Çin tarixi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Çin tarixiÇin Xalq Respublikasının ən qədim dövrlərdən bu günədək olan tarixi.

Qədim Çin tarixinin əfsanə dövrü

[redaktə | vikimətni redaktə et]

Arxeoloji məlumatlar göstərir ki, Çin bəşəriyyətin əcdadlarının ilk beşiklərindəndir. 1923-cü ildə Pekin yaxınlığında tapılan "pekin insanı"nın (Sinanthropus pekinensis) qalıqlarının tarixi 400–300 min il əvvələ gedib çıxır. "Müasir insan"ın (Homo sapiens) ilkin forması Çində təxminən 40 min il əvvəl yaranıb.

E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-qərb vilayətlərində (Xenan əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və donuz saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar.

E.ə. 3-cü minilliikdə şimal-şərq vilayətlərində (Şandun əyaləti) Lunşan son neolit mədəniyyəti meydana gəlir. Şan-İn sülaləsində olduğu kimi Lanşon mədəniyyətində də gümüş ox ilə heyvanların sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi.

Lunşan mədəniyyətinin ardınca mərkəzdə və Xenaninin qərbində və Şansinin cənu

Sülalələrin dünyagörüş təyinatını ifadə edən adlar da mövcud idi. Öz növbəsində sülalə dövrləri hökmdarların "hakimiyyət dövrünə" bölünür. Əvvəllər bu dövrlər ancaq hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 163-cü ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş hakimiyyəti dövründə ardıcıl olaraq bir neçə müxtəlif devizə malik ola bilərdi.

Çin tarixşünaslıq ənənəsində ilk sülalə Sya adlanır (E.ə. 2205 — E.ə. 1766-cı illər). Lakin əsaslı arxeoloji məlumatların olmaması hələ ki, onu tarixi reallıq kimi qəbul etməyə imkan vermir. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 — E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi.

Şan sülaləsi

[redaktə | vikimətni redaktə et]

O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Xan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı. Paytaxtın Anyana köçürülməsi İn mədəniyyətində bir sıra inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının və kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin inkişafı, şum təmizləmə əkinçiliyinə keçid və at qoşqulu arabadan istifadənin başlanmasıdır.

Xan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, ipəkçiliyin və ipək toxuculuğun inkişafı isə yüksək səviyyəyə çatdı. Bu dövr haqqında məlumatlar tısbağa qınından və gələcəkdən xəbər vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan lövhələrdəki yazılarda qalmışdır. Şan dövründə istehsal olunmuş bir neçə üstü yazılı gümüş qab aşkara çıxarılmışdır. O, hər kəsin məhdud hüquq və vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar cəmiyyət idi. Məsələn, əgər sən kəndlisənsə, müəyyən ölçüdə olan, həsir damlı evdə yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram günləri istifadə etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. Bu iyerarxiyada ən yüksək mövqeyi hərbçilər, sonra əkinçilər, sənətkarlar tutur, ən aşağı səviyyədə isə ticarətçilər və aktyorlar dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə məşğul olan insanlara hörmətlə yanaşmırdılar. Ən nəcib iş hərbçi peşəsi, sülh dövründə isə əkinçilik sayılırdı. Hətta imperator da öz tarlasının becərir və məhsul toplayırdı.

Xan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da böyük olmayan hissəsini əhatə edirdi. Şərqdən o, Sarı dənizə qədər, qərbdə – Vey çayının mənşəyinə, şimaldan demək olar ki, sonralar Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər çatırdı.

E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını qurdu.

Çjou sülaləsi

[redaktə | vikimətni redaktə et]

Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100 — E.ə. 221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122 — E.ə. 771-ci illər) və Şərqi Çjou (Sonrakı) (E.ə. 770 — E.ə. 256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722–481 və 481–221-ci illər. Çjou hökmdarlarının ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında). Sonralar Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan şəhəri yaxınlığında).

Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta dövləti – Cun Quo konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin, Sun, Lu, Yus, U mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz. Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab nöqtəsidir, geridə qalanlar isə – barbarlardır. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.

Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə. 476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik hökmdarlıqlar yarandı.

Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi məhz bu zamanda yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən əxlaqi-etik normalar tətbiq etmişdir.

Bununla belə, bu dövr bəşər tarixinə həmçinin dəmirin əridilməsi texnologiyasının, baltadan, kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması dövrü kimi də düşmüşdür. Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı. Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.

E.ə. IV–III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Sin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228 — e.ə. 221-ci illərdə isə digər hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.

Sin Şi Xuandi Vuruşan hökmdarlıqların separatizminə son qoyaraq Çin tarixində ilk dəfə çoxmillətli mərkəzləşdirilmiş dövləti – Sin imperiyasını yaradır.

Erkən imperiya dövrü

[redaktə | vikimətni redaktə et]

Sin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam edən dövr Çin tarixində Erkən İmperiya dövrü adlanır. Sin imperiyası cəmi 14 il mövcud olmuşdur. Lakin bu dövrdə çoxlu sayda islahatlar həyata keçirilmişdir: ölkənin inzibati-ərazi dairələrinə bölünməsi; mərkəzləşdirilmiş idarəetmə orqanlarının yaradılması; pul, ölçü və çəki vahidlərinin unifikasiyası; yazının nizama salınması və s. Böyük Çin səddinin tikilişi də bu dövrdə başlayır. Divarın ayrı-ayrı hissələri artıq səkkiz hökmdarın dövründən mövcud idi, lakin əsasən şimal və qərbdən köçəri tayfaların hücumları təhlükəsi ilə əlaqədar onların birləşdirilməsi və gücləndirilməsi tələb olunurdu. Bu tikintiyə imperator Sin Şixuandi çox böyük sayda insan – səkkiz hökmdarın süqutu nəticəsində ələ keçirilmiş əsirləri və həmçinin torpaqsız kəndliləri cəlb etmişdi. Bununla əlaqədar konfutsiçilər imperatoru despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başladılar, o isə öz növbəsində e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını yandırmağı, 416 konfutsiçini isə boğaza qədər torpağa basdırmaqla əzabverici ölümə məhkum etdi.

O, öz şəxsi fəlsəfəsinə (legizm) ehtiyac olduğundan fa-tszyanı yaratdı. Fa – Çin dilində qanun, tszya – isə ailə, qrup deməkdir, yəni qanunlar külliyatı. Bu fəlsəfənin tərəfdarları konfutsiçiliyi özlərinin qatı düşməni hesab edirdilər, belə ki, Konfutsi ön plana əxlaqi keyfiyyətləri çəkirdi və qaydalara riayət etməyi təkcə sıravi vətəndaşlardan deyil, imperatordan da tələb edirdi. Fa-tszyanın ardıcılları birbaşa bəyan edirdilər ki, əxlaqla siyasət bir araya sığmır. Hökmdar nəyi lazım bilirsə, o da edilməlidir, çünki o, qanunların yaradıcısıdır.

Sin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Sin Şixuandinin ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu Banın başçılığı altında qiyamçı dəstələr Sin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə ki, Sinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar. E.ə. 202-ci ildə Lyu Ban özünün əsas və sonuncu rəqibini – zadəgan ailəsindən olan general Syan Yuyanı məğlub etdi. Qao-tszu, "Ali ulu əcdad" titulunu qəbul edib Xan sülaləsinin əsasını qoydu, bu da Qədim Roma, Xristianlıq və Məsihlə bir dövrə təsadüf edirdi. Lyu Ban Çanan şəhərini imperiyanın paytaxtı elan etdi.

Sin sülaləsi Döyüşən çarlıqlar dövründə (e.ə. 4–3-cü əsrlərdə) qələbə çaldı və hakimiyyəti ələ aldı (e.ə. 221 – e.ə. 206). Çin sözü də məhz Sin sülaləsinin adı ilə bağlıdır. E.ə. 221-ci ildə Sin dövlətinin hökmdarı imperator titulunu qəbul edərək özünü Sin Şi Xuandi (Çinin birinci hökmdarı) adlandırdı. Onun dövründə Çin ilk dəfə Vahid dövlətdə birləşdirildi, böyük Çin səddi inşa olunmağa başlandı, Çin 36 vilayətə bölündü, vahid çəki, ölçü, pul və yazı sistemi yaradıldı və vahid qanunlar qəbul olundu.

Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.

Bu dövrlər arasındakı eramızın 9–25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.

Erkən Xan Sin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140 — E.ə. 87) mərkəzi hakimiyyətin gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Sin dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir. Xan dövrünün əvvəlində hökumət daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (e.ə. 179–122-ci illər) özünün kifayət qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə maraq yaranır, bu da filosof Dun Çjunşu (e.ə. 179–104-cü illər) tərəfindən həyata keçirilir. Qanuni inzibati metodların və konfutsiçiliyin əxlaqi dəyərlərinin kombinasiyası Çin imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir. Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların sistemləşdirilməsi və bərpası üzrə böyük işlər gördülər. Xan dövründə "Dəyişikliklər kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və rəqəmlər haqqında təlimdə" formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e. 27–97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir.

Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Xan hökmdarları xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-cü ildə imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Utszin (Şitszin – "Nəğmələr kitabı", Litszin – "Ayinlər kitabı", Şitszin – "Tarix kitabı", Çjoun – "Dövrü dəyişikliklər", Çuntsyu – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və "Altı sənət"dən digərləri öyrənilirdi. Təlimlər "Boşi" (doktor) adına malik və Udiy sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü imtahan verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə seçim sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər möhkəmləndirilmiş və tətbiq edilmişdir.

İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci ildə tələbələrin sayı üç minə qədər artmışdı, sonrakı Xan dövründə isə onların sayı təqribən otuz minə çatmışdı.

Bu sülalənin ən parlaq nümayəndəsi tamamilə konfutsiçiliyə qayıdan beşinci imperator Udiy (e.ə. 140–87-ci illər) olmuşdur. Öz hakimiyyət dövrünün quldarlıq cəmiyyətindən feodalizmə keçidlə üst-üstə düşməyi faktını nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik feodal cəmiyyətinin və ümumiyyətlə istənilən hökmran cəmiyyətin ideya istinadgahıdır. İmperator Udiy deyirdi ki, dövlət vəzifəsi tutmaq üçün Konfutsinin müqəddəs kitablarındakı mətnləri bilmək lazımdır. Onun hakimiyyəti dövründə Çin çox gücləndi. İmperator Udiy hunlarla uğurlu döyüşlər apardı; ilk dəfə olaraq Cunqariyadan və Qaşqardan Avropaya ipək yolu saldı, baxmayaraq ki, o, həmin vaxt belə adlanmırdı, Vyetnamdan Quandum və Quansini zəbt etdi, Koreyanı istila etdi, yəni Çin imperiyası az qala bugünkü miqyaslara gəlib çatdı. Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır. Bu sülalənin bir xarakterik cəhəti vardır: iki min illik hazırkı Çin milli memarlığı da o dövrdə yaranmışdır.

İmperator Udiyin zamanında Sı Ma Tsyan adlı çox böyük bir şəxs yaşayırdı, o, Çin tarixşünaslığının əsasını qoymuş və ilk dəfə olaraq tarixi monoqrafiyanın kompleks prinsipini tətbiq etmişdir. O, "Şi Tszi" adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə traktlatlarla bir-birini əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou sülaləsinin ətraflı tarixini yazmaları ilə əlaqədar olaraq bir sülalənin ondan əvvəlki sülalənin tarixini yazmaq ənənəsi yaranmışdır, həm də bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan tarixini Çin mənbələrindən öyrənirlər.

Erkən və Sonrakı Xan hökmranlıqları dövrü arasında, daha dəqiq e. 9–25-ci illərində Sin – "Yeni" imperiyası mövcud olmuşdur. Öz hakimiyyətinin lap əvvəllərindən imperator Man Van islahatlara başladı ki, bunların da əsas məqsədi dövlət hakimiyyətinin möhkəmləndirilməsi və ilkin Çjou qanun-qaydalarının bərpası idi. Lakin Van Manın şöhrətpərəst niyyətləri onu özlərinə əngəl törədəcək heç bir dəyişikliyi arzulamayan mülkədarlardan uzaq saldı. Digər tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından məyus olmuşdular.

11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv edib tarlaları basaraq məcrasını dəyişdi. Ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı. Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi.

Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu zadəganların və məmurların bir hissəsini ətrafında birləşdirib qiyamçıları sarsıdıcı məğlubiyyətə uğratmağa nail oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25–220-ci illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.

Şərqi Xan sülaləsi hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları ilə mübarizə davam edirdi, bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə qulu azadlığa buraxdı. Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı.

Sonrakı Xan dövründə əvvəllər itirlmiş ərazilərin bərpası üçün çox cəhdlər edildi. Köçəri hunlarla mübarizədə qələbə çalındı. 73-cü ildə kiçik dəstə ilə şimal qərb sərhəddindəki müttəfiq tayfalara kömək göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə qədər gedib çıxmışdır. 91-ci ildə o, hunlara sarsıdıcı zərbə vurdu, 97-ci ildə isə Baktriyaya daxil oldu. 101-ci ildə Çinə qayıdan general, Roma imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində Böyük ipək yolunu bərpa etmək mümkün oldu ki, bunun da vasitəsilə Çin Aralıq dənizinə ipək, zərxara, bəzək məmulatları və çini qab idxal edirdi. Şərqi Xan sülaləsi zamanında incəsənət, təhsil və elm çiçəkləndi. Tarix və lüğətlər yazıldı. Daha qədim zamanların klassik əsərləri yığıldı. Imperator Çjan-linin hakimiyyəti dövründə (75–88-ci illər) Bayxuquan zalında dövlət ideologiyası prinsiplərinin işlənib hazırlanması məqsədilə klassik kitabların müzakirəsi keçirilmişdi.

