Sidqi Ruhulla
Sidqi Ruhulla | |
---|---|
Doğum adı | Ruhulla Fətulla oğlu Axundov |
Doğum tarixi | 28 mart (9 aprel) 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1959[1] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Atası | Fətulla Axundov |
Fəaliyyəti | aktyor, teatr rejissoru, opera rejissoru[d], kinorejissor, rejissor |
Fəaliyyət illəri | 1906–1959 |
Teatr | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası[1] – 5 may 1959[1], Bakı[1]) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949).
Həyatı
[redaktə | vikimətni redaktə et]Erkən illəri
[redaktə | vikimətni redaktə et]1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi.
Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir. Ticarət işlərinə qətiyyən həvəs göstərməyən Ruhullanın məqsədi oxuyub, təhsilini davam etdirmək idi. O, dükanda sözə qulaq asmayan şagird sayılırdı. Dükana vaxtında gəlmirdi, vaxtının çoxunu özündən savadlı olan gənclərlə keçirərdi. Bu gənclərin əksəri maarifçi və inqilab ruhlu insanlar idi.
1904-cü ildə Molla Fətulla dünyasını dəyişir, Ruhulla dostlarının məsləhəti ilə atasından qalan ev əşyalarını satır və topladığı vəsaitlə Moskva şəhərinə təhsil almağa gedir. O, ümid edirdi ki, qohumlarının dəstəyi ilə Moskvada təhsil ala bilər. Lakin bu arzu boş çıxdı. Ruhulla Moskvada təhsilini başa vura bilməyib, Bakıya döndü.[2] Qohumları Ruhullanı başa salmaq istəyirdilər ki, yaxşı yaşamaq ancaq ticarətdədir. O isə bu boş təşəbbüsü heç cür qəbul etmirdi. Ruhulla inadkar xarakterə malik cavan idi. Kiminsə əsarətində olmaq onun xarakterinə yad idi. Onda azad yaşamaq arzusu üstün idi. Bu arzunun ilk rüşeymlərini onun qəlbində Bakının coşqun inqilabi mühiti yaratmışdır.[3]
Yaradıcılıq fəaliyyəti
[redaktə | vikimətni redaktə et]İlk səhnə dövrü (1908–1919)
[redaktə | vikimətni redaktə et]1905–1906-cı illərdə 20 yaşlı Ruhulla bir neçə tətillərdə iştirak edir. Bakının tanınmış inqilabçıları ilə dostluq edir. O, hər hansı bir vasitə ilə xalqına xidmət etməyi qarşısına məqsəd qoyur. İlk növbədə oxumaq, təhsil almaq haqqında düşünür. Təhsil almaq arzusu baş tutmayan Ruhulla 1906-cı ildə Azərbaycan səhnəsinin böyük faciə aktyoru Hüseyn Ərəblinski ilə tanış olur. O, Ərəblinskini ilk dəfə Mirzə Fətəli Axundovun "Vəziri xani Lənkəran" komediyasında Teymur ağa rolunda görür. Bu ifadan vəcdə gələn Ruhullanın gələcək taleyi həll olur. Sidqi Ruhulla yazır ki:
