Heydər Camal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Heydər Camal
rus. Гейдар Джахидович Джемаль
Doğum tarixi 6 noyabr 1947(1947-11-06)
Doğum yeri
Vəfat tarixi 5 dekabr 2016(2016-12-05)[1] (69 yaşında)
Vəfat yeri
Uşağı
Atası Cahid Camal
Fəaliyyəti siyasətçi, romançı, filosof, siyasi fəal[d], şair
İmza
kontrudar.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heydər Camal (Heydər Cahid oğlu Camal; rus. Гейдар Джахидович Джемаль; 6 noyabr 1947, Moskva5 dekabr 2016[1], Almatı) — Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri[2]

Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cahid Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan Heydər Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub.[3] 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir.

1970-ci illərdə Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən birinə çevrilib. Bir sıra futuroloji xarakterli məqalə yazır və Sovet rejimini siyasi taleyini proqnozlaşdırır. Onun proqnozları özünü doğruldur.

1980-ci illərdə Tacikistanda yaşayır və burada İslamın paralel liderləri (sovet orqanları tərəfindən nəzarət edilməyən) ilə yaxınlaşır.

1980-ci illərin sonunda Camal "Yaddaş" cəmiyyəti sıralarına daxil olur, mərkəzi şuraya seçilir. Amma bir il sonra təşkilatla bütün əlaqələrini kəsir.[4]

1990-cı ildə Həştərxanda İslam intibah partiyasının qurulmasında iştirak edir və partiya sədrinin köməkçisi təyin edilir. Eyni ildə "Tövhid" informasiya mərkəzini qurur, 1991-ci ildə "Əl-Vəhdət" qəzetini nəşr edir. Qəzet 1993-cü ilə qədər fəaliyyət göstərir.

1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurur. Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edir. Bu iki il ərzində Heydər dəfələrlə İrana səfər edir, Tacikistanda sülhü bərqərar etmək üçün sülh danışıqları aparır, Rusiya mərkəzi telekanallarında yayımlanması nəzərdə tutulan və İrandan bəhs edən filmlər təşkil edir. Əhmədin ölümündən sonra İranın yüksəkçinli rəhbərləri ilə əlaqələr qurur. Bu sıraya İranın xarici işlər naziri Vilayəti, parlament spikeri Natiq-Nuri, "İran İslam inqilabı keşikçiləri korpusu"nun liderləri daxil idi.

1992-ci ildən Sudanın ali dini lideri Həsən ət-Turabi ilə ideoloji sahədə münasibət yaranır. Heydər və Həsənin ilk tanışlığı birinci Hartum konfransında baş tutur. Bu konfransa dünyanın bütün müsəlmanları dəvət edilmişdi. Növbəti il Heydər Camal Hartum konfransının ali prezidiumuna seçilir. Əvvəlcə bu qurumun rəsmi adı Ərəb İslam Xalq Konfransı olsa da, Camalın təklifi ilə ərəb sözü ləğv edilərək İslam Xalq Konfransı kimi qalır. Amerika Sudana raket zərbəsi endirənə qədər bu konfranslar davam edir və Heydər Camal qurumun aparıcı liderlərindən birinə çevrilir.

Avropanın müsəlman intellektualı "İslam-Avropanın şansı" konfransında Camalın təşəbbüslərini dəstəkləyirlər. Bu konfrans Klaudio Mutti tərəfindən təşkil edilmişdi. Konfransda çıxış edən Heydər Camal müsəlmanların beynəlxalq siyasi təşkilatının qurulmasını təklif edir. Təşkilatın məqsədi Avropa qitəsini Amerikanın hərbi, iqtisadi və siyasi ekspansiyasından qorumaq idi.

1993–1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olur. 1997-ci ilddə o dövrdə İstanbulda bələdiyyə sədri olan Rəcəb Tayyib Ərdoğanla siyasi islamın taleyini müzakirə edir. 1998-ci ildə Cənubi Afrika Respublikasında mühazirələr söyləmək üçün dəvət edilir. Keyptaun universitetinin fəxri doktoru adına layiq görülür. 1999-cu ildə Sankt-Peterburqda keçirilən "Pravoslav-İslam" konfransında İslamın və Pravoslavlığın strateji əməkdaşlığının mümkünlüyü barədə tezis irəli sürür. Eyni ilin sonlarında parlament seçkilərində iştirak edir.

