Tyerri Nuar
Tyerri Nuar | |
---|---|
fr. Thierry Noir | |
| |
Doğum tarixi | |
Doğum yeri | Lion, Fransa |
Fəaliyyəti | incəsənət xadimi, aktyor, rəssam |
Janr | küçə sənəti |
Stil | pop art |
thierrynoir.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi [1] . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir.[2] Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır.[3]
Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır. Tyerri müsahibələrindən birində Qərbi Berlinə gəldiyi ilk həftədə belə tanış olduğu əksər insanın rəssam olduğunu və ondan da rəssam olduğunu soruşduqda yalandan bunu təsdiq etmək qərarına gəldiyini bildirmişdir. Nuar necə də olsa yaşamaq üçün rəsm əsərləri yaratmağa başlamış və onu Qərbi Berlinin mərkəzi rayonlarında olan turistlərə satmağa başlamışdır.
Onun qaldığı otağın pəncərəsindən görüntü birbaşa olaraq Berlin divarının sosialist Almaniya Demokratik Respublikası ilə olan sərhədinə doğru açılırdı. Yaşadığı hissə divara yaxın yerləşdiyindən bura ona çox melanxolik və darıxdırıcı gəlirdi. Ətrafda hər hansısa bir küçə hərəkəti, nə mağaza, nə də piyada keçidi vardı. Ancaq özündə hər hansı bir lozunqu (antiamerikan, antitürk və s.) birləşdirən bəzi qraffitilərə rast gəlmək olardı. 80-ci illərdə küçə sənəti (street art) vandalizm hesab olunduğindan alman küçə sənətçiləri divarda nəsə təsvir etməkdən çəkinirdilər. Bura onlar üçün tabu anlamı daşıdığından berlinlilər buranı “rüsvayçılıq divarı” adlandırmışdılar. Lakin 1984-cü ilin avqustunda Berlin rəssamlarından ilk olaraq Tyerri əlinə rəngləri alaraq Berlin divarını qraffitilərlə bəzəməyə başlayır.
Başlanğıcda Şərqi alman əsgərlərinin düşmənçilik münasibətilə qarşılaşmaqla yanaşı, çoxsaylı qərbi berlinli tərəfindən təhqiramiz sözlərə də tuş gəlmişdir. Bir çoxları onun çəkdiyi rəsmlərin Fransa hökuməti tərəfindən bəzi əcaib təbliğatçılıq təlimlərinin bir hissəsi olduğunu düşünürdü. Bəziləri isə bu rəsmlərin divarı gözəbaxımlı etdiyini düşünürdülər.
Rəssam cavabında baxımsız divarı gözəbaxımlı etməyin rənglərsiz mümkün olmadığını və məqsədinin "buranın daha məzəli görsənərək dağıdılmasını sürətləndirmək" olduğunu bildirmişdir. O divarın dağıdılma gününə qədər təxminən 5 km-ə qədər olan hissəyə rəsmlər çəkmişdir.
Rəsm çəkən zaman ehtiyatlı olmaq lazım idi. Belə ki sərhəd divardan yox, ondan bir neçə metr aralıdan keçirdi. Bu səbəbdən divar tamamilə ADR-in ərazisinə düşürdü. Divarı silahlı mühafizəçilər qoruyurdu. Kimsə divara yaxınlaşardısa, mühafizəçilərin onları saxlamaq hüququ var idi. Berlin divarının mövcud olduğu dövrdə (1961-ci ilin 13 avqustu-1989-cu ilin 13 noyabrı) 98 nəfər insan divarı keçmək istəyərkən güllələnmişdir.
