başladı. Qeyd edilən status nəhayət 2012-ci ildə təsdiqləndi.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 The Washington Times, 1908. səh. 12
- ↑ 1 2 3 Kaplan, 2012. səh. 212
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Μπέλλα, 2014
- ↑ 1 2 Kathimerini, 2012
- ↑ 1 2 Δαμιανός, 2011
- ↑ 1 2 Tzanaki, 2009. səh. 147
- ↑ 1 2 The Times-Democrat, 1906. səh. 14
- ↑ The Press Project, 2012
Ədəbiyyat siyahısı
[redaktə | vikimətni redaktə et]- Μπέλλα (Bella), Μαριάνθης (Μαριάνθης). "Σεβαστή Καλλισπέρη (1858-1953)" [Sevasti Kallisperi (1858-1853)]. Criticeduc.blogspot (Greek). Κριτικη Παιδαγωγικη (Critical Pedagogy). 7 September 2014. 11 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2017. Author is a French Professor. Self-published, but with references .
- Δαμιανός (Damianos), Γιώργος (George). "Οι πρώτες ελληνίδες στο πανεπιστήμιο (ως φοιτήτριες και ως καθηγήτριες)" [The first woman to university (as student or professor)]. Ebooks Education Greece (Greek). Athens, Greece: περιοδικό 24 Γράμματα (24 Letters Magazine). 11 September 2011. 12 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2017.
- Kaplan, Gisela. Contemporary Western European Feminism. 4. London, England: Routledge. 2012. ISBN 978-0-415-63681-0.
- Tzanaki, Demetra. Women and Nationalism in the Making of Modern Greece: The Founding of the Kingdom to the Greco-Turkish War. St. Antony's College, Oxford. Houndmills, Basingstoke, Hampshire, England: Palgrave Macmillan UK. 2009. ISBN 978-0-230-23445-1.
- "Charming Greek Delegate to Tell Mothers' Congress about her Country Women". The Washington Times. Washington, D.C. 10 March 1908. İstifadə tarixi: 11 January 2017 – Newspapers.com vasitəsilə.
- "Eve Up to Date: A Department for Women". New Orleans, Louisiana: The Times-Democrat. 29 October 1906. İstifadə tarixi: 11 January 2017 – Newspapers.com vasitəsilə.
- "Μνημείο χαρακτηρίστηκε η νεοκλασική οικία Καλλισπέρη" [Memorial featured neoclassical Kallisperi house]. Katimerini (Greek). Athens, Greece. 13 December 2012. 11 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2017.
- "Διατηρητέο μνημείο η "οικία Καλλισπέρη"" [Monument "Kallisperi house" Preserved] (Greek). Athens, Greece: The Press Project. 20 December 2012. 11 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2017.