Eramızın I əsrində Hindistandan Çinə buddizm daxil olur. Buddist missioner An Şiqao 148-ci ildə Loyana gəlib çıxır, bunun da nəticəsində Çində buddist mətnlərin tərcüməsi həyata keçirilməyə başlanır.

Şərqi Xanın sonrakı dövrlərində saray xadimlərinin güclənməsi ucbatından imperiyanın siyasi həyatı çox əziyyət çəkirdi. Nüfuzlu regional vəzifəli şəxslər mərkəzi hakimiyyəti saymamağa başladılar. Əyanlar və sərkərdələr arasında mübarizə başladı.

Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb oldu. Yəni 60 illik tsiklin başlanğıcı olaraq 184-cü ildə "sarı sarıqlılar" üsyanı baş qaldırdı, onun nümayəndələri fərqlənmək üçün başlarında sarı sarıq gəzdirirdilər. Üsyana dao müəllimi Çjan Tszyue başçlıq edirdi, o, "böyük səadət yoluna" (taypin dao) əsaslanmalı olan yeni qanun-qayda yaratmağa çağırırdı. Qiyamçılar iki mindən çox əyanın qırğınını törədən və bir-birinin ardınca diktatora çevrilən generalların tərəfinə keçdilər. 207-ci ildə ölkənin şimalında diktator sərkərdə Tsao Tsao hakimiyyətə gəldi. Tsao Tsaonun ölümündən sonra onun oğlu Tsao Pey gücsüz Xan imperatorunu hakimiyyətdən uzaqlaşdırıb Vey hökmdarlığını yarada bildi. Bu Xan sülaləsinə son qoydu.

Çində feodal münasibətlərinin yaranması

[redaktə | vikimətni redaktə et]

III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal münasibətləri yaranmağa başladı. Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi, Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə vergi verirdilər.

Kəndlilər ailəsi ilə birlikdə torpağı becərir, məhsulu qoruyur məhsul hazır olanda vergi məmurlarına töycü və dövlət vergisi verirdi. Kəndlilər məhsul vergisi ilə yanaşı, ağır mükəlləfiyyətlər də yerinə yetirir, yəni saraylar, məbədlər, qalalar tikir, suvarma sistemi çəkirdilər.

VI–VII əsrlərdə Çində iri torpaq sahibi olan xüsusi "güclü ailələr" var idi. "Güclü ailələr" kəndlilərin torpağını ələ keçirir, onları özlərindən asılı olan icarədarlara çevirirdilər, nəticədə dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. Çində bir-birini əvəz edən sülalələr kəndlilərin narazılığının qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək üçün tədbirlər görür, "güclü ailələr"in torpaqlarını müsadirə edib kəndlilərə paylayırdılar. Beləliklə, III–VII əsrlərdə Çində dövlətin "güclü ailələr"ə qarşı mübarizə aparmaqda məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək idi.

Çində dövlət feodalizmi formalaşırdı. Ən böyük torpaq sahibi olan imperator hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq sahələri paylayır, bununla da xüsusi torpaq mülkiyyətinin inkişafına şərait yaradırdı. Bu torpaqlarda əldə edilən məhsuldan bir hissə dövlətə verilir, digər hissə mülkiyyətçiyə qalırdı. Feodalizmin inkişafı nəticəsində varlanan feodallar VII əsrdən başlayaraq dövlət torpaqlarını özbaşına tutmağa başladılar. Həmin ərazidə yaşayan kəndlilər feodallardan asılı kəndliyə çevrildilər. Kəndlilər feodala vergi (töycü) verməli, onun üçün əvəzi ödənilməyən işlər görməli, yəni biyara getməli idilər,

İmperiyanın bərpası. Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586–618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi.

VI əsrin sonu VII əsrin əvvəllərində Yantszı və Xuanxe çaylarını birləşdirən, uzunluğu 1700 km olan Böyük kanal çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.

Çin yeni inkişaf mərhələsinə doğru. VII əsrin əvvəllərində Çində hakimiyyət 289 il hökmranlıq etmiş Tan sülaləsinin (618–907) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu "Səma oğlu" adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü.

Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı. Ölkənin daxilində Böyük kanaldan da ticarət üçün istifadə edilirdi. Sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər böyüyüb genişlənirdi.

Türklər və Çin

[redaktə | vikimətni redaktə et]

Erkən orta əsrlər boyu Çin öz daimi qonşuları olan türklərlə müəyyən münasibət saxlamağa məcbur olmuşdu. Bu dövrdə türklər Çin üçün böyük təhlükə idi. VI əsrdə Göytürk dövləti geniş bir ərazini əhatə edəndə Çin hökmdarları onunla hesablaşmışdılar. Məsələn, Göytürk imperatoru Tononun hakimiyyətə gəlməsi münasibətilə Çin nümayəndəsi ona 100 top ipək gətirmişdi.

VI əsrin sonunda Böyük ipək yolunun şərq hissəsinə nəzarət uğrunda türklərlə Suy imperatoru mübarizə aparırdı. Çinlilər Göytürk dövlətindəki daxili çəkişmədən istifadə etdi. Türklər çinlilərin əsarəti altına düşdülər. Lakin VII əsrin 80-ci illərində türklər əsarətdən azad oldular, İkinci Göytürk imperatorluğunu yaratdılar.

Hua Mulan

Yuan sülaləsi

[redaktə | vikimətni redaktə et]
Çində hökmdarlıq etmiş son Yuan hökmdarı Toqhon Teymur

Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur.

Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək. Lakin bu ümidlər doğrulmadı. Monqollar 1235-ci ildə çjurçjenləri darmadağın edib Çinin cənubuna istilaçı yürüşlərə başladılar və bu da 1280-ci ildə müvəffəqiyyətlə nəticələndi.

Bu dövrdə hakimiyyətdə olan Çingizxanın nəvəsi Qubilay qaan monqolların paytaxtını Qaraqorumdan Daduya (indiki Pekin) köçürdü. O, özünü Çin imperatoru elan etdi və və bununla da "Əzəli" mənasını verən Yuan sülaləsinin əsasını qoydu. Bu ad monqolların dünyəvi hakimiyyətinin uzun bir erasının başlanğıcını göstərmək məqsədilə seçilmişdir.

Monqolların Çində hakimiyyəti yüz ildən az çəkdi. Monqolların ilkin planı Çin ərazisini böyük bir otlağa çevirmək idi. Lakin Xubilayın monqol olmayan müşavirləri onu ölkəni idarə etməkdə Çin metodlarından istifadənin səmərəlliliyinə inandırdılar. Monqollar inzibati idarəetmə aparatını öz əllərinə götürərək aşağı vəzifələri əcnəbilərə etibar edir, Çin aristokratiyasını isə hakimiyyətə buraxmırdılar. Ölkənin yerli əhalisi üçün hər cür qadağalar qoyulmuşdu. Onlara gecələr çölə çıxmaq və hər hansı bir yığıncaq keçirmək qadağan idi. Kəndli və sənətkarlara ağır vergilər qoyulmuşdu. Çin tacirləri böyük rüsumlar verməyə məcbur idilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra monqollar bəzi güzəştlərə yol verirlər.

1315-ci ildə dövlət qulluğuna qəbul üçün imtahan sistemi tətbiq olunmağa başladı, burada da Çinli olmayanlar üçün çoxlu güzəştlər nəzərdə tutulmuşdu. Ənənəvi Çin elmləri arasında təbabətə üstünlük verilirdi ki, bundan da monqollar öz döyüşçülərinin sağlamlığını qorumaq üşün istifadə etmək istəyirdilər. Yuan dövründə avropalılar səyyah və tacirlərdən Çin haqqında məlumatlar almağa başladılar. Çin haqqında ən maraq doğuran məlumatlar Venesiyalı tacir Marko Poloya aiddir. Çinə 1275–1292-ci illərdə səyahətindən sonra Marko Polo evinə qayıdır və Çin adlandırdığı yüksək sivilizasiyalı ölkə haqqında kitab yazır. 1294-cü ildə Xubilayın ölümündən sonra gələn zəif və səriştəsiz hökmdarlar sırası monqolların mənfur hakimiyyətini daha da dözülməz etmişdi. XV əsrin ortalarında Çində bir çox gizli cəmiyyətlər meydana gəlir. Onlardan ən fəalı ölkənin şimalında yaranan və özünü budda Maytreyinin təcəssümü elan edən Xan Linerin rəhbərlik etdiyi "Ağ lotos" təşkilatı idi.

Qırmızısarıqlılar üsyanı

[redaktə | vikimətni redaktə et]

1356-cı ildə Xan Linberin davamçısı, Budda monaxı Çju Yuançanın başçılıq etdiyi kəndli ordusu Nankini tutur. On il ərzində Çju Yuançan Çinin mərkəzi vilayətlərini özünə tabe edir və Yantszı çayına gəlib çatır. 1368-ci ildə o, özünü yeni Min sülaləsinin ("Aydınlıq") imperatoru elan edərək tay-tszu titulunu götürür və Yantszı çayının aşağı axarı Nankini özünün paytaxtı təyin edir. Az sonra elə həmin il o, Yuanın paytaxtı Pekini tutur. Çinin qalan ərazilərini monqollardan təmizləmək üçün ona daha 20 il lazım olur.

Min sülaləsi 1368–1644-cü illərdə Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu dövrdə yenidən inkişaf etməyə başlamışdı. İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 15 əyalətə bölünmüşdü. İmperator Tay-tszu, hökuməti Tan sülaləsi prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna görə də o, ətarfına vicdanlı məmurları yığıb Böyük katiblik yaratmalı oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.

İmperator Çju Dinin (1402–1424) portreti

Tay-tszunun əmri ilə bütün ölkədə qəza, mahal və vilayət məktəbləri yaradıldı. Bu məktəblərin daha qabiliyyətli şagirdləri paytaxt məktəbinə — Qotszıtszyana üz tuturdular. Bu məktəbinməzunları dövlət imtahanı verməyə buraxılırdılar. Bundan əlavə əyalətlərdə ilkin imtahan vermiş şəxslər də imtahanlardan keçə bilərdilər. 1385-ci ildə "məmur istehsalı" sistemində köklü dəyişikliklər edildi. Əgər sınaqdan keçən şəxs imtahanlarda birinci və ya ikinci dərəcəli tszinşi kateqoriyası alırdısa, onu Xanlin Akademiyasında xidmətə göndərirdilər ki, buradan da o, yüksək dövlət vəzifəsinə təyin oluna bilərdi. İmperator Çju Yuançjanın bu və digər islahatları ona gətirib çıxardı ki, onun hakimiyyəti dövründə dövlət imtahanlrı düz XX əsrin sonuna qədər demək olar ki, dəyişiklikliyə uğramadan fəaliyyət göstərən sistem şəklini aldı. Nankindəki ilk paytaxt Çinin iqtisadi cəhətdən uzaq rayonunda idi. Buna görə də vətəndaş müharibəsindən sonra taxt-tacı ələ keçirmiş imperator Çen-tszu (Yun Le) 1421-ci ildə paytaxtı Nankindən Pekinə köçürdü. Onun rəhbərliyi altında Qapalı şəhər kimi də məşhur olan imperiya sarayı tikilmişdi.

Min dövrünün ikinci yarısında avropalılarla əlaqələr qurulmağa başladı. Monqolların hakimiyyəti zamanı çinlilərin alçaldılması ilə bağlı xatirələrə üstün gəlmək üçün Min imperatorları əcnəbi olan hər şeyə yuxarıdan baxırdılar. XVI–XVII əsrlərdə avropalı tacirlər Çinə səfər etdikdə Min hökmdarları onlarla tabeliyində olan şəxslər kimi davranırdılar. Bundan başqa, çinlilər belə hesab edirdilər ki, avropalıların ticarət fəaliyyəti qaçaqmalçılıq və dəniz quldurluğu ilə bağlıdır. Çinlə ilk əlaqələri portuqallar qurmuşdular. 1517-ci ildən başlayaraq portuqal tacirlər bir sıra sahilboyu şəhərlərdə öz məskənlərini salmağa başladılar. Lakin Çin hakimiyyəti 50 ildən sonra bu məskənlərdən Quançjou yaxınlığında olan yalnız bir portuqal koloniyası Makaonu saxlamışdılar. 1624-cü ildə hollandlar Tayvanı tutur. 1582-ci ildə italiyalı yezuit-missioner Matteo Riççi (1552–1610-cu illər) Makaoya gəlir. Sonralar o, çinlilər tərəfindən qəbul edilir və Pekində daimi yaşamağa icazə verilmiş ilk əcnəbi olur.

1628-ci ildə şimal-qərbdə mülkədar ailəsindən olan Li Tszıçenin başçılığı altında qiyam qalxır. 1642-ci ildə Li Tszıçen Çinin şimalının hakimi olur, 1644-cü ildə isə o, Pekini tutur. Sonuncu Min imperatoru özünü asır. Qiyamı yatırmaq məqsədilə Min generalı U Sanquy kömək üçün Mancurlara müraciət edir, onlar XVII əsrin birinci yüzilliyində Sin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bununla da yeni Sin sülaləsinin əsasını qoydular.

