Qarasaqqal sövməəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarasaqqal sovməəsi
Qarasaqqal sövməəsi
Qarasaqqal sövməəsi
Ölkə  Azərbaycan
Şəhər Laçın
Yerləşir Yuxarı Qarasaqqal
Tikilmə tarixi XVII əsr
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qarasaqqal sovməəsi (Azərbaycan)
Qarasaqqal sovməəsi

Qarasaqqal sovməəsiLaçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndinin mərkəzində və XVII əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib.


Kürdhacı inzibati ərazi dairəsində yerləşən Yuxarı Qarasaqqal kəndi dəniz səviyyəsindən 1741 m-dən artıq yüksəklikdə, Qırxqız dağının cənub yamacında qərarlaşır. Kənd daxilindən keçən şose yolun kənarında Qarasaqqal sovməəsi və sovməəyə yaxın ərazidə olan qədim qəbristanlığın qalıqları mövcud idi. Sovet dönəmində sovməədən kolxoz üçün anbar kimi istifadə edilmişdir. Bu tarixi abidə heç vaxt dövlət tərəfindən qeydiyyata alınaraq abidə kimi qorunmamış və sovməənin ərazisində ən xırda arxeoloji qazıntı işləri belə aparılmamışdır.

Qarasaqqal sovməəsinin tavanı çatma tağlarla tamamlanan günbəzli, bir nefli, mərkəz tipli bazilikası olan və olduqca diqqətəlayiq, eləcə də dövrünün tələblərinə uyğun şəkildə inşa olunmuşdur.

Özünəməxsus kompozisiyası olan Alban məbədi hər iki tərəfdən mehrablı apsidası olan düzbucaqlı formada balzika ilə tamamlanmışdır. Giriş qapısı mehrablı apsidası olan cübbə və sovməə avadanlıqlarını saxlandığı otağa açılır. Sovməənin dam örtüyü və tavanı yarımdairəvi tağ şəkilində quraşdırılmışdır. Məbədin inşası zamanı təbii, irili xırdalı daşlardan və əhəng qatışığından istifadə olunmuşdur. Məbədin daxili divarları xüsusi ustalıqla suvanmışdır. Xaricdən olan ölçüsü: 9.6х5.2 metrdir (cənub fasadı 10.7 m).

Hava şəraiti və inşaat materiallarının quruluşu nəzərə alınaraq divarlar 1 metrə yaxın qalınlıqda hörülmüşdür. Şimaldan və cənubdan olmaqla İki giriş qapısı olmuşdur. Qapılardan biri təxminən 200 il bundan əvvəl bizə məlum olmayan səbəbdən daş divar hörülərək bağlanmışdır. Məbədin inşası haqqında dəqiq bir məlumat yoxdur. Yuxarı divarların hörgüsü zamanı istifadə edilən XV və ya XVI əsrlərə aid məzarüstü daş parçaları sovməənin XVI və ya XVII əsrlərdə yenidən bərpa (inşa) olunmasını güman etməyə əsas verir.

Deməli aparılan tədqiqatlar və ümumi araşdırma nəticəsində müəyyən edilir ki, bu məbədin təməl divarları daha qədim zamanlarda, yuxarı divarlar isə çox-çox sonra inşa olunub. Belə ki, binanın şərq apsidasında, pəncərənin aşağısında, yerdən beş cərgə hündürlükdə olan təməl divarına hörülmüş iri daş kitabədə yazılanlar bunu təsdiq edir. Aparılan qeydlərə əsasən məbəd 1246-cı ildə inşa edilmişdir. Daş kitabənin bir hissəsi divarın içəri dərinliyində qaldığı üçün ardının oxunması mümkün deyildir.

Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Laçın rayonunun digər əraziləri ilə birlikdə Yuxarı Qarasaqqal kəndinin ərazisi də döyüş meydanına çevrildi və kənd ərazisi ilə bərabər sovməə və digər daş abidələr bir müddət sonra işğal edildi.[1]

  1. "Qarasaqqal sovməəsi - Laçının əsir abidələri" (az.). qlobal.az. 29.11.2017. 08.10.2024 tarixində arxivləşdirilib.