2000-ci ildə Rusiya rəhbərliyinin Məhəmməd Hatəminin rəhbərlik etdiyi İran mollalarının demokratik bloku ilə yaxınlaşmasının əleyhinə çıxır. 2001-ci ildə Heydər Camal siyasi İslamın Qərb anti-qlobalistləri ilə qarşılıqlı münasibəttlərinə aid irimiqyaslı layihə işləyir. Heydər Camal 35 il ərzində zülmün istənilən formasına qarşı mübarizə aparıb. Son 10 ildə radikal müxalifətdə təmsil olunub.

10 mart 2010-cu ildə Heydər Camal, Rusiya müxalifətinin “Putin getməlidir” müraciətini imzaladı.[5]

Rusiyadakı müftilərə münasibəti

Münaqişə Heydər Camalın Rusiya gerbinin dəyişdirilməsi ilə bağlı verdiyi bəyanat fonunda alovlanıb. O, “Rusiya qartalının taclarındakı xaçları vurub salmağı” tələb [6]. Bunun ardınca, Rusiya Avropa hissəsi Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyətinin sədri Ravil Qaynutdin çıxış edərək bildirdi: “Biz dünyəvi dövlətdə yaşayırıq və Rusiya Dövlət Duması tərəfindən qəbul edilən, Rusiya Prezidenti tərəfindən təsdiqlənən Rusiya Federasiyasının dövlət rəmzlərinə hörmətlə yanaşırıq”. Qaynutdin, Rusiya gerbində islam üçün təhqiramiz heç nə görmədiyini vurğuladı [7].

Heydər Camal “Qafqazda İslami strategiya” adlı internet-konfrans iştirakçılarının suallarını cavablandırarkən [8] deyib ki, “müasir rəsmi rus müftiləri — birbaşa ‘Stalinin şinelindən çıxanlardır’. Üstəlik, onlar öz pravoslav ‘həmkarlarına’ nisbətən daha qorxaq və sönükdürlər, hətta qanunla onlara aid olan məsələlərdə israr etməyə belə cəsarət etmirlər, qaldı ki, müsəlmanların mövqeyini səsləndirsinlər”. Bununla yanaşı, Camal bir istisna da vurğulayaraq dedi ki, Rusiya Asiya hissəsi Müsəlmanları Ruhani İdarəsinin sədri Nafigulla Aşirov “öz tərcümeyi-halı və karyerasının qeyri-standart xarakterinə görə, həmçinin mənşə cəhətdən stalinizm dövründə formalaşmış ruhanilər klanına aid olmadığına görə” digərlərindən fərqlənir. Bundan əlavə, Heydər Camal Nijni Novqorod müftisi Ömər İdrisovu da tanınmış islamşünas Tavfiq İbrahimin kitabını nəşr etdirdiyinə görə tənqid edib. Onun fikrincə, Taufiq İbrahim “mürtəd”dir (“dindən dönən”)[9].

Xatirədə qalması

Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.

2016-cı il dekabrın 5-nə keçən gecə Qazaxstanın Almatıda şəhərində, müalicə olunduğu yerdə vəfat edib.[2] Ölümü ilə bağlı təfərrüatları danışan jurnalist Maksim Şevçenko bunları deyib: «Heydər 2 aydan çox müddət ağır onkoloji xəstəliklə Almatıda mübarizə aparırdı. O, dəhşətli ağrılar çəkirdi. Qazaxıstan həkimləri onu bu ağrılardan qurtarmaq üçün əllərindən gələni etdilər. O, əvvəlcədən öləcəyini bilirdi və öz dəfni üçün türkün yurdu olan, müsəlman qardaş-bacılarının yanında olmağı seçmişdi. Ailəsi də onun Almatıda dəfn olunmasına razılıq verdi. Əgər cənazəsini Moskvaya aparsaydılar, şəhərin kənarındakı müsəlman qəbiristanlığında basdıracaqdılar. Məncə, ruhu üçün buradakı dəfn daha rahatdır».

2016-cı il dekabrın 6-da Almatıda, Bağanşıl qəbiristanlığında müsəlman adəti ilə dəfn olunub; dəfn namazını qılan Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin müftisinin dediyinə görə, Camal həyatının bitdiyi yerdə dəfn olunmaq istəmişdir. [10]