Sin sülaləsi (1644–1911)

[redaktə | vikimətni redaktə et]

Pekini 1644-cü ildə tutmalarına baxmayaraq, mancurlar bütün Çinə nəzarət etməyə yalnız 1683-cü ildə nail oldular. Mancurlar da monqollar kimi əcnəbi idilər. Lakin monqollardan fərqli olaraq mancurlar imperiyaya nəzarəti ələ almamışdan öncə Çin mədəniyyətinin bir çox elementlərini götürmüşdülər. Mancurlar neokonfutsiçiliyi dəstəklədilər və Min siyasi sistemini modelləşdirdilər. Mancurların hakimiyyəti çinlilər üçün XIII əsrdə monqolların hakimiyyətindən daha məqbul idi. Buna görə də onların hakimiyyəti birinci halda olduğu kimi 89 il yox, 267 il davam etmişdir.

Kansi (1662–1722)

Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Sin imperiyasının sabitlik və inkişaf dövrü idi. İmperiyanın nüfuz dairəsi Monqolustan, Tibet və Mərkəzi Asiyaya qədər yayılmışdı. Ticarət və kənd təsərrüfatı məhsullarının, sənaye və sənətkarlıq məmulatlarının istehsalı artmışdı. Çin əhalisi XVII əsrin sonlarında təqribən 100 milyon nəfərdən XIX əsrin ortalarında 400 milyona qədər sürətlə artmışdı. Mancur hökmdarlarından ən çox imperatorlar Kansi (1661–1722-ci illər) və Tsyanlun (1735–1796-cı illər) konfutsiçi idarə üsulunu dəstəkləyirdilər. Tsyanlun ali hakimiyyəti mancurlarda saxlamqala Min dövrünün idarəetmə prinsiplərini qəbul etmişdi. Tsyanlun Çini çinli qubernatorların rəhbərlik etdiyi 18 vilayətə bölmüşdü. Yerli adminstrasiya loyallıq göstərsə də, onlara mancurlar tərəfindən nəzarət olnumurdu. İmperatorlar Kansi və Tsyanlunun hakimiyyəti dövründə təhsildə bir sıra inkişaf nəzərə çarpırdı. Mancur hökmdarları buna müvafiq hər şeyin möhkəmləndirilməsinə və qorunmasına çalışırdılar. Buna görə də klassik ədəbiyyata üstünlük verilirdi, yenilik yaxşı qarşılanmırdı. İctimai məktəb sistemi varlı ailələrdən olan oğlanlar üçün məktəblərdən və milli və əyalət məktəblərindən ibarət idi. Mancurlar üçün xüsusi məktəblər mövcud idi, Çin kitabları Mancur dilinə tərcümə olunurdu.

XVIII əsrin sonlarında əhalinin sürətli artımı torpaq çatışmazlığına gətirib çıxardı. Hərbi sistem korlandı və sarayda korrupsiya artdı. 1796-cı ildən 1804-cü ilədək buddist ideyalarına əsaslanan "Ağ lotos cəmiyyəti" üsyanı baş verdi. 1813–1814-cü illərdə Şimali Çində "Səmavi idrak cəmiyyəti" üzvləri qiyam qaldırdı.

Çində feodal mülklərinin meydana gəlməsi

[redaktə | vikimətni redaktə et]

Xuan Çao üsyanı

[redaktə | vikimətni redaktə et]

Çində torpaq imperatorun mülkiyyəti saydırdı. Kəndli kiçik torpaq payı alır, dövlətə vergi verirdi. Feodallar dövlət torpaqlarını tuturdular. Beləliklə, yüzlərlə kəndlisi olan feodal mülkləri meydana gəldi. Feodal zülmü gücləndi. Bu isə kəndlilərin üsyanına səbəb oldu, onlar böyük dəstələr yaradıb vilayətləri bir-birinin ardınca ələ keçirirdilər. 874-cü ildə Çinin şimal-şərqində Xuan Çaonun başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançılar böyük bir ordu yaratdılar. Üsyançılar cənuba doğru irəliləyərək əvvəlcə Quançjou (Kanton) şəhərini, sonra isə ölkənin paytaxtıÇanan şəhərini ələ keçirdilər. İmperator qaçdı. Xuan Çao imperator elan edildi. Vergilər ləğv olundu, imperator anbarlarından kəndlilərə taxıl paylandı. Imperator və feodallar ölkənin şimalında yaşayan köçəri mancurların köməyi ilə üsyanı 884-cü ildə yatırdılar. Üsyan zamanı öldürülmüş feodalların torpaqları kəndlilərin əlinə keçdi, kəndlilərin vəziyyəti, müvəqqəti olsa da, yüngülləşdi.

Sun sülaləsinin hakimiyyətə gəlməsi

[redaktə | vikimətni redaktə et]

Çjurçjenlərə qarşı mübarizə

[redaktə | vikimətni redaktə et]

Üsyandan sonra yarım əsr ölkəni ara müharibələri bürüdü. Çinin şimalında beş sülalə qısa müddətdə bir-birini əvəz etdi. 960-cı ildə Sun sülaləsinin hakimiyyəti bərqərar edildi. Bu zaman Çinin şimal-şərqində çjurçjen tayfaları yaşayırdılar. Əvvəllər onlar Çindən asılı idilər. Sonra güclü ordu yaradaraq asılılıqdan qurtardılar və özlərinin Sin (qızıl) imperiyası adlanan dövlətini qurdular. Onlar Şimali Çinə qoşun yeridib paytaxtı tutdular, danışıq aparmaq üçün onların yanına gəlmiş imperator və oğlunu əsir aldılar. Uzun sürən müharibədən sonra Çin imperatoru onlarla sülh bağladı. Çjurçjenlər tutduqları torpaqları əllərində saxladılar. Çin onların vassallı oldu və çoxlu xərac verdi.

Yeni dövr (1622–1919)

[redaktə | vikimətni redaktə et]

Mancur ağalığı

[redaktə | vikimətni redaktə et]

1622-ci ildə Çinin şimal hissəsində kəndli müharibəsi baş verdi ki, bu da demək olar iyirmi ilə yaxın davam etdi. 1644-cü ildə kəndli orduları paytaxt Pekin şəhərini tutub, 1368-ci ildən başlayaraq ölkədə hökmranlıq edən Min sülaləsinin imperator hakimiyyətini devirdilər. Kəndli müharibəsinin vüsətlə genişlənməsindən qorxan Çin feodallarının yuxarı təbəqəsi çoxdan bəri hakimiyyəti zəbt edərək Çini işğal etməyi qarşılarına məqsəd qoyan mancurları köməyə çağırdı. XVII əsrin əvvəllərində Çinin şimal-şərq sərhədlərindəki feodal Mancur dövlətinin qoşunları Çinə soxuldu və 1644-cü ildə Pekini tutdu Mancurların və Çin feodallarının birgə səyi nəticəsində şimalda hələ 1622-ci ildə başlamış yoxsulların hərəkatı və üsyankar kəndli orduları darmadağın edildi. Güclü müqavimətə rast gəlməyən mancurlar Çinin qalan hissəsini də istila etməyə başladılar. Amma müstəsna hal idi ki, onlar Çin vətənpərvərlərinin inadlı müqavimətinə rast gəlirdilər. Mancurlar yalnız XVII əsrin 80-ci illərinin əvvəllərində Çin xalqının açıq silahlı müqavimətinin sonuncu ocaqlarını söndürə bildilər. Ölkənin hər yerində mancur qəsbkarlarının hakimiyyəti bərqərar edildi. Beləliklə, antifeodal kəndli müharibəsinin məğlubiyyəti nəticəsində XVII əsrdə Çində feodalizm quruluşu əleyhinə qalxan mütərəqqi qüvvələri boğmaqda mancurların işğalı həlledici rol oynadı. Mancur ağalığının bərqərar edilməsi Çində feodalizm quruluşunu müvəqqəti olaraq möhkəmlətdi. Mancur basqını ölkənin iqtisadiyyatına böyük ziyan vurdu. Ölkənin məhsuldar qüvvələri çox ciddi şəkildə zəiflədi. Həmçinin mancur basqını Çinin geriləməsinə səbəb oldu, onun inkişafını ləngitdi.

Mancur istilaçılarının yaratdığı idarə üsulu və sistemi imperator başda olmaqla mancur feodallarının qeyri-məhdud hakimiyyət hüququna malik feodal monarxiyasından ibarət idi. Həm sayca, həm də inkişaf səviyyəsinə görə istilaçılardan çox-çox yüksəkdə duran bir xalqın yaşadığı böyük bir ölkədə öz ağalığını saxlamaq üçün mancurlar Çin feodalları ilə sövdələşib sazişə girdilər. Çoxlu çinli məmurlar dövlət aparatında qulluq etməyə cəlb edildi. Məhz bu səbəbdən mancurlar uzun müddət hakimiyyəti əldə saxlaya bildilər. Ölkənin əsas strateji məntəqələrdə hərbi qarnizonlar yerləşdirilmişdi. Onların əsas vəzifəsi mancurlara və hakim feodal təbəqəsinə qarşı çevrilən çıxışları qan ilə boğmaq idi. Mancur sülaləsinin əsas hərbi dayağı — "səkkiz bayraqlı qoşun" adlanan ordu idi ki, bu orduya mancurlar mühüm vəzifələrə mancur sülaləsinə öz sədaqətini sübut etmiş çinliləri qəbul edirdi. Əhali imtiyazlı qoşunun qarətkarlıq, zorakılıq və özbaşınalığından təngə gəlmişdi. Mancur ağalığına qarşı Çin xalqının müqavimətini qırmağa və feodalizm quruluşunun əsas dayaqlarını olduğu kimi qoruyub saxlamağa çalışan Sin sülaləsinin hökmdarları xalqın düşünən beyni olan ziyalılara ağır zərbələr endirərək Çin milli mədəniyyətinin inkişafını boğmağa, o zaman yayılmaqda olan qabaqcıl demokratik və maarifpərvərlik ideyalarının köklərini kəsməyə çalışırdılar. Bu da bir fakt idi ki, Çin ziyalılarının əksəriyyəti aşağı təbəqələrin mancur hökmdarlarının pulu gücünə onların istilaçılara xidmət etmək səylərini qəzəblə rədd edir, xalqı yadelli düşmənə müqavimət göstərməyə çağırırdılar. Buna cavab olaraq mancurlar xalqı maarifləndirən, milli qurtuluşa çağıran ziyalıları kütləvi surətdə həbs etməyə, sürgünə göndərməyə və edam etməyə başladılar[1].

Kapitalizmin ilk rüşeymlərinin meydana gəlməsi

[redaktə | vikimətni redaktə et]

Mancurların basqını dövründə tənəzzül etmiş şəhərlər artıq XVII əsrin 80–90-cı illərində bərpa edilməyə başlandı. Cənub-şərq sahillərində dörd yerdə dəniz gömrükxanaları təsis edildi. Məsələn, Nerçinskdə 1689-cu ildə və Kyaxtada 1727-ci ildə Rus-Çin müqavilələrinin bağlanması sayəsində Çin və Rusiya arasında quru yolla ticarət müntəzəm şəkil aldı. Xarici tacirlər Çinin ipək, çay, çini qab-qacaq və başqa mallarını külli miqdarda alırdılar. Bu da şəhər sənayesinin surətlə inkişafına kömək edirdi. XVII əsrdə Çinin müxtəlif şəhərlərində, xüsusilə cənub-şərqində ipəkçilik və toxuculuq sənayesi xeyli inkişaf etmişdi, bu sahədə yüz minlərlə adam çalışırdı. Keçmişdə çini qablar istehsalı ilə məşhur olan Tszindeçjen şəhəri və digər şəhərlər öz əvvəlki şöhrətini bərpa etməkdə idi. Tszindeçjenin dövlət manufakturalarında və xüsusi mülkiyyətdə olan manufakturalarında təqribən 200 min adam işləyirdi. Mədən sənayesi inkişaf edirdi. Misal üçün, Yunnanda 100 min fəhlə mədən-metallurgiya sahəsində çalışırdı. Çay sənayesi, duz çıxarılması, gön istehsalı, kitab nəşriyyatı, tikinti işləri inkişaf edirdi. Bir istehsal sahəsinin yüksəlişi, başqa sahənin də inkişafına kömək edirdi. Bir çox şəhərlər məsələn, Nankin, Uçan, Kanton, Süçjou və başqaları şəhər sənayesi və ticarətin iri mərkəzlərinə çevrilmişdi. İpək və pambıq-parça istehsalında keçmişdəki kimi yenə də ev sənəti mühüm yer tuturdu və istehsal olunan məmulatın xeyli hissəsi bazara gedirdi. Şəhər sənayesində dövlətə məxsus sənət müəssisələri ilə yanaşı, xüsusi mülkiyyətdə olan manfakturalar da mühüm yer tuturdu ki, bunlar da kapitalist müəssisələrinin ilk rüşeymləri idi. Toxuculuq manufakturalarında, çay istehsalında, tikinti işlərində əmək bölgüsü tənzimlənir və xeyli inkişaf etmişdi. Çini qablar istehsalında əmək bölgüsü xüsusilə geniş yayılmışdı. Yalnız xüsusi mülkiyyətdə olan manufakturalarda deyil, dövlət manufakturalarında da muzdlu əməkdən getdikcə daha geniş istifadə olunurdu. Beləliklə, "Çin feodal cəmiyyəti daxilində inkişaf etməkdə olan əmtəə təsərrüfatında artıq kapitalizmin ilk rüşeymləri meydana gəlirdi. Buna görə də xarici kapitalizmin təsiri olmadan da Çin tədriclə inkişaf edərək kapitalist ölkəsinə çevrilməkdə idi".