Mən hələ teatr nədir, aktyor nəyə deyərlər bilməzdim. Birinci dəfə məni yoldaşlarımdan biri "Tağıyev teatrı"na apardı. Həmin axşam Mirzə Fətəli Axundovun "Vəzirixani-Sərab" əsəri oynanılacaq idi. Teatrın balkonunda oturub tamaşanın başlanmasını gözləyirdik. Zəng vuruldu. İşıqlar söndü. Birdən divarın bir tərəfi yuxarı qalxış məni təəccübə saldı. Aktyorlardan bir neçəsi oynadıqdan sonra yenə divar aşağı endi. İkinci pərdə başlandı. Bir nəfər oğlan səhnəyə gəldi. Həmin oğlanın oynamağı başqalarından ayrılırdı. Bu oğlan Teymur Ağanın rolunu oynayırdı. Onun cəld hərəkətləri, çevikliyi, danışığı məni özünə cəlb etdi. Pərdə endikdən sonra mən yanımdakı yoldaşımdan həmin oğlanın niyə o birilərindən yaxşı oynadığını soruşdum. Yoldaşım: "o oğlan əsl artistdir" deyə məni başa saldı, "artist" sözü məndə bir maraq oyatdı. Çünki mən hələ kiçik vaxtımda Buzovna kəndində olarkən şəbih çıxaran şair Saqib mənə: "Sən artistsən" demişdi və mənim də xəyalımdan keçdi ki, "Görəsən mən də elə artist olarammı?"[4] |
Hələ kiçik yaşlarından aktyor sənətinə həvəs göstərən Ruhulla Buzovnada yaşadığı illərdə "Kos-kosa" və şəbih tamaşalarında Arus Qasım və Əli Əkbər rollarında çıxış etdiyi üçün onu artist deyə çağırardılar. Bakıda Ağa Kərbəlayi Məlikovun mağazasında çalışan Ruhulla həqiqi sənəti və böyük aktyor Ərəblinskini görəndən sonra qəlbindəki həvəs baş qaldırdı, gələcək taleyini səhnəyə bağladı. Daha sonra Ruhulla Ərəblinski ilə dostluq etdi. Səhnəyə olan böyük sevgisini ona bildirdi. Ərəblinski onun məğrur qamətində, uça boyunda, heç kəsə bənzəməyən gözəl səsində, mimikasında gələcəyin böyük aktyorunu görüb, səhnəyə cəlb etdi.
XX əsrin əvvəllərində Azərbaycan səhnəsində qadın rollarını kişi aktyorları ifa edirdi. Ruhullanın da ilk rolu Balaxanı dram dərnəyində H. Ərəblinskinin quruluş verdiyi və 1908-ci il dekabr ayının 21-də (Bəzi mənbələrdə 1906-cı il qeyd olunur) tamaşaya qoyulan Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolu olub.[5] Tamaşada dövrün tanınmış aktyorları olan Əhməd Qəmərlinski, Ağalar Gəraybəyov, Yusif Ağayev, Xəlil Hüseynov, Yunis Nərimanov, Rza bəy Məlikov iştirak ediblər. Digər qadın rollarında Stepanova və Mixayılova çıxış ediblər. Avqust ayının 6-da isə Nuxa teatr həvəskarları "Yağışdan çıxdı, yağmura düşdük" komediyasını oynayıblar.
Tez-tez müraciət edilən bu komediya dekabr ayının 1-də Bakının Qara Şəhərindəki Xalq evində Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" vodevili ilə birlikdə göstərilib. Tamaşalarda Məhəmməd Əlvəndi, Hüseyn Ərəblinski, Ruhulla Axundov (Sidqi Ruhulla), Murad Muradov, Hüseynqulu Sarabski, İsmayılov, Stepanova, Mixayılova (Ufri) iştirak ediblər. Tamaşanın rejissoru Saracan Valentinov idi.