  • Heydər Camalın birinci həyat yoldaşı – Yelena Camal (sonralar Yevgeni Qolovinin həyat yoldaşı) – Orxan Camalın anasıdır. Orxanın sözlərinə görə, onun anası «...Sovet cəmiyyətindən kənara düşmüş» bir insan idi, «ömrünün böyük hissəsini kilsə xorunda reqent kimi çalışmışdı», «...pravoslav idi. Bu, “kliroşanka” adlanır, yəni klirosun bir hissəsi, kilsənin bir hissəsi, amma ruhani rütbəsinə malik olmayıb, haradasa kənarda duran şəxs. Əslində, həyatda bu qədər antiklerikal (kilsəyə qarşı) adam görməmişəm. ...O, keşişlərə qarşı son dərəcə tikanlı yanaşırdı! Halbuki, şübhəsiz, özü çox dindar idi və dinin içində yaşayırdı»[11].
  • İkinci həyat yoldaşı: Gülnar Camal (Qalina Norskaya), 1982-ci ildən Heydərlə tanışdır (nonkonformist mühitdəki tanışları vasitəsilə, burada Heydər «mistik ‒ ezoterik, “şeyx”» kimi tanınırdı[12]). İslamı qəbul etmiş və onun təklif etdiyi “Gülnar” (farsca «nar çiçəyi») adını götürmüşdür.
  • Övladları: oğlu Orxan Camal (1966–2018), qızı Kavsar. Oğlu Orxan, 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" və Yevgeni Priqojinlə əlaqəli bir şirkətin istismara başlama ehtimalı olan qızıl yataqları haqqındabarədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyevlə birlikdə qətlə yetirilib.[13][14]

Qarabağ haqqında

“Moskva olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll edilmiş olardı. Rusiya bir növ ‘əks-zəmanətçi’ (antigarant) kimi çıxış edir, onun sayəsində Gürcüstan, Ermənistan və Azərbaycan ətrafında münaqişələr qığılcım kimi qalmaqda davam edir. Ermənistan hazırkı durumu ilə – əhalisi cəmi bir milyonadək azalmış, hakimiyyətdə siyasi böhran olan və iqtisadiyyatı yaşama sərhədində dayanan halda – mövcudluğunu davam etdirə bilmir.” [15] (2009)

“Rusiyanın Ermənistana dəstəyi olmasaydı, erməni dövlətinin mövcudluğu məsələsi artıq bağlanmış olardı. Ancaq Moskvaya bu ‘erməni yarasını’ saxlamaq və dəstəkləmək çox sərfəlidir ki, Azərbaycan üzərində təzyiq vasitəsi kimi istifadə etsin. Gürcüstan üçün belə bir yara isə Cənubi Osetiya və Abxaziyadır.” [15] (2009)

Azərbaycan haqqında

"Bir vaxtlar bakılılar öz şəhərlərinin SSRİ-də ən beynəlmiləl məkan olması ilə fəxr edirdilər, onu az qala “Xəzər Odesası” kimi təqdim edirdilər. Xruşşov dövründə, məsələn, respublikanın paytaxtında titul xalq sayılan azərbaycanlıların sayı cəmi 40 faizdən bir qədər çox idi. Bu şəraitdə xüsusi bir sovet bakılı tipi formalaşmışdı — zarafatcıl və “problemləri olmayan”, ümumbəşəri dəyərlərə söykənən, o cümlədən əsas dəyər kimi “yaxşı həyat” ideyasını üstün tutan insanlar. Bəla bundadır ki, bu düşüncə tərzilə yanaşı, bakılılar bir növ “Pişik Leopold mövqeyi”ni də (məşhur ifadə ilə desək: “Uşaqlar, gəlin mehriban olaq!”) qəbul edirdilər. Beləliklə, Azərbaycan Respublikası paytaxtının — xüsusən də onun azərbaycanlı hissəsinin — düşüncəsində həmişə klassik liberalizmin müşayiət etdiyi sərtlik, “yırtıcılıq” tamamilə yox idi. Bizdən fərqli olaraq, bu sərtlik bütün qonşularımıza — ermənilərə, ruslara, yəhudilərə, Şimali Qafqaz xalqlarına xas idi. Daha az dərəcədə olsa da, gürcülər belə ümumilikdə azərbaycanlılardan daha sərt idilər." Bu bakılı “sadəlövhlük” sonradan Azərbaycan xalqına çox baha başa gəldi. Ən kədərlisi isə odur ki, o sovet illərində formalaşmış yaşlı nəsildən olan bir çox bakılı hələ də dünyanın necə qurulduğunu başa düşməyib və biz azərbaycanlıların ortaq mentalitetinə zərərli, “arxayınlaşdırıcı” təsir göstərməkdə davam edir. Hələ də tez-tez belə fikirlər eşidilir ki, guya sovet dövründə Bakı “ziyalılığın” qorunduğu bir məkana çevrilmişdi, ancaq sonra o gözəl “ikinci Odessa”ya “rayondan gələnlər” axışdı. Bu sosial rasizm nümunəsi diqqətçəkicidir. Bəlkə də bu, azərbaycanlı icmasının mürəkkəb və tam başa çatmamış etnogenezi faktının əks olunma formasıdır. Bakının (nəhayət!) azərbaycanlı sima qazanmasına sevinmək əvəzinə, köhnə bakılılar onun beləcə “onsuz da zəif və kosmopolit” görkəminin tədricən keçmişdə qalmasına acıyırlar. (2009) [16]