Lakin torpaq üzərində feodal mülkiyyətinin qalması və Mancur sülaləsinin zülmü kapitalizmin ilk rüşeymlərinin möhkəmlənib inkişaf etməsinə mane olurdu. Müxtəlif məhdudiyyətlər, ağır vergi və gömrük rüsumları xarici ticarəti zəiflədir, monopoliyalaşdırma siyasəti sənət və ticarətin inkişafını pozurdu. Mancur istilaçılıq siyasəti ilə əlaqədar olaraq xüsusilə XVIII əsrin ortalarında artmış maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün mancur hakimləri ən mühüm yollardan birini şəhər sənayesi və ticarət üzərindəki vergiləri artırmaqda görürdülər. Çoxlu daxili gömrükxanalar müxtəlif rayonlar arasındakı iqtisadi əlaqələri çətinləşdirirdi. Duz və çay üzərindəki dövlət inhisarı əhalini qarət etmək üçün əlavə bir mənbə olmaqla yanaşı, dövlətin iqtisadi qüdrətinin artmasına mane olurdu. XVIII əsrin ortalarından başlayaraq Mancur hakimiyyəti xarici ticarət üzərindəki məhdudiyyətləri yenidən qüvvətləndirməyə başladı. 1757-ci ildə verilmiş fərmana əsasən dənizlə xarici ticarət yalnız bir limandan aparıla bilərdi ki, bu liman da sülalə hakimiyyətinin yaxın qohumlarının əlində idi. 1759-cu ildə mancur hökuməti ipək parçalar ixracını da qadağan etdi. Mancur dövlət aparatı ilə sıx əlaqəsi olan yalnız bir neçə tacir dəstəsinin xaricilərlə inhisarlı ticarət hüququ var idi. Belə ki, bura şimalda quru sərhəd boyunca Şansi tacirlərinin təşkilatı, Kantonda "Qunxan" adlı tacirlər təşkilatı daxil idilər. Xarici ticarət üzərinə qoyulan yeni məhdudiyyətlər ipək toxuculuğu, çini qablar, çay istehsalına ağır zərbə vurdu, çünki bu sahələrin məmulatlarının xeyli hissəsi xarici bazara gedirdi.

Çinə qarşı İngiltərə təcavüzünün başlanması

[redaktə | vikimətni redaktə et]

İqtisadi cəhətdən ən çox inkişaf etmiş İngiltərə hökuməti özü ingilis burjuaziyasına yeni satış bazarları və zəngin sərvətlər ələ keçirmək üçün yeni mənbələr axtarmaqda çeviklik və ən çox fəallıq göstərirdi. İngiltərə kapitalizmi Çini əsarət altına almaq uğrunda taktikasını tez-tez dəyişirdi. İngilis Ost-Hind kompaniyası bu siyasəti həyata keçirən ən fəal təşkilatçı və sistemli şəkildə fəaliyyət göstərən güc idi. Britaniya hökuməti əvvəlcə özünün məkrli diplomatiyasını işə saldı. Mədrəs və Benqalın keçmiş qubernatoru lord Makkartneyin başçılığı altında 1792-ci ildə İngiltərədən Çinə səfirlik heyəti göndərildi. 1793-cü il avqustun 5-də Pekinə gəlib çıxan Makkartney öz hökuməti adından Çin qarşısında aşağıdakı tələbləri irəli sürdü:

1) İngiltərə ilə Çin arasında diplomatik əlaqə yaratmaq;

2) İngilislərin ticarəti üçün Kantondan başqa daha bir sıra limanlar (Ninbo, Tyantszin limanlarını və Çjouşan adalarını) açmaq.

3) "Qunxan" cəmiyyətinin ticarət inhisarını ləğv etmək.

4) İngilislərə Çində istədikləri yerdə məskən salmaq və sərbəst hərəkət etmək hüquqları vermək. İngilislərin bu təklifi Çində hiddətlə qarşılandı.

Tsyan Lun Makkartney vasitəsilə ingilis kralı III Georqa göndərdiyi cavab məktubunda suveren dövlətin ləyaqətinə zidd olan bu tələbləri haqlı olaraq rədd edib, məktubunu aşağıdakı sözlərlə bitirirdi: "şükürlə itaət edin və etinasızlıq göstərməyin". Bu cavab həmin dövr üçün olduqca kəsərli və cəsarətli cavab idi. Makkartneyin səfirliyinin uğursuz diplomatik fəaliyyətinin nəticəsində onun müvəffəqiyyətsizliyi göstərdi ki, Sin hökuməti heç də ingilis tacirləri və diplomatları qarşısında itaətkarlıqla Çinin qapılarını xarici dövlətlərə açmaq niyyətində deyildir. Lakin Çinə gəlib-gedən missionerlər, tacirlər, səyyahlar Çinin siyasi və iqtisadi zəifliyini aydın surətdə müşahidə edirdilər. Bu isə İngiltərənin Çinə geniş iqtisadi və siyasi təcavüzünün mümkün olmasına inam yaradırdı. Belə bir şəraitdə İngiltərə Çinə qarşı istilaçı siyasət yeridən yeganə dövlət deyildi. Odur ki, 1784-cü ildən Çin sahilləri yaxınlığında müntəzəm surətdə Amerika gəmiləri görünməyə başladı. Kantondakı xarici faktoriyalarda isə xarici tacirlərin Çində təşkil etdikləri ticarət məntəqələri var idi və burada da Amerika tacirləri görünməyə başladı. Xatırladaq ki, XIX əsrin əvvəllərində ABŞ Çinlə ticarətdə İngiltərədən sonra ikinci yeri tuturdu.

XIX əsrə qədər Çin hökuməti xarici ticarət üçün ancaq Quançjou limanından istifadə edir, əcnəbilərlə Çin arasındakı əlaqələri ciddi nəzarətdə saxlayırdı. Çin qərbə böyük miqdarda çay və ipək ixrac edir, lakin çox az xarici mal alırdı. Ticarəti balanslaşdırmaq üçün avropalı tacirlər XIX əsrin əvvələrində Çinə tiryək gətirməyə başladılar ki, bundan da narkotik maddə kimi istifadə Çin üçün əsil fəlakətə çevrildi.

XIX əsrin əvvəllərində İngiltərə Çindən çay və ipək ixrac etməklə bu malların dəyərini gümüşlə ödəyirdi. Buna baxmayaraq ingilis malları Çin bazarında o qədər də mühüm yer tutmurdu və geniş nüfuz qazanmamışdı. Lakin Ost-Hind kompaniyası Hindistanda geniş miqdarda tiryək istehsalını artırmağa və bunu Çinə ixrac etməyə başladıqdan sonra vəziyyət dəyişdi. Tiryək ticarətini genişləndirmək üçün atılan ilk addımlar çox da müvəffəqiyyətli olmadı, lakin ingilislərin Çinlə ticarətində tiryək getdikcə ən mühüm və gəlirli bir mənbəyə çevrildi. Tiryək ticarəti Ost-Hind kompaniyasına son dərəcə böyük gəlir gətirməyə başladı. "Ağ ölüm" adlandırılan narkotik maddələrin geniş ticarəti Çin xalqının mənəvi və bioloji zəhərlənməsi hesabına ingilis kapitalistlərinin xəzinələrinə Çindən çoxlu gümüş və valyuta daxil olmağa başladı. Onlar, yəni ingilis kapitalistləri heç bir zaman belə gəlirə malik olmadıqlarını, hətta özləri də etiraf edirdilər. Bu dövrdə tiryək ticarətinin vurduğu ziyan ölkəni yalnız iqtisadi cəhətdən zəiflətməklə bitmirdi. Həmçinin tiryək insanın səhhətinə hərtərəfli pozucu təsir göstərirdi. Eyni zamanda tiryək Çin xalqını mənəvi və fiziki cəhətdən zəiflətmək üçün bir vasitə idi. Bu haqda bir nəfər görkəmli Çin tarixçisi obrazlı şəkildə demişdir ki, "İngilislərin Çində tiryək alveri insanları qan tökmədən öldürən bir təcavüz idi". İngiltərəyə bir ingilis tacirinin göndərdiyi məktubda isə göstərilirdi ki, bizə Çini tutmaq üçün daha top-tüfəng lazım deyil. Belə getsə biz yaxın vaxtlarda bütün Çinə sahib olacağıq. İngiltərə ilə ənənəvi qohumluq və hərbi-siyasi yaxınlıq münasibətlərində olan Amerika Birləşmiş Ştatları da Çində tiryək ticarətində fəal iştirak edirdi. Amerika tacirlərinin Çinə gətirdiyi tiryək ildən-ilə artaraq Çinin bütün idxalının 10–20%-ə qədərini təşkil edirdi. Mancur-Sin hökuməti rəsmən tiryək ticarətinin əleyhinə olsa da, əslində qeyri-rəsmi bu ticarətin tərəfdarlarından biri idi. Hələ, 1729-cu ildən başlayaraq Mancur-Sin hökuməti tiryək idxalını qadağan edən bir sıra fərmanlar vermişdi (o cümlədən 1796-cı ildə, 1822-ci ildə və s.), bütün bu fərmanlar tamamilə rəsmi xarakter daşıyırdı. Amma xarici dövlətlər tiryəklə ticarəti davam etdirir və Çin hökumətinin bu fərmanlarına məhəl qoyulmurdu. Odur ki, ingilis tacirləri tiryək ticarətini qadağan edən bu qanunlara əhəmiyyət verməyərək qeyriqanuni surətdə tiryək ticarətini daha da geniş miqyasda davam etdirirdi. Mancur-Sin hökumətinin yalnız yerlərdəki məmurları deyil, həmçinin imperatorun özü də tiryək ticarətində maraqlı idi və o, bu sahəyə varlanmaq vasitəsi kimi baxırdı. Bu dövrdə tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi. Lakin ingilis tacirləri hökumətin mövcud ikili siyasətindən də razı deyildilər. Onlar öz hökumətinə göndərdikləri bir çox ərizələrində və məktublarında açıq tiryək ticarətinin qanuniləşdirilməsini və əcnəbilərlə ticarətdə "Qunxan" cəmiyyəti inhisarının ləğv olunmasını, xarici ticarət üçün ingilis sənaye mallarının Çinə qeyri-məhdud miqdarda idxalı üçün Çin limanlarının təcili açılmasını tələb edirdilər. Bu məqsədlə 1816-cı ildə İngiltərə hökuməti Çinə yeni nümayəndəlik – Amxerstin səfirliyini göndərdi. Lakin bu səfirliyin işi də uğursuz oldu. İmperator Tszya Sin hətta səfiri qəbul etmədi. Bu onunla əlaqədar idi ki, xarici nümayəndələrin Pekinə gəlməsi haqqında qadağa qoyulmuşdu[1].

İngiltərə-Çin münasibətlərinin kəskinləşməsi

[redaktə | vikimətni redaktə et]

1833-cü ildə Ost-Hind kompaniyasının ticarət inhisarının ləğv edilməsi, Çin bazarında çoxlu yeni ticarət kompaniyaları və şirkətlərinin fəaliyyətə başlamasına səbəb oldu. İngiltərə burjuaziyası öz sənaye mallarını Çin bazarına mümkün qədər daha çox idxal etməyə səy göstərirdi. İngilis-Çin ticarətinə rəhbərlik və nəzarət etmək üçün Çin hökumətinin razılığı olmadan 1834-cü ildə lord Nepir İngiltərədən Çinə xüsusi baş komissar vəzifəsinə göndərildi. Nepirə tapşırıldı ki, ingilis ticarəti üçün Pekinin açılmasına, imtiyazlı ticarət şəraiti yaradılmasına müvəffəq olsun. İngiltərə hökumətinin Nepirə verdiyi yazılı tapşırıqda ondan tələb olunurdu ki, imperator sarayı ilə bilavasitə əlaqəyə girsin. Nəhayət, çox böyük ümidlərlə Çinə gələn Nepir Kantonda ilk müqavimətlə rastlaşdı. Kantonun general-qubernatoru Nepirlə görüşməkdən imtina etdi. Nepirin həyasız tələblərinə cavab olaraq ona təklif olundu ki, Kantonu təcili tərk etsin. Nepir isə inadkarlıq edərək öz tələblərindən əl çəkmək istəmirdi. O, hətta əhaliyə müraciət edərək camaatı yerli hökumətə qarşı qaldırır və təxribatla məşğul olurdu. Bütün bunlar ingilis-Çin münasibətlərinin ciddi surətdə pisləşməsinə, ticarətin müvəqqəti olaraq dayandırılmasına və sahil istehkamlarının ingilis gəmiləri tərəfindən atəşə tutulmasına səbəb oldu. 1834-cü il hadisələri göstərdi ki, Çini qarət etmək və əsarət altına almaq üçün İngiltərə kapitalistləri hətta silaha əl atmaqdan da çəkinmirdi. İngilislər Sinlərin idarəçilik sistemindən narazı olan xalqların mövcud vəziyyətindən istifadə edərək onları öz tərəflərinə çəkmək ümidində idilər. Bununla yanaşı Çinin hərbi-iqtisadi vəziyyətinə bələd olan ingilislər asanlıqla qələbə çalmaq ümidində idilər. Çinin daxili və beynəlxalq ticarətinin istiqamətini dəyişdirən ingilislər tiryək ticarətini genişləndirmək üçün bütün vasitələrə əl atırdılar. XVIII əsrin axırıncı illərində Çinə hər il 2000 qutu tiryək, XIX əsrin ilk illərində isə təxminən 4000 qutu və bundan daha çox tiryək gətirilirdi. 1824-cü ildə tiryək idxalı ildə 12000 qutuya, 1837-ci ildə isə 39000 qutuya çatmışdı (xatırladaq ki, hər qutuda dörd puta qədər tiryək olurdu). Tiryək ticarəti nəticəsində Çinin əsas pul vəsaiti olan gümüş ölkədən axıb gedirdi, bu isə dövlətin onsuz da böhranlı maliyyə vəziyyətini daha da pisləşdirirdi. XIX əsrin 30-cu illərində Çindən aparılan gümüşün miqdarı ildə 10 milyon lyana1 çatmışdı ki, bu da pulun dəyərinin kəskin surətdə aşağı düşməsinə, gümüşün bahalaşmasına və xalq kütlələrinin vəziyyətinin daha da pisləşməsinə səbəb olurdu. Bunun nəticəsi idi ki, iyirmi il ərzində, yəni 1830-cu ildən 1851-ci ilədək gümüşün qiyməti əvvəlkinə nisbətən 4,7 dəfə bahalaşmışdı. Kəndli məişətində isə adətən mis pul işlədilirdi. Beləliklə, kəndli öz borclarını gümüşlə ödəmək üçün əvvəlkindən 4,7 dəfə çox pul verməli olurdu. Tiryək ticarəti haqqındakı məsələ Pekin saray dairələrində uzun-uzadı müzakirə olunurdu. Tiryək ticarətindən varlanmaq üçün istifadə edən bəzi əyanlar bu alverin qanuniləşdirilməsinə tərəfdar idilər. Tiryək problemi ilə əlaqədar ölkədə fərqli mövqelərdə duranlar var idi. Tiryəkin Çində açıq alveri Lin Tsze-syuy başda olmaqla zadəganların digər bir dəstəsi tərəfindən kəskin tənqid edilirdi. Ozamankı əyanların şəhadətindən göründüyü kimi, Lin Tsze-syuy tiryək ticarətinin barışmaz düşməni olub, işgüzar və möhkəm iradəli bir adam idi. O, öz zəmanəsinin qabaqcıl adamlarından biri olub, özünün də mənsub olduğu mülkədarlar sinfinin hakimiyyətini möhkəmlətmək üçün Çində bir sıra islahatlar həyata keçirilməsini tələb edirdi. Lin Tsze-syuy tiryək ticarəti əleyhinə qətiyyətlə çıxış edirdi. O, imperatora göndərdiyi məlumatlarından birində yazırdı: "Tiryək bir zəhər kimi bütün Asiman altındakı imperiyaya dolmuşdur, tiryək olduqca ziyan vurur və bunu qanunla qadağan etmək lazımdır. Buna etinasız yanaşılsa, bir neçə ildən sonra Çində demək olar ki, nə ölkəni qoruyacaq əsgər qalacaq, nə də maaş vermək üçün gümüş".