Həmin illərdən etibarən Sidqi bir müddət Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, ara bir şəhərdə də tamaşalar verirdi.[5] Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə Ərəblinski Sidqinin talantına çox böyük qiymət verirdi.[5] Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsininin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində də yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".[5]
Sidqi Ruhulla 1908-ci ildə müstəqil teatr fəaliyyətində fəallaşmağa başladı.[6] O, səhnəyə gəldiyi ilk iki ildə "Sidqi Axundov", "S. Axundov", "A. Sidqi" imzası ilə çıxış edib.[6] Bir müddət sonra "Sidqi Ərəbli", "Ərəbli", "Ruhulla Ərəbli", "Ərəbski" olub.[6] Çünki həmin vaxtlar gənc aktyorların əksəriyyəti əda, danışıq tərzi, ləqəb ilə Hüseyn Ərəblinskiyə oxşamağa çalışırdılar.[6] Sidqi aktyor kimi Azərbaycanda və Tiflisdə, Volqaboyu şəhərlərində tanınandan sonra "Sidqi Ruhulla" kimi çıxış etdi.[6]
S. Ruhulla 1909-cu il aprel ayının 3-də yenə də Ərəblinskinin quruluşunda Bakıda "Dənizçilər kulubu"nda ("Morskoy sobranıe") N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy rolunda çıxış etdi. H. Ərəblinski "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy kimi mürəkkəb xarakterə malik olan obrazı Sidqiyə tapşırmışdı. Rüstəm bəyi ifa etməyə tərəddüd edən Sidqini Ərəblinski ürəkləndirib, rolun öhdəsindən gəldiyinə inandırdı. Öz müəlliminə diqqətlə qulaq asan Sidqi Rüstəm bəy obazı üzərində məsuliyyətlə işləməyə başladı. Rolu hazırlayarkən Sidqi bəzi çətinliklərlə üzləşdi. Lakin inadından dönmədi. Mütəmmadi olaraq Ərəblinskiyə müraciət edib, ondan bəzi məsləhətləti alırdı. Sidqi ona tapşırılan işi yüksək səviyyədə yerinə yetitməli, böyük sənət sınağından şərəflə çıxmalı idi. Tamaşadan sonra Əbdürrəhim bəy Haqverdiyev, N. Vəzirov, Həsən bəy Zərdabi və başqaları Sidqini təbrik etdilər.
1909-cu il dekabr ayının 8-də "Ərəbli" təxəllüsü ilə Nadir şah rolunda çıxış edən S. Ruhulla öz oyununda müəyyən nöqsanlara yol vermiş, əsasən H. Ərəblinskini təqlid etmişdir. "İqbal" qəzetində artistin oyununda "yeni heç nə görülmədiyi", "hərəkət və davranışlarının H. Ərəblinskinin təqlidindən ibarət" olduğu qeyd edilir. "Yeni həqiqət" qəzetində isə yazılırdı ki, "onun hərəkətləri qəhrəmanın daxili məzmunu ilə uyuşmur". Lakin sonralar S. Ruhulla Nadir şah obrazının ifasına daha ciddi yanaşmış və müvəffəqiyyətli nəticələr əldə etmişdir. Qəzetlərdə xəbər verilirdi ki, "bu ilki mövsüm N. Nərimanovun "Nadir şah" tarixi faciəsi ilə açıldı. Baş rolda çıxış edən artist S. Ruhulla öz vəzifəsini yaxşı yerinə yetirdi".
Ruhulla bir-birinin ardınca Ə. Haqverdiyevin "Bəxtsiz cavan" faciəsində Musa (rej. H. Ərəblinski, 04.05.1909, İrəvan), Nəriman Nərimanovun "Nadir şah" faciəsində Təhmas (rej. H. Ərəblinski, 10.05.1909, İrəvan), E. Çirikovun "Yəhudilər" əsərində Berezin (rej. H. Ərəblinski, 15.05.1909, İrəvan), Molyerin "Zorən təbib" komediyasında Qətran bəy (rej. H. Ərəblinski, 20.05.1909, İrəvan), N. Nərimanovun "Nadir şah" faciəsində Nadir şah (rej. M. M. Kazımovski, 08.12.1909, Bakı), N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Fəxrəddin (rej. M. M. Kazımovski, 11.12.1909, Bakı) rollarını ifa edib.
1906–1920-ci illərdə S. Ruhulla təxminən 250-dən artıq şəhər və rayonlar gəzmiş, tamaşaçılar qarşısında çıxışlar etmişdir. O, Moskva, Sankt-Peterburq, Təbriz, Tehran, Rəşt, Qəzvin, İsfahan, Şiraz, Səmərqənd, Buxara, Mərv, Aşqabad, Xarkov, Kiev, Tula, Tiflis, İrəvan, Krasnovodsk, Dərbənd, Maxaçqala, Vladiqafqaz, Qroznı, Əndican, Ufa, Sərab, Ərdəbil, Ənzəli, Kazan, Batumi, Odessa, Rostov, Suxumi, Yalta, Sevastopol, Simferopol, Tuapse, Soçi və başqa şəhərlərdə olmuşdur.
