Paul fon Heyze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paul fon Heyze
Doğum adı Paul Johann Ludwig von Heyse
Doğum tarixi 15 mart 1830(1830-03-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 aprel 1914(1914-04-02)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, dramaturq, tərcüməçi, romançı, yazıçı, boyakar[d]
Əsərlərinin dili alman dili
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paul İohann Lüdviq fon Heyze (alm. Paul Johann Ludwig von Heyse‎, 15 mart 1830[1][2][…], Berlin[3]2 aprel 1914[1][2][…], Münxen[3]) — alman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1910).

Alman şairi, nasir və dramaturq Paul İohann Lüdviq fon Heyze Berlində, professor ailəsində doğulmuşdu. Atası ixtisasca filoloq olsa da, sənətə məhəbbət, yaradıcılıq istəyi və istedadı ona "emosional, qeyri-adi dərəcədə parlaq qadın" kimi xatırladığı yəhudi əsilli anasından keçmişdi. Təbii ki, Berlin bomondunun toplaşdığı evləri və ailə mühiti də burada mühüm rol oynamışdı.

Paul Hayze Berlin və Bonn universitetlərində klassik ədəbiyyat və roman filologiyası üzrə mühazirələr kursu dinləmişdi. Sonra təhsilini İtaliyada davam etdirmişdi. İtaliyaya uzun müddətli səfər alman şairini həmişəlik bu ölkəyə bağlamış və onu italyan poeziyasının alman dilinə ən yaxşı tərcüməçilərindən biri kimi tanıtmışdı. Heyzenin ədəbi zövqünün müəyyənləşməsinə Dante, Bokkaçço və Cakomo Leonardi kimi İntibah şairlərinin böyük təsiri olmuşdur.

1854-cü ildə kral II Maksimillian 24 yaşlı gənci Münhenə, öz sarayına dəvət etmişdi. Monarxdan aldığı səxavətli təqaüd müqabilində Heyzenin bütün işi sadəcə sarayın intellektual həyatında iştirakdan ibarət idi. Heç bir maddi problemi olmayan Paul Heyze tezliklə müəlliminin qızı Marqaret Kuqlerə evlənmiş, xanımı və dörd uşaqının əhatəsində Münhendəki villasında rahat və zəngin həyat yaşamışdı.

Paul fon Heyze (1860)

Burada o, ədəbiyyatçı dostları E.Heybel, T.Linq və F.Bodenştedtlə (Mirzə Şəfi Vazehin tələbəsi, onun şeirlərini alman dilinə çevirən, sonralar isə müəlliminin yaradıcılığını öz adına çıxan həmin Bodenştedtdir) birlikdə Münhen estet-şairlər klubunu yaratmışdı. Klubun üzvləri "təmiz sənət" şüarı ilə çıxış edir, xüsusilə kapitalist qaydalarının, bürger əxlaqının və texniki tərəqqinin cəmiyyət həyatının bütün sahələrinə sürətlə daxil olduğu bir şəraitdə poeziyanın ilkinliyini və saflığını qorumağı əsas vəzifələri sayırdılar.

Həyatdan hər vasitə ilə zövq almaq, epikürizm, estetçilik və müəyyən erotika ünsürləri Paul Heyzenin XIX əsrin 60-70-ci illər yaradıcılığı üçün səciyyəvidir. O, müxtəlif janrlarda çox və asan yazmağı bacarırdı.

Şair Paul Heyzenin "Nəğmələr və şəkillər" (1877), "İtaliya şeirləri" (1880) kitablarında toplanan bir sıra poetik parçaları mütəxəssislər indi də alman lirikasının diqqətəlayiq nümunələri kimi dəyərləndirirlər.

Yazıçı Paul Heyze tarixi-romantik və müasir mövzulu "Marion" (1855), "Trepldən olan qız" (1858), "Sonuncu kentavr" (1863), "Əsrin övladları" (1873), "Cənnət" (1875), "Bütün zirvələrdən yüksəkdə" (1895), "Merlin" (1892) "Veneranın doğuluşu" (1909) və s. povest və romanların müəllifidir.

O, həm də 100-dən çox novella yazmışdır. Alman ədəbiyyatı mütəxəssislərinin fikrincə, Heyze–nasirin istedadı, müşahidə qabiliyyəti, obraz və xarakter yaratmaq bacarığı özünü daha çox bu novellalarda göstərmişdir. Lakin Avropa ədəbiyyatında realizm və naturalizmə, sosial problemlərə güclənən maraq fonunda alman yazıçısının romantik üslub, süjet və qəhrəmanlar üzərində köklənən, gerçəklikdən uzaq əsərləri ümumi ədəbi proseslə dissonans təşkil edirdi. Bu baxımdam Heyze hələ şöhrətinin zirvəsinə yüksəldiyi dövrdə nisbətən gənc həmkarlarından bir sıra tənqidi iradlar eşitməli olmuşdu.

Paul fon Heyze (dekabr, 1878)

Heyze-dramaturq da kifayət qədər məhsuldar idi. Onun qələmindən 60-a yaxın pyes çıxmışdır. Səhnə əsərlərinin çoxu mövzu etibarı ilə İncillə, yaxud alman tarixi ilə əlaqəli idi. "Meleager" (1854), "Adrian" (1865), "Qolberq" (1868) "Hans Lanqe" (1886) tarixi dramları, "Mariya Maqdalena" (1899) faciəsi bir vaxtlar alman səhnəsində uğurla tamaşaya qoyulsa da, bu gün maraq və diqqət cəlb etmirlər.

Nəhayət, Heyze-memuarist özünün təxminən yarım əsrlik yaradıcılıq yoluna 1900-cu ildə çap etdirdiyi "Gənclik xatirələri və etiraflar" əsəri ilə yekun vurmuşdu. Bu xatirələr təkcə müəllifin deyil, alman cəmiyyətinin və ədəbiyyatının XIX əsrin ikinci yarısında keçdiyi yola ümumiləşdirilmiş baxış idi.

1910-cu ildə 80 yaşlı Paul Heyze tarixçi Teodor Mommzen və filosof Rudolf Eyken istisna olunmaqla, alman yazıçıları arasında ilk Nobel mükafatı laureatı oldu. İsveç Akademiyasının daimi katibi K.Virsen təqdimat nitqində onu "müasir Almaniyanın ən maraqlı şairi" adlandırmış, "haqlı olaraq müasir psixoloji novellanın yaradıcısı sayıldığını" bildirmişdi.

Mükafat Paul Heyzeyə "lirik şair, dramaturq, romançı və dünya miqyasında tanınan novellalar müəllifi kimi uzun və məhsuldar yaradıcılığı zamanı nümayiş etdirdiyi bədiilik və idealizmə görə" verilmişdi. Müəllif xəstə olduğundan Nobel mükafatı laureatı medalı və diplomu Stokholmdakı alman səfiri qraf fon Puklerə təqdim edilmişdi.

Ədəbi uzunömürlülüyünə və məhsuldarlığına (24 cildlik novellalar, 6 roman, 60-a yaxın pyes, 9 cildlik poeziya, 2 cildlik memuarlar) baxmayaraq artıq Nobel mükafatı aldığı dövrdə Paul Heyze alman ədəbiyyatının unudulmağa başlayan simalarından idi. Müasir dövrdə isə onun yaradıcılığı daha çox filoloqları və ədəbiyyat tarixçilərini maraqlandırır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Paul Heyse // Geneological database Merkel-Zeller.
  3. 1 2 3 4 Хейзе Пауль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]