Mütərəqqi fikirli adamların mübarizəsi nəticəsində tiryək ticarətinə qarşı mübarizəni qüvvətləndirmək fikri imperator tərəfindən müdafiə edildi və imperator tiryək ticarətinin qəti surətdə təqib edilməsi haqqında fərman verdi. 1837–1838-ci illərdə Kanton ətrafında gizli tiryək alverçiləri ilə çoxlu toqquşmalar baş verirdi. 1839-cu ilin yanvarında imperator əcnəbilərə müraciətlə yeni bir fərman verdi. Bu fərmana görə tiryəklə dolu olan bütün gəmilər Çin sularından uzaqlaşdırılmalı idi. Lakin "mədəni dünyanın" Kantondakı nümayəndələri qazanc əldə etmək üçün tiryək ticarətini genişləndirməkdə davam edirdilər[1].

Tiryək müharibələri

[redaktə | vikimətni redaktə et]

Birinci tiryək müharibəsi

[redaktə | vikimətni redaktə et]

1839-cu ilin əvvəllərində imperatorun xüsusi səlahiyyətli komissarı Lin Tsze-syuy Kantona göndərildi. O, martın 18-də Kantona gələrək Kantondakı əcnəbi tacirlərdən tələb etdi ki, əldə olan bütün tiryək ehtiyatlarını təhvil versinlər, tiryək idxalı və ticarəti ilə məşğul olmayacaqları haqqında iltizam imzalayaraq təqdim etsinlər. Çin xalqını "zəhərləyən" ingilis və amerikalılar isə bu tələbləri yerinə yetirməkdən boyun qaçırmağa çalışırdı. Onlar yalandan deyirdilər ki, onlarda tiryək yoxdur. Əcnəbilərin əsassız müqavimətinə baxmayaraq hökumət əcnəbilərlə hər cür ticarətin dayandırılması və xarici faktoriyaların tamamilə mühasirəyə alınması, britaniyalı və amerikalı tacirləri təslim olmağa məcbur etdi. Nəticədə Çin hökuməti xaricilərin gəmilərində axtarış apardı və gəmilərdə olan tiryək qutuları müsadirə edildi. İngilislər isə 20283 qutu tiryəki məcburiyyət qarşısında qalaraq hökumət orqanlarına təhvil verdi. 1839-cu ilin iyun ayında çinlilər tərəfindən ictimaiyyətin gözü qarşısında ingilislərdən müsadirə edilmiş narkotik maddələr məhv edildi. Aparılan antitiryək tədbirləri, Lin Tsze-syuyun cəsarətli addımları tiryək alverçilərinin və onların mancur saray dairələrindəki yüksəkvəzifəli himayədarlarının mənafeyinə ciddi ziyan vururdu. Odur ki, bu dairələrin imperatora təsir göstərməsi nəticəsində imperator yeni bir fərman verdi və xaricilərin tiryək fəaliyyətindəki qadağalar qismən məhdudlaşdırıldı. Lakin qeyri-qanuni tiryək alveri davam edir və tiryəkin idxalı, ixracı məhdudlaşdırıldığına görə tiryəkin qara bazarda qiyməti daha da artırıldı. Belə bir şəraitdə ingilis dairələri Çinlə münasibətləri qəsdən pisləşdirir, Çinə qarşı hərbi müdaxilə üçün bəhanələr axtarırdı. Tiryəkin məhv edilməsi ilə əlaqədar münaqişə ingilislərin Çinə qarşı müharibəyə başlaması üçün zəmin hazırladı.

Çinlilər tiryək idxalını qanundankənar elan etsələr də avropalılar onun qaçaqmalçılığı ilə məşğul olmağa başladılar. Bununla əlaqədar olaraq tiryəkə ödənc kimi gümüşün böyük axını Çin iqtisadiyyatını ciddi olaraq pozurdu. 1839-cu ilin martında çinli məmurlar Quançjouda britaniyalı tacirlərə məxsus 20 min yeşik tiryəki tutmaqla qayri-qanuni ticarətin qarşısını almağa çalışdılar. Bu Britaniya hərbi gəmilərinin Çin donanmasına 1839-cu ilin noyabrında hücumu üçün əsas oldu. Çin və İngiltərə arasında Birinci tiryək müharibəsi başlandı.

1840-cı ilin iyun ayınadək hərbi əməliyyatlar əsasən dənizdə fasilələrlə aparılırdı. Bu əməliyyatlar Çin tərəfindən müdafiə, ingilislər tərəfindən isə hücum xarakteri daşıyırdı. Bu prosesdə milli vətənpərvər qüvvələr müdafiə mövqeyində dursalar da ingilislərin xeyli tələfat verməsinə nail oldular. Lakin İngiltərə yeni əməliyyat üçün yeni qüvvə toplamaqda idi. 1840-cı ildə Çin sularına ingilis eskadrası daxil oldu. Çinə göndərilən ingilis qoşunlarının ümumi sayı əvvəllər çox deyildi. Lakin ingilislər Çin qoşunlarından qat-qat yaxşı silahlanmışdı. Çin qoşunlarının o zaman üçün müasir silahı yox idi. Onlar hələ də ox, yay, nizə və fitilli tüfənglə silahlanmışdılar. Bu "silah" növləri Çində hələ 1-ci ingilis-Çin müharibəsindən sonra da yəni XIX əsrin axırlarınadək qalmışdı. Ən müxtəlif zamanlardan qalan müxtəlif sistemli topların nişan almaq üçün müvafiq cihazı da yox idi. Belə bir şəraitdə Çin donanması ingilis donanması ilə vuruşmaq iqtidarında deyildi.

Belə bir şəraitdə Lin Tsze-syuy müdafiəyə hazırlaşsa da amma, hakimiyyət orqanları ona qarşı müxtəlif təxribatlar törətmək fikrində idilər. O, hətta xalq qoşunu dəstələri təşkil etməyə çalışırdı, lakin saray dairələri və mürtəce əqidəli əyanlar daim onun fəaliyyətinə mane olurdu. Çin qoşunları-nın ayrı-ayrı müvəffəqiyyətli əməliyyatı, daxilən ruh düşgünlüyünə uğramış ümumçin silahlı birləşmələrinin vəziyyətini dəyişə bilmədi. İyun ayında ingilis eskadrası Kantonu blokadaya aldı, sonra isə sahilboyu hərəkət edərək Çjouşan adalarını, paytaxt şəhəri Dinxayı tutdu, həmçinin Amoy, Ninbo şəhərlərini və Min, Yantszı çaylarının mənbəyində yerləşən yaşayış məsgənlərini blokadaya aldı. İngilislər Çinin qədim şəhəri Dinxayı tutarkən burada qarətçilik və zorakılığa başladılar. Admiral Corc Elliotun komandanlığı altında əsas qüvvələr şimala tərəf Çjili körfəzinə yollandı və Bayxe çayında lövbər saldı. Amerika hökuməti ingilislərin Çinə qarşı apardığı müharibədə ənənəsinə sadiq qalaraq həmişə olduğu kimi onlara fəal yardım göstərirdi. Nəhayət, 1840-cı ildə Çin sularına Amerika eskadrası da daxil oldu ki, bunun da komandanı Amerikanın Ost-Hind eskadrasının rəisi Kerni idi. Həmin eskadra qarşısında qoyulmuş vəzifə ingilis qüvvələrinə "mə-nəvi və maddi, həmçinin hərbi yardım" göstərmək idi. Lakin əslində bu eskadra ingilis təcavüzünün bilavasitə çevik köməkçisi idi. İngilis gəmilərinin irəliləməsindən qorxuya düşən Mancur-Sin hökuməti ingilis komandanlığı ilə əvvəcə gizli danışıq aparmaq qərarına gəldi. İngiltərə hökuməti mancur hökuməti qarşısında ağır tələblər, o cümlədən Honkonqu ingilislərə vermək, ingilis-Çin ticarətini yenidən davam etdirmək, "təhqir" olunmuş ingilislərdən üzr istəmək, məhv edilmiş tiryəkin əvəzini ödəmək kimi bir sıra alçaldıcı tələblər qoydu. İngilis nümayəndəsi Elliot və Mancur-Sin hökumətinin nümayəndəsi Çjili əyalətinin general-qubernatoru Si Şanın Daquda apardığı danışıqlar zamanı heç bir saziş imzalanmadı. Lakin 1840-cı ilin noyabrında tiryək ticarətinə icazə verildi, Si Şan isə Quandun və Quansi əyalətlərinin canişini təyin olundu. İngiltərə ilə Çin arasında bəzi razılaşmalara baxmayaraq 1841-ci ilin yanvarında ingilis qoşunları yenidən hərbi əməliyyata başladı. İngilislərin bu hücumu müdafiə işlərinə rəhbərlik edən Lin Tsze-syuy işdən kənar edildikdən və onun yerinə təslimçi Si Şan təyin edildikdən sonra başlanmışdı və təslimçilik siyasəti ingilislərin qələbəyə olan inamını daha da artırmışdı. Odur ki, ingilislərlə yeni danışıqlar gedişində Si Şan 8 milyon lyan təzminat ödəməyə, Honkonqu ingilislərə verməyə, rəsmi əlaqələr yaradılmasına və ingilis-Çin ticarətini yenidən davam etdirməyə razılığını bildirdi. Lakin Si Şanın təslimçilik layihəsi imperator tərəfindən təsdiq edilmədi və Si Şanın özü isə həbs olundu. Əvəzində Sin hökuməti İngiltərə ilə müharibə vəziyyətində olduğunu bəyan etdi. Təbii olaraq bu dövrdə hər iki dövlət öz iddiası ilə çıxış edirdi və maraq dairələrinin təmin olunması başlıca məqsəd idi. Hətta, İngiltərə kraliçası Viktoriya da bu sazişi imzalamamışdı. Çinin İngiltərəyə güzəştləri İngiltərəni təmin etmirdi. İngiltərə hökuməti Çində istila planlarının ləng həyata keçirilməsinə görə hətta, Elliotu cəzalandıraraq onu geri çağırdı və onu Puttingerlə əvəz etdi.

