Səfiyə Əli
Səfiyə Əli | |
---|---|
Doğum tarixi | 2 fevral 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1952[1] (61 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Təhsili | |
Fəaliyyəti | həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Səfiyə Əli (türk. Safiye Ali; 2 fevral 1891, İstanbul, Osmanlı imperiyası – 5 iyul 1952[1], Dortmund, Şimali Reyn-Vestfaliya) — Türk həkimi.
O, Türkiyə Respublikasının ilk qadın həkimi və tibb təhsili almış ilk qadınıdır. Ana və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən Səfiyə Əli Süd Damlası Evləri ilə tanınır.
O, həkim fəaliyyəti ilə yanaşı, İstanbulda başlayan feminist hərəkatına da qatılaraq türk qadınlarının seçilmək hüququ uğrunda mübarizə aparıb.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Səfiyə Əli 1894-cü ildə İstanbulda anadan olub. Onun atası Sultan Əbdüləziz və II Əbdülhəmidin köməkçilərindən Əli Kırat Paşa, anası isə Şeyxülhərəm Hacı Emin Paşanın qızı Əminə Hasenə xanımdır. Səfiyə Əli ailədə dörd bacının ən kiçiyi olub.[3]
Ailəsi Osmanlı imperiyası dövründə müxtəlif xidmətləri ilə tanınırdı. Onun babası Hacı Emin Paşa 17 il Məkkə Şeyxülislamı olmuş və hələ də fəaliyyət göstərən beş vəqf təsis etmişdir.[3] Atasını gənc yaşlarında itirən Səfiyə Əli babası Emin Paşanın Validəçeşmədəki malikanəsində böyüyüb.[3]
İstanbulda Amerika Qızlar Kollecində təhsil alan Səfiyə xanım 1916-cı ilin yanvarında kolleci bitirib.[4] Hələ Kollecdə təhsil alarkən həkim olmaq qərarını vermişdi. O dövrdə qadın xəstələri qadın həkimlərə üstünlük verdiyi üçün ölkədə qadın həkimlərinə ehtiyac var idi, lakin Darülfünun Tibb fakültəsi hələ qız tələbələri qəbul etmirdi. O, Birinci Dünya müharibəsi illərində maddi çətinliklərə baxmayaraq, Almaniyaya gedərək Vürzburq Universitetinin Tibb fakültəsində təhsil aldı. Dövrün Maarif naziri Əhməd Şükrü bəyin köməyi ilə dövlət təqaüdü alan Səfiyə Əli alman dilini tez bir zamanda öyrənərək dərhal dərslərə başlayıb.[4] Amerika Qızlar Kollecinin məzunu olduğu üçün ona çətinlik yaradan Bavariya Milli Təhsil Nazirliyi imtahanda birinci yerin sahibi olması qarşılığında Səfiyə Əliyə "doktor namizədi" adını verdi. Onun diplomu işi 1921-ci ildə müdafiə etdiyi "Körpələrdə daxili paximeningit qanaxması" mövzusunda olub.