1912-ci ilin yaz mövsümünün sonunda Siqdi Ruhulla İrəvan şəhərinə qastrola getmişdir.[7] Onun rejissorluğu və yerli həvəskarların yaxından iştirakı ilə burada "Müsibəti-Fəxrəddin" faciəsi göstərilmişdir.[7] Sidqi Ruhulla İrəvanda həm Fəxrəddin, həm də Rüstəm bəy rollarında səhnəyə çıxmışdır.[7]
İyun ayında Sidqi Ruhulla İrəvanda qastrol səfərini başa vuraraq Lənkəran-Astara bölgəsinə gəlmişdir.[7] Astaradakı Cəmiyyət evində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" və Nəcəf bəy Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" dramlarını tamaşaya hazırlamışdır.[7] Yerli səhnə həvəskarları Cahangir Daşdəmirov, Xankişi Şahvələdov, Ramazan Mirzəbəyov, Məmmədəli Fətullayev, Ələkbər Haşımbəyov və başqaları tamaşanın hazırlanıb göstərilməsində Sidqi Ruhullaya yaxından yardımçı olmuşlar.[7]
Aktyorun kino fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Sidqi Ruhulla Azərbaycan kinosunda çox çəkilməmişdir. O, cəmi bir neçə filmdə kiçik və ikinci dərəcəli obrazlar yaratmışdır. Onun əsas fəaliyyəti kinonun ilk dövrlərinə düşdüyü üçün texnika məhdud idi. O, ilk olaraq 1928-ci ildə yaranmış, Cənubi Azərbaycandakı milli azadlıq hərakatının iştirakçılarından bəhs edən "Gilan qızı" filmində Hacı Zəkidər rolunda çəkilmişdir.[8]
Sidqi Ruhulla çəkildiyi filmlərin ümumi işində, xüsusilə kütləvi səhnələrin qurmalarında əlbəsələrin seçilib hazırlanmasında öz xidmətini əsirgəməz, "bu tarixdir" — deyə şövqlə çalışardı.[8] Sənətkar kinoda kiçik rollarda çəkilməkdən də imtina etməmişdir.[8]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Bismillah (film, 1925) (tammetrajlı bədii film)
- Gilan qızı (film, 1928) — rol: Hacı Zəkidər (tammetrajlı bədii film)
- Hacı Qara (film, 1929) — rol: Əliyar Bəy (tammetrajlı bədii film)
- Qızıl kol (film, 1930) (tammetrajlı bədii film)
- Kəndlilər (film, 1939)
- Fətəli xan (film, 1947)
Ölümü
[redaktə | vikimətni redaktə et]1959-cu il may ayının 5-də teatrın istirahət günü Sidqi Ruhulla ömrünün 74-cü ilində vəfat etdi. May ayının 5-i saat 11–30-da teatrın kollektivinə Sidqi Ruhullanın vəfatı əlaqədar xəbər verildi. Onun ölümü Azərbaycan teatrı üçün ağır itki idi. O dövrün partiya və dövlət rəsmləri, respublika mətbuatı vasitəsilə səhnə ustası, SSRİ xalq artisti, teatrın təbliğində böyük xidmətlər göstərmiş Sidqi Ruhullanın ölümü ilə bağlı nekroloqlar imzaladılar.