1841-ci ilin yazında ingilis komandanlığı yenidən hücum əməliyyatına başladı. 1841-ci ilin mayında ingilislər quruya çıxarılmış qoşunla Kantonu tutmağa hazırlaşırdı. Kanton hökumət orqanları ingilislərlə danışığa girib bildirdilər ki, ingilislər şəhərə hücum etməsələr, bunun əvəzində onlara böyük məbləğdə vəsait ödəyəcəklər. Bu məqsədlə ingilis komandanlığı 6 milyon lyan alaraq, əvəzində şəhərə hücum etməməyə razılıq verdi. Bu sövdələşmədən sonra 1841-ci il mayın 27-də Kanton yaxınlığında yerləşən ingilis qoşunları şəhər ətrafındakı yerləri qarət etməyə və zorakılıq göstərməyə başladı. Zinət əşyaları axtaran ingilislər hətta qəbirləri də qazmağa və qarət etməyə başlamışdı. İngilislərin belə qeyri-insani hərəkətləri xalq içərisində güclü qəzəb doğurdu və Quandun əyalətində partizan hərəkatının başlanması üçün zəmin hazırladı. Kantondan şimalda yerləşən Sanyuanli kəndinin kəndliləri işğalçılara qarşı mübarizəyə qalxdılar. Onlar ingilisləri itaətə gətirəcək dəstələr ("pinintuan") təşkil edərək ingilis quldurlarına mərdliklə müqavimət göstərirdilər. 1841-ci il mayın 30-dan başlayaraq onlar ingilis qoşunlarına bir sıra ciddi zərbələr endirdilər. Onlarla kənd düşmənə inadla müqavimət göstərirdi. Ölkədə pərakəndəlik mövcud olsa da, ingilislərə qarşı ümumi həmrəylik olmasa da, pinintuanlar uzun zaman düşmənlə vuruşdular. Belə bir şəraitdə İngiltərənin Çindəki qoşunlarına kömək üçün yeni hissələr göndərildi. 1841-ci ilin avqustunda vuruşmalar yeni mərhələyə daxil oldu. Çində əməliyyat aparan ingilis qoşunları ölkənin cənub sahillərini blokadaya alıb, Amoy və Ninbo limanlarını işğal etdilər. 1842-ci ilin əvvəllərində isə Şanxay-Nankin rayonunda sürətli hücuma keçdilər. Hərbi əməliyyatın gedişi göstərdi ki, mancur komandanlığının heç bir müdafiə planı yox imiş. Vahid komandanlıq olmadığına görə hər bir qubernator və ya qala komandanı öz bildiyi kimi hərəkət edirdi. Bütün bunlar əslində heç bir mərkəziyyətçilik və əsil birlik olmadığını sübut edirdi. Bütün bunlara baxmayaraq ayrı-ayrı şəhərlərdə o cümlədən Çjanpu, Suntszyan şəhərlərində çinli qarnizonlar mərdliklə vuruşurdu, lakin bunlar müharibənin Çin üçün müvəffəqiyyətsiz gedişinə təsir göstərə bilməyən müstəsna hadisələr idi. Beləliklə, ingilis hərbi gəmiləri Yantszı çayı boyunca yuxarı, Nankinə tərəf irəliləməyə başladı. Çjentszyan yanında ingilislər vətənpərvər xalq qoşunlarının inadlı müqavimətinə rast gəldilər. Çjentszyan yanında 1500 nəfərlik bir dəstə fədakarlıqla vuruşurdu. Bu vuruşmada son nəfərədək əsgər və zabitlərin hamısı məhv olsa da onlar ingilisləri böyük tələfat verməyə məcbur etdi. Dəstənin komandanı öz evini yandırmaq əmri vermiş və atəş içində həlak olmuşdu. Əsgərlər öz arvad və uşaqlarını düşmənin əlinə keçməmək üçün boğmuş və ya suda batırmışdılar, şəhər dağılmışdı. Bu hadisə ilə əlaqədar Fridrix Engels yazırdı ki, "Əgər qəsbkarlar hər yerdə belə müqavimətə rast gəlsəydi, onlar heç bir vaxt Nankinə gedib çıxa bilməzdilər. Lakin təəsüf ki, hökumət düşmənə qarşı ümumxalq müqavimətini təşkil edə bilmədi."

Çjentszyan iyulun 21-də süqut etdi. Bu şəhərin alınması Nankin üçün də təhlükə yaratdı. Avqustun 9-da ingilis gəmiləri Nankinə yaxınlaşdı. Bundan başqa, Çjentszyanın alınması Yantszı hövzəsini Şimali Çinlə, paytaxtla birləşdirən ən mühüm su yolu olan İmperator kanalı ilə əlaqəni kəsmiş oldu. Çjentszyanın süqutundan sonra Pekinin hakim dairələri içərisində təslimçi dəstə tamamilə üstün gəldi. Qərara alındı ki, ingilislərdən sülh bağlamaq xahişi edilsin. Əyanlardan Tsi İn saziş bağlamaq üçün ingilislərin hərbi qərargahına göndərildi. İngilislər sülh müqaviləsinin şərtlərini çinlilərə "Kornvallis" adlı hərbi gəminin göyərtəsində qəbul etdirdilər. "Karnavalis"də əldə edilən razılaşmaya əsasən 1842-ci il avqustun 29-da müqavilə imzalandı. Bu müqavilə tarixə Nankin müqaviləsi adı ilə daxil olunmuşdur. Çin ziyalıları yadelli mancurların xalqa xəyanətini və alçaldıcı "Nankin müqaviləsini" milli biabırçılıq adlandırmışdı. 1842-ci il Nankin müqaviləsi Çinin xarici ölkə ilə bağladığı ilk qeyri-bərabərhüquqlu müqavilə idi. Nankin müqaviləsinə görə Çin İngiltərənin ticarəti üçün özünün 5 limanını, o cümlədən Kanton, Çjentszyan, Ninbo, Fuçjou, Şanxay limanlarını açmalı idi. Beləliklə, "açıq limanlar" adlı sistemin əsası qoyulmuş oldu ki, bununla da əcnəbi tacirlər qeyri-məhdud ticarət ixtiyarı, istədikləri yerlərdə məskən salmaq və s. hüquqlar və imtiyazlar aldılar. Müqaviləyə görə Çin 21 milyon yuan təzminat verməli idi. Çin ingilislərin zəbt etdiyi Honkonq adasını "əbədi mülkiyyət" şəklində İngiltərəyə verirdi. Sonralar bu ada ingilislərin ən mühüm hərbi və ticarət bazası oldu və İngiltərə bu bazaya arxalanaraq Çinə qarşı yeni hücumunu təmin etmək üçün hərbi-strateji mövqeyini möhkəmləndirirdi. Həmçinin Çinin "Qunxan" ticarət şirkəti ləğv edildi. Eyni zamanda Nankin müqaviləsinə görə yeni gömrük haqqı sahəsində müxtəlif dəyişiklik edilir və yeni tariflər müəyyənləşirdi. Bu normaya görə gömrük haqqı müqavilə bağlanan vaxt malın mövcud qiymətinin 5%-i məbləğində müəyyən edilirdi və Çin hökuməti bu təyin olunmuş məbləği artıra bilməzdi.

Beləliklə ingiltərə 1842-ci ildə başa çatan bu müharibəni asanlıqla uddu. Nankin razılaşmasına əsasən Çin böyük təzminat verməli oldu, Honkonq adası İngiltərəyə verildi, britaniyalı tacirlər üçün isə beş Çin limanı açıldı. Oxşar müqavilələri Çin 1844-cü ildə Birləşmiş Ştatlar və Fransa ilə, 1851-ci ildə isə bir neçə digər Avropa ölkələri ilə imzalamalı oldu.

İkinci tiryək müharibəsi və taypinlər üsyanı

[redaktə | vikimətni redaktə et]

İngiltərə və Fransa tərəfindən Çinə qarşı başlanılan İkinci tiryək müharibəsi 1856-cı ildən 1860-cı ilə qədər davam etmişdir. Bu müharibədə məğlub olan Çin əcnəbilərlə ticarət üçün əlavə limanlar açmalı və missionerlərin Çində yaşamasına icazə verməli oldu. Qərb ölkələri Pekində daimi diplomatik nümayəndəliklər aça bilərdilər. İngiltərə Tsyulun yarımadasını öz Honkonq koloniyasına əlavə etdi, Rusiya Amurdan şimala və Ussuri çayından şərqə bütün Çin ərazilərini aldı.

Tiryək müharibələri cənubi Çinin iqtisadiyyatını darmadağın etdi, bu da bir çox kəndli üsyanlarına səbəb oldu. Onlardan ən böyüyü Xun Syutsyuan, Yan Syutsin və digərlərinin başçılığı altında taypinlər üsyanı idi. Taypinlər xristianlığı qədim Çin ideyaları ilə birləşdirən yarımdini qrup idilər. Mancur hakimiyyətinə nifrət əlaməti olaraq taypinlər açılıb tökülmüş saç saxlayırdılar, bu səbəbdən də "uzunsaçlılar" ləqəbi almışdılar. 1851-ci ildə onlar üsyanın başlanmasını elan etdilər, 1853-cü ildə isə qiyamçılar Yantszı vadisində paytaxt Nankin olmaqla "Böyük səadət səmavi dövlətini" (Taypin tyanqo) qurdular.

1864-cü ildə, 14 illik vətəndaş müharibəsindən sonra hökumət qoşunları taypinləri darmadağın edə bildi. Bu zaman Sin sülaləsi əcnəbi hökumətlərdən bəzi hərbi kömək aldı, onlar əvvəllər bağlanmış qeyri-bərabər müqavilələri qüvvədə saxlamaq üçün sülalənin qalmağını istəyirdilər.

XIX əsrin sonları — XX əsrin əvvəlləri

[redaktə | vikimətni redaktə et]

1870-ci ildən 1885-ci ilədək qərb ölkələri ilə davam edən bir sıra münaqişələr 1894-cü ildə başlanan Çin-yapon müharibəsi ilə əvəz olundu. Çinlilər quruda və dənizdə bir neçə sarsıdıcı məğlubiyyətə uğradılar. 1895-ci ilin aprelində sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Çin böyük təzminat verməli, yapon tacirləri üçün Çinin daxili rayonlarının qapılarını açmalı və Koreya üzərində Yaponiyanın nəzarətini tanımalı idi. Çin həmçinin 1683-cü ildə bəri idarə etdiyi Tayvan adasını da Yaponiyaya verməli oldu. Danışıqlar gedişində İngiltərə, Fransa, AlmaniyaRusiya dağılmaqda olan Çin imperiyasını ticarətdə onlara daha artıq hüquqlar verməyə məcbur etdi.

Bu dövrdə Çin çoxsaylı Avropa koloniyalarına bölünməkdə idi. Lakin yerli milli-vətənpərvər əhval-ruhiyyənin artması ölkənin məhv olmasının qarşısını almağa kömək etdi. 1899-cu ildə Birləşmiş Ştatlar digər qərb dövlətlərini açıq qapı siyasətini qəbul etməyə inandırdı, bu da bütün ölkələrin Çinlə bərabər əsaslı ticarət hüququnu təmin edirdi. Ayrı-ayrı dövlətlər arasında rəqabət bu siyasətin qəbul olunmasına əsas oldu.

XIX sonunda bir çox çinli qərb ideyalarının Çində yayılmasına şiddətlə etiraz edirdi. Çin qiyamçıları bu təsirlərlə mübarizə aparmaq üçün gizli cəmiyyətlər yaradırdılar. Avropada "boksçular" adlandırılan İxetuan ("Ədalət və həmrəylik naminə yumruq") gizli antimancur təşkilatının üzvləri Pekindəki əcnəbi diplomatlar məhəllələrinə hücum etmişdi. Onlara Sin ordusu dəstək verirdi. Lakin birləşmiş Avropa qoşunları bu üsyanı tez yatırdı. Hökumət adminstrasiyası qərb ölkələrini öz loyallığına inandırmaq üçün var gücü ilə çalışırdı. 1911-ci il müqaviləsinə əsasən Çin 450 milyon kompensasiya ödəməli və öz ərazisində xarici qarnizonların yerləşməsinə icazə verməli idi.

1901-ci ildən sonra bir sıra islahatlar keçirməyə səy göstərildi.Mancurlar dövlət qulluğuna qəbul üçün konfutsiçi ekspertizanı ləğv etdilər, müasir məktəblər yaratdılar və tələbələri xaricə təhsil almağa göndərdilər. Onlar həmçinin ordunu qərb nümunəsi ilə yenidən təşkil etdilər. Bundan başqa, Sin sarayı mərkəzi hökuməti yenidən təşkil etdi, konstitusiya qəbul etməyi vəd etdi və vilayətlərə öz qanunvericilik orqanını seçməyə icazə verdi. Lakin mancur islahatları Sin sülaləsini xilas etmək üçün çox gec idi. Çinin 1895-ci ildə Yaponiyaya məğlub olmasından sonra burada respublika qurulmasına yönləldilmiş hərəkat vüsət almağa başlamışdı. Daha əvvəl, 1894-cü ildə, Qavayyada ixtisasca həkim Sun Yatsen (1866–1925-ci illər) tərəfindən "Çin intibah birliyi" ilk Çin inqilabi təşkilatı yaradılmışdı. Təşkilat Quançjouda üsyan qaldırmağı planlaşdırırdı. Lakin plan müvəffəqiyyətsizliyə uğradı. Sun Yatsen güclə gizlənə bildi. 1905-ci ildə Yaponiyada olan Sun Yatsen bir neçə inqilabi qrupalrı birləşdirdi və "Çin birləşmiş inqilab ittifaqı"nı formalaşdırdı. Onun prinsipləri üç "Xalq prinsipləri": müstəqillik, demokratiya və xalq hakimiyyətindən ibarət idi.

Sun Yatsen millətçilik dedikdə mancur hakimiyyətinin devrilməsi, xalq hakimiyyəti dedikdə – monarxiya əvəzinə respublika, xalqın rifahı dedikdə isə – hər əkinçinin öz tarlası başa düşürdü.