İstanbula qayıtdıqdan 6 həftə sonra qadın və uşaq xəstəlikləri üzrə ixtisaslaşmaq üçün yenidən Almaniyaya qayıdan Səfiyə xanım həkim Ferdinand Krekeler (sonralar Fərdi Əli kimi tanınıb) ilə ailə həyatı qurur.[3]
1923-cü ilin iyununda Türkiyənin ilk qadın həkimi kimi vəsiqəsini alan Səfiyə xanım həyat yoldaşı ilə birgə Cağaloğluda klinika açdı. İlk vaxtlar onun klinikasına tanınmadığına görə heç kim gələn olmurdu.[5] Beş il İstanbulda həkim işləsə də, onun ana və uşaq sağlamlığı sahəsində göstərdiyi təmənnasız xidmətləri klinikadakı işinin önünə keçdi. Bu dövrdə o, həm də Robert Kollecinin nəzdində açılan ilk qadın tibb məktəbində ginekologiya və mamalıqdan dərs deyərək qızlara tibb təhsili verən ilk qadın müəllim kimi tarixə düşdü.[3]
Ana südündən kəsilən və steril süd içmək imkanından məhrum olan uşaqlar üçün 1925-ci ildə Fransa Qırmızı Xaç Cəmiyyəti tərəfindən qurulan və Himaye-i Etfal Cəmiyyətinin nəzdinə verilmiş Süt Damlası Evinin rəhbəri olan Səfiyə Əli, buradakı könüllü fəaliyyəti ilə cəmiyyətə uğur qazandırmışdır. Onun buradakı işinə qadınları əmizdirməyə təşviq etmək, uşaqların sağlam qidalanmalarına kömək etmək üçün müxtəlif təlimlərin təşkil edilməsi daxil idi. Səfiyə Əli süddən kəsildikdən sonra 1 yaşından sonra xəstə və zəif uşaqlara qulluq etmək üçün Hilal-i Əhmər Xanımlar Mərkəzi Gənc Uşaq Klinikasını qurdu. London, Vyana və Bolonyada keçirilən konqreslərdə Himaye-i Etfal Cəmiyyətini təmsil etmişdir.[3] Karyerasının zirvəsində ikən "Süt Damlası"ndan istefa verməli olan Səfiyə xanım 1928-ci ilin yanvarından özəl həkim kimi çalışmağa başlayıb. O zaman İstanbulda həkimlər arasında yeganə həkim kabineti olan qadın idi. Bu dövrdə cəmiyyət qadın həkimə o qədər yad idi ki, Əlil Veteranların Böyük Ticarət Salnaməsində kitabında onun adı "Səfiyə Əli bəy" kimi qeyd olunmuşdu. Cümhuriyyətin ilkin illərində qadın hərəkatının üzvü olan Səfiyə Əlinin 1928-ci ildə Bolonyada keçirilən Beynəlxalq Qadın Həkimlər Konfransından qazandığı ictimai və elmi təcrübələri Sərvət-i Fünun jurnalında dərc edilmişdir.[5]
Səfiyə Əli peşəkar fəaliyyəti ilə yanaşı, İstanbulda başlayan feminist hərəkata qoşularaq Türk Qadınlar Birliyinin Sanitar Komissiyasının sədri də olub. Bu illər ərzində fahişəliklə mübarizə aparıb.[3]
O, xərçəng xəstəliyinə tutulduqdan sonra Türkiyəni tərk edərək Almaniyada məskunlaşıb. İkinci Dünya müharibəsi illərində xəstə olmasına baxmayarq karyerasını davam etdirib. O, 5 iyul 1952-ci ildə 58 yaşında Dortmundda vəfat edib.
İrsi
[redaktə | mənbəni redaktə et]- Onun adı İstanbulda ailə sağlamlığı mərkəzinə verilib.[6]
- 2 fevral 2021-ci ildə Google onun 127 yaşını Google Doodle ilə qeyd edib.[7]
- 30 noyabr 2022-ci ildə Dortmundda bir küçəyə onun adı verilib.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ Yıldırım, Nuran. "Türkiye'nin İlk Kadın Doktoru Safiye Ali". İstanbul Tarih Vakfı Yurt Yayınları, 2012. İstifadə tarixi: 30 Nisan 2016.
- ↑ 1 2 3 4 5 6 7 Kardaş, Ayşe. "Türkiye'nin ilk kadın doktoru: Safiye Ali". www.lacivertdergi.com. Laciver Dergi, Say 8 , Aralık 2014. 2 Haziran 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Çolak, Güldane. "Turkish Female Students Studying in Germany: The Case of Safiye Ali". Türk-Alman İlişkileri Sempozyumu, 8-10 Ekim 2009. İstifadə tarixi: 30 Nisan 2016.
- ↑ 1 2 Kadın Eserleri Kütüphanesi ve Bilgi Merkezi Vakfı, 2017 Ajandası, "Kadın Hayatlarını Yazmak, Oto/ Biyografi Yaşam Alıntıları", sayfa 9
- ↑ "İstanbul Sağlık Müdürlüğü". Istanbulsaglik.gov.tr. 2021-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Safiye Ali's 127th Birthday". Google. 2 February 2021. 1 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2024.
- ↑ "Ruhr News website, Turkish doctor becomes namesake; Hannah Rosenbaum explains renaming of streets in Dortmund, article by Kevin Kindel dated December 2, 2022". July 17, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2024.