May ayının 6-da Akademik Milli Dram Teatrında Sidqi Ruhulla ilə vida mərasimi keçirildi. Onun cənazəsi səhnədə postamentin üzərində qoyulmuşdu. Dəfn mərasimində SSRİ mədəniyyət naziri Nikolay Mixaylov, yaxın respublikaların mədəniyyət nazirləri, dövlət rəhbərləri (V. Y. Axundov, A. Bayramov, M. Qurbanov), yazıçılar, alimlər, sənətşünaslar və saysız hesabsız pərəstişkarları iştirak edirdilər. Dəfn mərasimində mədəniyyət naziri M. Ş. Qurbanov, yazıçı, akademik M. İbrahimov, teatrın direktoru və bədii rəhbəri A. İsgəndərov söylədikləri vida sözlərində Sidqi Ruhullanın teatr üçün əlindən gələni əsirgəmədiyini xüsusi vurğuladılar, onun yaradıcılığının qüdrətindən danışdılar. Matəm mintinqi birinci Fəxri xiyabanda davam etdirildi. Mədəniyyət naziri M. Ş. Qurbanov, A. İsgəndərov, SSRİ xalq artisti Mərziyə Davudova, yazıçı S. Rəhimov, rejissor L. Səfərov, Ə. İsmayılov çıxışlarında Sidqi Ruhullanın böyük sənətindən qürur hissi ilə danışdılar. Onun İranda və Orta Asiyadakı qastrol səfərləri, orada teatrın təşkili məsələləri xüsusi qeyd edildi.
İyun ayının 13-də axşam 6:30-da Akademik Milli Dram Teatrın kollektivi Sidqi Ruhullanın məzarını ziyarət etmək üçün birinci Fəxri xiyabana gəldilər. Sidqi Ruhullanın məzarı üstündə SSRİ xalq artisti Adil İsgəndərov, İsmayıl Dağıstanlı və Hacıməmməd Qafqazlı çıxış etdilər.
İrsi
[redaktə | vikimətni redaktə et]1987-ci il yanvarın 30-da və 2006-cı illərdə Sidqi Ruhullanın anadan olmasının 100 və 120 illik yubileyi qeyd olunmuşdur.[8] Sidqi Ruhullanın böyük sənəti haqqında müasir tamaşaçılara geniş məlumat verilmiş, haqqında mətbuatda məqalələr dərc edilmişdi.
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 noyabr 1938
- Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1931
- "Stalin" mükafatı (II dərəcə) — 1948
- "Lenin" ordeni — 1956
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 22 iyul 1949
- "Əmək igidliyinə görə" medalı
- "Qafqazın müdafiəsinə görə" medalı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 Рухулла Сидги // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Mədəniyyət TV. "Azərbaycan teatrının inkişafına öz töhfəsini verən böyük sənətkar Sidqi Ruhulla" (az.). Youtube.com. 10.04.2024. İstifadə tarixi: 2024-04-10.
- ↑ Kərimov İ. Qüdrətli səhnə ustası (S. Ruhullanın anadan olmasının 100 illiyi münasibətilə). "Azərbaycan gəncləri", 27.01.1987.
- ↑ Ruhulla S. Kaşki Hüseyn sağ olub bu günləri görəydi. “Hüseyn Ərəblinski”, Bakı, Azərnəşr, 1949, səh. 65-72.
- ↑ 1 2 3 4 Cəfərov M. C. Sidqi Ruhulla. Bakı, Az. TC, 1949.
- ↑ 1 2 3 4 5 Rəhimli İ. Akademik Milli Dram Teatrı. Birinci kitab, Bakı, Qapp-Poliqraf, 2002.
- ↑ 1 2 3 4 5 6 Əliyeva Ə. Nəcəf bəy Vəzirov və teatr. Azərbaycan teatrının antologiyası (I cild), Bakı, "E. L.", 2013, səh. 198–205
- ↑ 1 2 3 4 Kərimov İ. Qüdrətli səhnə ustası (S. Ruhullanın anadan olmasının 100 illiyi münasibətilə). "Azərbaycan gəncləri", 27.01.1987
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 9 apreldə doğulanlar
- 1886-cı ildə doğulanlar
- Buzovnada doğulanlar
- 5 mayda vəfat edənlər
- 1959-cu ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- 2-ci dərəcəli "Stalin" mükafatı laureatları
- SSRİ xalq artistləri
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Əlifba sırasına görə teatr xadimləri
- Azərbaycan aktyorları
- Azərbaycanın teatr rejissorları
- Azərbaycan opera rejissorları
- Bakıda doğulanlar
- Səssiz film aktyorları