1905-ci ildən 1911-ci ilədək "Birləşmiş ittifaqın" üzvləri mancurlara qarşı bir sıra uğursuz silahlı üsyan təşkil etdilər. Nəhayət, Çin təqvimi ilə Sinxay ili sayılan 1911-ci ilin 10 oktyabrında sənaye şəhəri olan Uçanda bir qrup əsgər uğurla nəticələnən üsyan qaldırdı və bunula da "Sinxay üsyanının" əsasını qoydu. Dekabrın əvvəllərində bütün mərkəzi, cənubi və şimal-qərbi vilayətlər müstəqilliklərini elan etdilər. Birləşmiş Ştatlarda olan Sun Yatsen Çinə qayıtdı. İmperator Pu İ taxtdan salındı. 19 dekabr 1911-ci ildə Sun Yatsen Nankində Çin respublikasının müvəqqəti prezidenti postuna seçildi. Lakin onun hərbi dəstəyi yox idi və hakimiyyət faktiki olaraq elə həmin mancur sülaləsinin hərbi qüvvələri komandanı Yuan Şi Kayın əlinə keçdi. O, Sun Yatsenə ultimatum verdi: ya o, Yuan Şi Kayın xeyrinə hakimiyyətdən imtina edir və bu halda xarici dövlətlər inqilabı tanıyır ya da xarici müdaxilə və digər çətinliklər baş verəcək. Sun Yatsen inqilabın rifahı naminə öz postundan əl çəkir və Pekində hakimiyyətə hərbçilərin "Beyyan" adlandırılan şimal güruhu gəlir. Bu vaxtdan etibarən Çin yeni fəlakətə – regionçuluğa qərq olur və ölkədə bir neçə hakimiyyət mərkəzləri yaranır. Hər bir hərbçi öz ordusuna malik idi, onlar orduya məcburən yeni əsgərlər yığır, öz vergi və maliyyə mənbələrini təyin edir, kəndliləri talan edirdilər. Çin faktiki olaraq bir neçə mahal knyazlıqlarına parçalanmışdı. Onlardan ən güclüsü Yuan Şi Kayın başçılıq etdiyi dəstə idi. Lakin Sun Yatsen ölkənin cənubunda demokratik qüvvələri bir yerə cəmləşdirməyə və Qomindan partiyasını (Qo – dövlət, Min – xalq, Dan – partiya), yəni Xalq və dövlət partiyasını yaratmağa müvəffəq oldu. Partiyanın əsas bazası ölkənin cənubunda Kantonda (Quançjou) yerləşirdi. Nəticədə Çində iki başlıca hakimiyyət mərkəzi əmələ gəldi: Yuan Şi Kayın başçılığı ilə şimal hərbçilərinin yerləşdiyi Pekin və Sun Yatsenin inqilabi demokratik hökumətinin olduğu Quançjou. Qısa bir zaman kəsiyində Yuan Şi Kayın imperatorun devrilməsindən sonra yaradılmış parlamenti buraxdı və 1913-cü ildə Qomindana qadağa qoydu, baxmayaraq ki, o, faktiki olaraq fəaliyyətini cənubda davam etdirirdi.

Bu dövrdə Yaponiya Çinin başlıca xarici düşməninə çevrilmişdi. Artıq Birinci Dünya müharibəsi başladıqda, 1915-ci ildə, Yaponiya Çinə 21 alçaldıcı tələb irəli sürdü və Yuan Şi Kay onları qəbul etməli oldu. 1916-cı ildə o, öldü və varisi yapon hökmranlığından azad olmaq məqsədilə 1917-ci ildə Almaniya və Avstriya-Macarıstana müharibə elan etdi. Çinin Avstriya-Macarıstana qarşı müharibədə iştirakı Avropaya, orada hərbi yollar tikmək üçün, 130 min yük daşıyan fəhlə göndərməyində ifadə olunurdu. Lakin çinlilərin ümidləri doğrulmadı. Belə ki, 4 may 1919-cu ildə Versal müqaviləsi imzalandı, buna da müvafiq olaraq Almaniya İmperiyasının Çin torpağında olan koloniyaları Yaponiyanın protektoratına keçdi. Bu rüsvayçı şərtlər Çində 4 may hərəkatı ilə nəticələnən güclü vətənpərvərlik hisslərinin artmasına səbəb oldu.

Çinin ən yeni tarixi

[redaktə | vikimətni redaktə et]

Bu dövr Çin tarixinə ən yeni mərhələ kimi daxil olmuşdur. "4 may" hərəkatı Çin inqilabının köhnə demokratik mərhələdən yeni demokratik mərhələyə keçidini göstərirdi. O, Çində marksizm-leninizmin yayılmasına və bu təlimin ölkənin inqilabi praktikası ilə birləşməsinə səbəb oldu. Hərəkat Çin Kommunist partiyasının təşəkkül tapması üçün ideoloji və kadr bazası yaratdı. Bu hərəkatın əsas hərəkətverici qüvvəsi Pekin tələbələri, professorları və ümumilikdə bütün intelegensiya idi. Bu qərarlara qarşı etirazlar dalğasında ilk dəfə olaraq siyasi səhnəyə Çin fəhlə sinfi çıxdı. Sun Yatsen inqilabi mərkəzi ilə yanaşı, 4 may 1919-cu ildə Kantonda Pekin universitetinin sosioloq-professoru və Çinin ilk marksistlərindən biri Li Daçjao öz yanında işə götürdüyü Xunan əyalətindən olan kitabxanaçı Mao TszedunPekin universitetinin rektoru, İntelegensiyanın böyük nümayəndəsi Çen Dusyu ilə birlikdə Çində ilk marksist dərnək yaratdılar. Analoji dərnək həmçinin Fransada təhsil almaqdan qayıtmış Çjou Enlay tərəfindən yaradılmışdı. Bu situasiyada Komintern başa düşürdü ki, Çində inqilabi vəziyyət meydana gəlir, partiyanın yaranması üçün şərtlər yetişir və tezliklə oraya öz nümayəndələrini göndərir. Lakin bu nümayəndə heyətinin qarşısında mürəkkəb problem dururdu: Çində kimə ümid etməli. Bir tərəfdən Sun Yatsen artıq yetkinləşmiş Qomindan partiyası ilə real güc təşkil edirdi, digər tərəfdən isə ölkədə yaranan marksist dərnəklər onların əsasında əsl marksist partiya formalaşdırmağa imkan verirdi. Çox mürəkkəb danışıqlar əsasında kompromis qərara gəlmək qəbul olundu: 1 iyul 1921-ci ildə təsis edilmiş Çin Kommunist Partiyası Kominternə və Qomindana kollektiv üzv kimi daxil olur. Həyatının son illərində Sun Yatsen daha solçu istiqamət almışdı. Öz üç başlıca prinsipləri: millətçilik, xalq hakimiyyəti və xalq rifahını sonralar o, üç digər prinsipdə ifadə edirdi: SSRİ ilə ittifaq, Kommunist Partiyası ilə ittifaq və fəhlə və kəndlilərə istinad. Çin Kommunist Partiyası Kominternin Qomindana kollektiv üzvlük haqqında tövsiyəsi üzərində çox düşündü, belə ki, o, başa düşürdü ki, onların məqsədi – kapitalist cəmiyyətinin yenidən forfmalaşdırılması – Qomindanın Milli-Demokratik inqilabdan, yəni yadelli müstəmləkəçilərin ölkədən qovulması və milli dövlətin yaradılmasından ibarət olan məqsədilə üst-üstə düşmürdü. Lakin 1921-ci ildə dünyaya gəlmiş Çinin gənc kommunist partiyası Kominternin dəstəyini, o cümlədən maliyyə və kadr dəstəyini itirməkdən qorxurdu.

1925-ci ildə Sun Yatsen vəfat edir və Qomindanın rəhbərliyində böyük dəyişikliklər başlayır. Çin Orduları komandanı – general Çan Kayşi daha çox üzə çıxır və özünü SunYatsenin varisi kimi təqdim edir. Onun həyat yoldaşı – Sun Meyin və Sun Yatsenin həyat yoldaşı – Sun Sinmin bacı idilər, onların atası varlı kapitalist olmuşdu. Bu dövrdə Kantonda kommunistlərin qomindançılarla birgə yaratdığı Kəndli Hərəkatı Məktəbi fəaliyyət göstərirdi, burada Mao Tszedun dərs keçirdi. Kommunistlər torpağa görə icarə haqqının məhsulun 25%-dən çox olmamasını səsləndirən şüar təbliğ edirdilər ki, bu da ovaxtkı Çin şərtləri üçün böyük təkamül idi, çünki adətən kəndlilərdən bütün məhsulun 80%-ini alırdılar. Çin kommunistləri belə hesab edirdilər ki, klassik Komintern ölkələrindən fərqli olaraq Çində əsas kənd və kəndlilərdir, bu səbəbdən Çin inqilabı sənaye mərkəzlərindən başlamaqla və proletariata istinad etməklə qələbə çala bilməz, buna görə də o, ağırlıq mərkəzini kəndlərə yönəltməli, orada inqilabi baza, silahlı qüvvələr yaratmalı və sonda aqrar inqilabla ölkə miqyasında qalib gəlməlidir.

1926-cı ildə sovet təlimatçıları sayəsində özünü daha inamlı hiss edən Çan Kayşi Şimal yürüşünə başladı. Öncə o, Uxanı zəbt etdi və öz paytaxtını oraya köçürdü, sonra isə Şanxaya hücuma başladı. O zaman Şanxayda güclü və gizli kommunist fəaliyyəti mövcud idi. Çjou Enlay, professor Li Daçjao və digər kommunistlər orada ümumi tətil təşkil etməyə müvəffəq oldular və elə bu vaxt Çan Kayşinin qoşunları şəhərə yaxınlaşdılar. Beləliklə, kommunistlərin və qomindançıların uğurlu birgə fəaiyyəti nətiəsində 1927-ci ilin martında Şanxay alındı. Bu şimal hərbçilərinə qarşı mübarizədə çox böyük qələbə idi, lakin Çan Kayşi başa düşürdü ki, Şanxayın alınmasında kommunistlərin böyük əməyi onların reytinqini xeyli artırmişdır. 12 aprel 1927-ci ildə Çan Kayşi və Qomindanın sağ qanadı əks-inqilabi çevriliş etdilər. Həmin gün Şanxayın libasını dəyişmiş qanqsterlərinin köməyilə Çin Kommunist Partiyasının əsasını qoyan professor Li Daçjao da daxil olmaqla çox sayda kommunist öldürüldü. 1928-ci ildə Çan Kayşi Pekinə tərəf hərəkət edir, ancaq Qomindanın paytaxtı 1949-cu ilə qədər Nankin olaraq qalır. Qeyd etmək lazımdır ki, hətta uğurlu şimal yürüşündən sonra Çin ərazisinin və əhalisinin yarısından azı Çan Kayşinin hakimiyyəti altında qalır. Belə ki, Çinin şimalında və şimal-şərqində hakimiyyət əsasən yerli hərbçilərin əlində idi, Çan Kayşi onlarla da mübarizə aparmasına baxmayaraq, əsas qüvvələr kommunistlərə qarşı idi. Şanxaydan qaçan Çjou Enlay və sonradan kommunist olan keçmiş Qomindan generalı Cu Qe 1 avqust 1927-ci ildə Nançanda Qomindanlara qarşı üsyan qaldırdı, bu tarix çinlilər tərəfindən milli-azadlıq ordusunun yaranması kimi qəbul edilir. Mao Tszedun isə Çanşada üsyan qaldırdı və Din Qan Şan dağlarında Cu Qenin partizanları ilə görüşdü. Beləliklə, birinci vətəndaş müharibəsi – Nançan üsyanı başlandı. O zaman Kommunist Partiyasının başında Sin Jişun dururdu. Qeyd etmək lazımdır ki, Komintern direktivləri Çinin gənc Kommunist Partiyası üçün dağıdıcı idi, çünki Komintern təkid edirdi ki, Nançanda, Çanşıdə, Şanxayda hakimiyyəti özlərinə qaytarsınlar, yəni sənaye proletariatı uğrunda mübarizə aparsınlar. Bütün bu göstərişlər nəinki müvəffəqiyyətsizliyə uğradı, eyni zamanda kommunistlər üçün böyük itkilərə səbəb oldu, bu da Mao Tszedunu bir daha əmin etdi ki, Kominterni eşitməyə dəyməz və onda o, Kommunist Partiyasının rəhbərliyinə qarşı çıxmağa başladı. Kominternin səhv göstərişlərinin iflası ilə əlaqədar Çan Kayşi kommunistlərin kiçik və səpələnmiş bazaları ətrafında cəza yürüşləri dairəsini sıxmağa başladı.

Bu situasiyada kommunistlər strateji köçmə həyata keçirmək qərarına gəldilər – onlar Yantszı çayı rayonundan şimala, Şansi, Qansu və Ninsya əyalətləri qovuşuğuna getməyi qərara aldılar. Bununla da 20 min adamın 10 min li (5.000 km.) tarixi yürüşü başlandı, onlardan yalnız 2 mini – əsas kommunistlər son məntəqəyə çatdılar. 1935-ci ildə onlar Tszunyidə tarixi məşvərət keçirərək Komintern direktivlərini yenidən müzakirə etdilər və yürüşə rəhbərlik edən Mao Tszedunu Mərkəzi Hərbi Şuranın başçısı təyin etdilər. Bu dövrdən etibarən, 1945-ci ildə Partiyanın VII Qurultayında Baş Katib olmasına baxmayaraq partiyanın bütün işlərini faktiki olaraq o, idarə edirdi.