Onun sürətli rəsm çəkmə üslubu patrul mühafizəçiləri tərəfindən daimi təhlükənin olması səbəbindən inkişaf etmişdir. Bəzi hallarda onlar hətta ADR-in əsgərləri tərəfindən təhlükələrə də məruz qalmışdılar. O, yalnız bir dəfə sənət yoldaşı Kristof Buşe ilə birgə divarda dəlik açaraq ora metal qapı qoyan zaman ADR əsgərləri tərəfindən saxlanılmışdılar. Tyerri Qərbi Berlinin mərkəzində yerləşən restoranlardan birində kiçik rəsmlərini satarkən kinorejissor Vim Venderslə tanış olmuşdur. Söhbət zamanı rejissor 1987-ci ildə ekranlara çıxmış Tyerrini “Berlin üzərində səma” filmində çəkilməyə dəvət edir. Filmdə rəssam özünü canlandırmış, o pilləkana söykənərək divarda rəsm çəkən zaman təsvir olunmuşdur. Bu, filmdə ağ-qara Berlin divarının rəngə boyandığı ilk rəngli fraqmentdir.[4]
Tədricən Vendersin filmi məşhurlaşdıqca qərbi berlinlilər Tyerriyə öyrəşmiş, ona qarşı mülayim tərzdə münasibət göstərməyə başlamışdılar. Əsas verilən suallar isə “Sizə kim buna görə pul ödəyir?'Siz xüsusi xidmət orqanındansız?” dəyişməz qalmışdı.
1989-cu il 13 noyabr tarixində Berlin divarı dağıdılmışdır. Həmin hadisəni sonralar xatırlayan Tyerri 5 illik işinin məhv olmasına kədərlənmədiyini bildirmişdir:
“"Mənim dünyam" məhv olsa da, mən ağlamırdım. "Mənim dünyam" demək,özü belə təkəbbürlülükdür. Bu hansısa bir incəsənət layihəsi yox, sadəcə ölümcül sərhəd idi. 136 nəfər insan bu divar səbəbindən həlak olmuşdur. Hər kəs buranın dağıdılmasından xoşbəxt idi". |
Çoxsaylı şərqi berlinli onlar üçün əlçatmaz olan Qərbi Berlinə keçmişdir. Bu zaman Nuar əlinə fırça və rəngləri alaraq divarın şərq tərəfdən olan əks hissəsinə yollanaraq müəyyən müddət ərzində divarda qraffitilər yaratmışdır. Divarın həmin hissəsi "East Side Gallery" adı ilə tanınır və hal-hazırda Berlinin ən çox başçəkilən görməli yerlərindən birinə çevrilmişdir.
Almaniyanın birləşdirilməsindən sonra divarın böyük hissəsi aradan götürülmüşdür. Tyerri Nuarın rəsmlərinin də olduğu divarın fraqmentləri dünyanın müxtəlif şəhərlərində muzey eksponatları kimi nümayiş olunmuşdur. Bəzən onu bir çox ölkələr (Cənubi Koreyadan Meksikaya qədər) onlarda olan keçmiş Berlin divarının solmuş fraqmentlərin üzərində yenidən işləməyə xüsusi qonaq kimi dəvət etmişdilər.
Digər işləri
[redaktə | mənbəni redaktə et]2009-cu ildə Nuarın başçılıq etdiyi 120 nəfərlik rəssam qrupu Berlin divarındakı 2000-ə yaxın yararsız hala düşmüş təsvirlərin üzərində yenidən çalışmışdılar.
2013-cü ilin avqust-sentyabr aylarında Londonun Dalic rəsm qalereyasının (Dulwich Picture Gallery)tərəfindən bir neçə küçə sənətçisinə qalereyanın kolleksiyasına daxil olan məşhur barokko dövrü rəsmlərinin remeykinin yaradılması təklifi irəli sürülmüşdür. Həmin sənətçilər arasında Tyerri Nuar da vardı. O, italyan rəssam Covanni Battista Tyepolonun “Yusif firondan üzük alır” (1755) rəsmini qalereyanın divarının bir hissəsində yaratmışdır.
2014-cü ilin aprelində Londonda yerləşən Hovard Qriffin qalereyasında Tyerrinin şəxsi sərgisi nümayiş olunmuşdur. Onun rəsmləri təxminən 6-7 min avro qiymətində dəyərləndirilir.