Azərbaycan dilində

  • Yeni Teologiya. Başla Kitab nəşriyyatı, 2021
  • Oriyentasiya - Şimal. Başla Kitab nəşriyyatı, 2022
  • Susqunluğun Anatomiyası. Başla Kitab nəşriyyatı, 2023
  • Şər və Cəmiyyət. Başla Kitab nəşriyyatı, 2024

Rus dilində

  • Ориентация - Cевер. М. 1981.
  • Революция пророков. М.: Ультра.Культура. 2003. ISBN 5-98042-018-5.
  • Освобождение ислама. УММА. 2004. ISBN 5-98587-006-5.
  • Окно в ночь. Стихотворения. Екатеринбург: Ультра.Культура. 2004. ISBN 5-9681-0020-6.
  • Стихотворения. Москва: Традиция. 2017. ISBN 978-5-9909614-1-8.
  • Исламская интеллектуальная инициатива в XX веке. UMMAH. 2005. ISBN 5-98587-017-0. (под общей редакцией Г. Джемаля)
  • Стена Зулькарнайна. Социально-политическая мысль. 2010. ISBN 978-5-91579-047-5.
  • Фузеи и Карамультуки. Социально-политическая мысль. 2010. ISBN 978-5-91579-040-6.
  • Дауд vs Джалут (Давид против Голиафа) (1000 nüs.). М.: Социально-политическая мысль. 2011. ISBN 978-5-91579-046-8.
  • Сады и пустоши. Новая книга. Москва: Издательство Перо. А. М. Магомедов. 2021. ISBN 978-5-00189-799-6.
  • Новая теология. Москва: ЭКСМО. 2020. ISBN 978-5-04-110039-1.
  • Логика монотеизма. Избранные лекции. Москва: ЭКСМО. 2021. ISBN 978-5-04-119381-2.
  • Познание смыслов. Избранные беседы. Москва: ЭКСМО. 2021
  • Джемаль от А до Я (глоссарий). Москва: ИП Шевченко. 2019. ISBN 978-5-6043677-8-0.
  1. 1 2 Geydar Dzhemal // https://pantheon.world/profile/person/Geydar_Dzhemal.
  2. 1 2 İslam dünyasına ağır itki — Heydər Camal öldü Arxivləşdirilib 2021-07-25 at the Wayback Machine. olke.az, 05.12.2016 (az.)
  3. "Heydər Camal həyatı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  4. http://154.35.160.109/Iki_semanin_qartali_-_-171714-xeber.html#.WEeoIOhRVcs[ölü keçid]
  5. ФСБ подтвердила причину обысков у Гейдара Джемаля. 2012-03-31 tarixində arxivləşdirilib.
  6. Исламист Джемаль требует сбить кресты с корон Российского орла. 2013-06-03 tarixində arxivləşdirilib.
  7. Муфтий Равиль Гайнутдинов отмежевался от провокационного заявления муфтия Аширова и Джемаля… // Русская линия. 17.12.2005. 2007-09-12 tarixində arxivləşdirilib.
  8. "Война на Украине имеет цель подставить Путина и вынудить его уйти".
  9. Гейдар Джемаль обвинил исламских лидеров России в забитости и трусости // Интерфакс-Религия. 27.02.2008. 2013-07-31 tarixində arxivləşdirilib.
  10. "Heydər Camal dəfn olundu". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
  11. ""Война и журналистика – это свобода"". Радио Свобода. 2018-07-31. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-23.
  12. "Паломничество длиною в жизнь" (rus). Профиль. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
  13. Znak.com Вера Воробьева 01.08.2018 СМИ: убитые в ЦАР журналисты хотели снимать золотые прииски, связанные с «поваром Путина» Arxiv surəti 2 avqust 2018 tarixindən Wayback Machine saytında
  14. Ирек Муртазин. "«Эта дорога оживленная и достаточно безопасная»". Новая газета. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  15. 1 2 A., B. "Гейдар Джемаль: «Американо-израильский тандем абсолютно не заинтересован в урегулировании нагорно-карабахского конфликта точно также как и Россия»". day.az (rus). 10.01.2009. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2024.
  16. Кадырова, Саадат. "Гейдар Джемаль: Нужно по-новому увидеть Ислам - как метод организации будущего, как свежий ветер". IslamNews.ru (rus). 05.04.2009. İstifadə tarixi: 24.12.2024.