Bu yürüş zamanı daha bir hadisə baş vermişdi. 18 sentyabr 1931-ci ildə yapon qoşunları Mancuriyaya, Çinin üç şimal-şərq əyalətinə çıxardıldı və imperator Pu İnin taxt-tacına ikiyaşlı uşağı oturtdular. Bu Yaponiyanın Çinə qarşı təcavüzünün başlanğıc mərhələsi idi. 1937-ci ilin 7 iyulunda Uluntsyao körpüsü yaxınlığında Yaponiya Çinə qarşı artıq irimiqyaslı hərbi əməliyyatlara başladı. Bu mərhələdə Sovet İttifaqı birinci növbədə Çin inqilabının qələbəsi naminə, ikincisi isə öz təhlükəsizliyi üçün Mao Tszedun və Çan Kayşinin birləşib yapon təcavüzünü dəf etməsində maraqlı idi. Atasına təzyiq göstərmək məqsədilə Sovet İttifaqı Çan Kayşinin bu dövrdə Uralmaş zavodunda işləyən oğlundan istifadə edirdi. Lakin bütün bunlar nəzərə carpacaq nəticələr vermirdi. Bu zaman Çan Kayşi Sianda general Çtan Syuelyanın başçılığı ilə şimal hərbçiləri tərəfindən ələ keçirilmişdi və şimal hərbçiləri ilə danışıqlara gələn Çjou Enlay faktiki olaraq onun həyatını xilas edir. Bir kommunist tərəfindən xilas edilməsi Çan Kayşidə böyük təəssürat döğurur və bu hadisə bütün sonrakı proseslərə təsir göstərir. Beləliklə, 1937-ci ilin sentyabrında Çan Kayşi və Mao Tszedun birgə cəbhə haqqında, Qomindan və Kommunist Partiyası arasında hər hansı silahlı mübarizənin dayandırılması barədə razılığa gəldilər. Çin Qırmızı Ordusunun adı səkkizinci inqilab ordusu ilə əvəz olundu və o, Qomindan xalq-inqilabi ordusunun hissəsi oldu. Çan Kayşi Ali baş komandan təyin edildi, sonralar isə partizan dəstələrində yeni dördüncü ordu yaradıldı ki, bu da Çan Kayşinin komandanlığında idi. 9 may 1945-ci ildə Almaniya məğlub edilsə də, Çin cəbhəsində dönüş nöqtəsi yalnız 8 avqust 1945-ci ildə Sovet Ordusunun Mancuriyada Kvantun ordusunu darmadağın etməsindən sonra başlanmışdır. Təslim edilmiş yaponların bütün silahları Çin Kommunist Partiyasına verildiyindən o, öz qoşunlarını yenidən silahlandıra bildi. Artıq Amerika linkornu Missuridə Yaponiyanın kapitulyasiya aktı imzalananda kommunistlərin milyonluq yaxşı silahlanmış ordusu var idi.

Tezliklə Kommunist Partiyası ilə Çan Kayşi arasında münaqişə yarandı və o, özünün təqribən iki milyonluq tərəfdarı ilə Tayvana qaçmalı oldu və bu zaman özü ilə ölkənin bütün qızıl ehtiyatını və böyük miqdarda daş-qaş götürdü.

Beləliklə, Çində vətəndaş müharibəsi başa çatdı, belə ki, 7-ci Amerika donanmasının ucbatından Çin Tayvan boğazını keçə bilmədi. Öz növbəsində Çan Kayşi qısa müddət ərzində yerli hakimiyyətin müqavimətini qırıb Tayvanda möhkəm Qomindan hakimiyyəti yaratdı. Yapon kapitulyasiyasının şərtlərinə əsasən Çinə yenicə qaytarılmış Tayvan təzədən itirildi. 1949-cu il sentyabrın 21-dən 30-dək Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının (ÇXSMŞ) sessiyası keçirildi, onun işində müxtəlif partiyaların, xalq təşkilatlarının və əhali təbəqələrinin nümayəndələri, o cümlədən bitərəf demokratik xadimlər iştirak edirdi. Sessiya müvəqqəti Konstitusiya rolunu oynayan "Ümumi proqram" qəbul etdi, Mərkəzi xalq hökuməti şurasına seçkilər keçirdi, bunun da sədri Mao Tszedun seçildi. Çjou Enlay ÇXR İnzibati Şurasının sədri və xarici işlər naziri təyin olundu. Oktyabrın 1-i Pekində Tyananmen meydanına təntənli mitinqə yığışan 300 min insanın iştirakı ilə Sədr Mao Tszedun Çin Xalq Respulikasının yarandığını rəsmi olaraq elan etdi.

Kommunistlər hakimiyyətə gəldikdən sonra ilk növbədə kəndlərdə kollektivləşmə prosesinə başladılar. Çində kollektivləşmə qolçomağlığın bir sinif kimi ləğv edilməsi əsasında aparılmadı, əksinə onlar nümunəvi sahibkarlar kimi qəbul edildi və digərləri onlarla bəhsə başladı. Əvvəlcə onlar qolçomaqların ətrafında muzdlu işçi adlandırılan qarşılıqlı kömək üçün əmək briqadaları yaratdılar. İstehsalın artım həddi ilə onlar yüksək tipli kooperativlərə çevrildi. Bu yolla onlar kənd təsərrüfatının kollektivləşməsinə tədricən gəldilər. Çində kollektivləşmə ona görə lazım idi ki, torpaqdan rasional istifadə edilsin və bu da öz müsbət izini buraxdı. Çində kollektivləşmənin inkişafı Rusiyada olduğu kimi istehsalın azalmasına gətirib çıxarmadı, əksinə artım baş verdi. Şəxsi istehsalat və ticarətdə islahatlarla əlaqədar Mao Tszedun deyirdi: "Bizə təkcə kapitalistlərin cibində deyil, həm də onların başındakı kapital lazımdır". Hər şeydən öncə çinlilər Cənub-Şərqi Asiyada yaşayan diasporaya göz gəzdirdilər və onların hər zaman Çinə kömək edən Honq Konqu var idi. Xüsusilə Şanxayda çox olan şəxsi müəssisələr dövlət xüsusi müəssisələrinə çevrilirdilər.

1953–1956-cı illərdə irimiqyaslı sosial dəyişikliklər həyata keçirilmiş, beşillik plan (1953–1957) vaxtından əvvəl yerinə yetirilmişdi. İstehsalatın baza sahələrinin bütöv sırası yaradılmışdı. Çində ilk dəfə olaraq sənaye ölkəsi üçün zəruri olan təyyarəqayırma, avtomobil sənayesi, ağır və dəqiq maşınqayırma, energetika, metallurgiya və mədən avadanlıqları istehsalı, çoxaşqarlı polad və əlvan metal əridilməsi meydana gəlmişdi.

"Elm və texnikanın inkişafının 12 illik proqramı (!956–1967)" vaxtından bir il əvvəl yerinə yetirildi, elm və texnikanın bir çox yeni sahələrinin inkişafı daha sürətli templərlə gedirdi. Bu onilliyin gedişində ÇKP və Çin hökuməti tərəfindən işlənmiş idarəedici kursda bir sıra ciddi səhvlər də üzə çıxmışdı ki, bu da xalq təsərrüfatında çətinliklər törədirdi. 1966-cı ilin mayından 1976-cı ilin oktyabrınadək davam edən "Böyük mədəni inqilab" ÇKP MK Sədri Mao Tszedun tərəfindən başlanılmışdı və onun rəhbərliyi altında həyata keçirilirdi. Lin Byao və Tszyan Sinin başçılıq etdiyi əks-inqilabi qruplaşmalar Mao Tszedunun ömrünün son illərində buraxdığı səhvlərdən istifadə etdilər və onun arxasınca ölkəyə və xalqa fəlakət gətirən geniş fəaliyyətə başladılar. Dövlətə və onun vətəndaşlarına ÇXR qurulduqdan sonrakı bütün müddət ərzində ən ağır itki və ən ciddi ziyan vuruldu. "Mədəni inqilab" zamanı Mao Tszedun ciddi səhvlər buraxmışdısa da, onun bütün həyat və fəaliyyəti təsdiq edir ki, Çin inqilabı qarşısında onun xidmətləri buraxılan xətalardan qat-qat üstündür.

1976-cı ilin oktyabrında Çin Kommunist partiyası geniş xalq kütlələrinin dəstəyi ilə Lin Byao və Tsyan Sinin əks-inqilabi qruplaşmasını darmadağın etdi. Çin yeni inkişaf dövrünə qədəm qoydu. 1977-ci ilin iyulunda bütün ölkənin təkidli tələbi ilə Den Syaopin "mədəni inqilab" zamanı kənarlaşdırıldığı bütün partiya və dövlət postlarına bərpa olundu. 1978-ci ilin dekabrında keçirilən 11-ci çağırış ÇXR MK-nın 3-cü plenumu Yeni Çinin yarandığı dövrdən ölkənin həyatında ən böyük dönüş demək oldu, onun qərarları ölkə və xalq üçün köklü əhəmiyyət daşıyır. 1978-ci ildən Çin islahatlar və xarici əlaqələrin genişləndirilməsi siyasətini tətbiq etməyə girişdi və bu zaman "mədəni inqilab" dövründə və ondan əvvəlki illərdə üzə çıxan solçu səhvləri tamamilə və işgüzarcasına aradan qaldırdı. Bu zaman ölkənin modernləşdirilməsinin həyata keçirilməsi, xalq təsərrüfatının hərtərəfli proporsional inkişafı, iqtisadi və siyasi sistemin islahatı əsas götürülərək tədricən sosialist modernləşməsinin Çin spesifikası ilə həyata keçirilməsinin istiqamətlərini müəyyənləşdirilirdi. 30 ildən artıq islahatlar və açıqlıq siyasəti ərzində Çinin siması mühüm dəyişikliklərə uğramışdır. Bu gün ölkədə şərait ÇXR-in bütün dövründən yaxşıdır, bu da xalqa daha çox maksimal səmərə və fayda gətirir.

Bu fəsilin sonunda oxucuların diqqətini aşağıdakılara cəlb etmək istərdik. Bütün tarixi ərzində Çində bir çox parlaq şəxsiyyətlər olmuşdur. Onlar öz xalqına və bütövlükdə bəşər cəmiyyətinə böyük töhfələr vermişlər. Bu insanların arasında filosoflar, həkimlər, sərkərdələr, siyasətçilər, imperatorlar və başqalrı olmuşdur. XX əsr Çin tarixində dörd parlaq şəxsiyyəti ayırmaq olar: Sun Yatsen, Çan Kayşi, Mao Tszedun və Den Syaopin. Onlar öz ölkələri və xalqları üçün bir çox faydalı və əhəmiyyətli işlər görmüşlər. Onlardan biri demokrat, digəri – amerikayönümlü xadim, başqa biri kommunist, digəri isə praqmatik olmuşdur. Lakin bütün bu şəxsiyyətlər hamısı öz təfəkkür formalarına və bunları kütlənin şüuruna çatdırma metodlarına görə eynidirlər və xarakterlərindəki fərqlərə baxmayaraq onların bütün səyləri məhsuldar olmuşdur. Çinlilər onları eyni cür sevir və yad edirlr. Çinlilər üçün onlar hamısı birdir, belə ki, hamısının arxasında xüsusi Çin yolu ideologiyası durur.

Çin mədəniyyəti

[redaktə | vikimətni redaktə et]

Texniki kəşflər

[redaktə | vikimətni redaktə et]

Erkən orta əsrlərdə çinlilər təsərrüfat və mədəniyyət sahəsində bir sıra uğurlar qazandılar. III–V əsrlərdə çinlilər xüsusi gildən və bəzi dağ süxurlarından çini qablar hazırlayırdılar. Çin sənətkarları daş kömürlə dəmir əritməyi, II əsrdə kağız istehsal etməyi, VI–VIII əsrlərdə kitab çap etməyi öyrəndilər. 1041–1048-ci ildə Çin sənətkarı Bi Şen ayrı-ayrı heroqliflərlə kitab çapının əsasını qoydu. XI əsrdən etibarən ayn-ayrı heroqliflərdən ibarət yığına şriftlər ixtira edildi. VIII əsrdə Çinin paytaxtında "Paytaxt xəbərləri" ilk gündəlik qəzet çap olunmağa başladı. Çin dənizçiləri qədimdə ixtira edilmiş kompası artıq XI əsrdə işlədirdilər. Çində II əsrdə Seysmoskop, III əsrdə spidometr ixtira edilmişdir.

Çində maarif və elm inkişaf edirdi. Müxtəlif sahələrə (əkinçilik, ipəkçilik və s) dair dərsliklər çap olunurdu. Hər bir imperatorun dövründə əvvəlki sülalələrin tarixinə dair çoxcildli kitablar çap edilirdi. Çinlilər deyirdilər: "Keçmişi unutma, o, gələcəyin müəllimidir". Çin səyyahları Mərkəzi Asiya, Hindistan, İndoneziya xalqlarının məişətini təsvir etmişlər. Tibb inkişaf etmiş, Xan sülaləsi dövründə ilk "Farmakologiya kitabı" yazılmışdı. VII əsrdə alimlər palatası yaradıldı və sonralar Xan akademiyasına çevrildi.

Bədii ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

VIII–IX əsrlər Çin poeziyasının "qızıl dövrü" adlanır. VIII əsrdə yaşamış Du Fu "Cəng arabaları haqqında mahnı" poemasında mübarizə aparan kəndliləri müdafiə edirdi.

Memarlıq və incəsənət

[redaktə | vikimətni redaktə et]

III–IV əsrlərdə buddizmin təsiri ilə çoxpilləli qüllələr, mağara-məbədlər inşa edilirdi. Çində budda dini əşyalarını saxlamaq üçün paqodalar (pavilyon şəklində budda məbədləri) tikilirdi. Çin rəssamları kağız və parça üzərində rənglərlə zəngin gözəl peyzajlar, — təbiət mənzərələri yaradırdılar. Çində bu mənzərələrə "dağlar və sular" deyirdilər. Rəssamlar meyvələr, çiçək, quş və s. şəkillər çəkirdilər. Belə şəkillər "çiçəklər və quşlar" adlanırdı. Çinin paytaxtında rəssamlıq akademiyası açılmışdı. VI əsrdə "Tənna səhləb çiçəyi" adlı musiqi pyesi ilk dəfə nota alınmışdı. VIII əsrdə balet tamaşaları geniş yayılmışdı.

  1. 1 2 3 "Nuruzadə Ş.C. Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri). Sumqayıt, "Azəri" nəşriyyatı, 2017" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-05.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]