Tyerri Nuar 80-ci illərdə yaratdığı üslubda da rəsmlər çəkməyinə davam edir. O, hətta 30 il əvvəl çəkdiyi bir çox fiqur və heyvan obrazlarını yenidən çəkmşdir. Tyerri Berlindən savayı, digər şəhərlərdə (məsələn; London) də küçə əsərləri yaratmışdır.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Nuarın sevimli süjetləri arasında iri dodaqlı uzanmış simalar, sarı timsahlar, rəngli dovşanlar, parlaq rəngli fillər: Pablo Pikasso və Xuan Miro, Jan-Mişel Baskiya və Kit Harinqin qarışıq üslubu geniş yer almışdır. Rəssam həmçinin, onun yaradıcılığına Devid Boui, İqqi Pol, Lu Rid, Kraftwerk, Led Zeppelin, Nina Hagen kimi musiqiçilərin böyük diqqət yetirdiyini də bildirmişdir.
Tyerri Nuar onu söhbətə cəlb edən insanlardan və hər an tutmağa cəhd edən sərhədçilərdən yayındığı üçün yaradıcılığını “sürətli formanın manifesti” adlandırmışdır. Rəssam, həmçinin,yaradıcılığının qraffiti deyil, əvəzində kilometr incəsənəti adlandırılmasının tərəfdarı olduğunu da vurğulamışdır. Nuarın fikrincə, onun təsvirlərinin yaradılması üçün "iki ideya və üç rəng" kifayətdir.
Berlin divarının dağıdılmasından sonra Nuarın rəsmləri olan divarın qalıqları bir çox şəhərlərə, muzeylərə yayılmışdır.
- Batteri Park, Nyu-York, ABŞ;
- Yokohama, Taponiya;
- Cerri Spayerin kolleksiyası}, Nyu-York, ABŞ;
- Vende muzeyi, Los-Anceles, ABŞ;
- ABŞ Hərbi Hava Qüvvələri milli muzeyi, Deyton, ABŞ;
- Azadlıq parkı , İnçxon, Cənubi Koreya ;
- Soçimilko, Meksika.
İrsi
[redaktə | mənbəni redaktə et]Nuarın rəsmləri Almaniyanın birləşməsi və soyuq müharibənin bitməsindən sonra əldə edilən azadlığın yeni simvoluna çevrilmişdir. İrland rok qrupu U2 Nuarın rəsmlərini Şərqi Almaniya istehsalı olan Trabant avtomobillərində nümayiş etdirmiş və sonradan 1991-ci ildə buraxdıqları "Achtung baby" albomunu bu rəsmlərlə bəzəmişdilər. Albomda "Zoo station" kimi Berlin divarının dağıdılmasından və "soyuq müharibə"nin sonunda Avropada baş vermiş dəyişikliklərdən ilhamlanaraq yazılmış mahnılar yer almışdır.
2000-ci ildə çəkilmiş Nach Dem Fall ("Dağıntıdan sonra") sənədli filmində 10 il sonra Nuar öz sənətindən və Berlin divarının dağıdılmasının vacibliyindən söz açmışdır.[5]
2009-cu ildə, Berlin divarının dağıdılmasının 20 illik yubileyi ilə əlaqədar Los-Ancelesdə yerləşən Vende muzeyinin təşəbbüsü ilə "Divar" ("The Wall") layihəsi çərçivəsində Nuarın da işlərinin daxil edildiyi Berlin divarından qalmış 10 hissə nümayiş olunmuşdur.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "'Street art is political' - Thierry Noir". The Voice of Russia. 20 February 2013. 27 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-13.
- ↑ Sanguinetti, Pablo. "The beauty of monstrosity: Berlin Wall as work of art". Monsters and Critics. 9 August 2011. 30 August 2011 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Dicker, Holly. "Street art: graffiti in Berlin". Time Out Berlin. n.d. 2013-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-13.
- ↑ Burke, Jason. "Berlin Wall given a facelift as freedom painters return" Arxivləşdirilib 2017-12-27 at the Wayback Machine The Guardian, Retrieved 5 March 2014.
- ↑ "After the Fall" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine IMDB.com, Retrieved 8 March 2014.
- ↑ ""The Wall Project"". 2014-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-21.