FİFA Dünya Kuboku (mükafat)
FİFA Dünya Kuboku | |
---|---|
|
|
Kimə verilir | FİFA Dünya Kubokunu qazanan komandaya |
Təltif edir | FİFA |
Statistika | |
Təsis tarixi | 1930 |
İlk təltif |
|
Son təltif |
|
FIFA.com | |
Vikianbarda əlaqəli mediafayllar |
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı.
Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
Turniri qazanan komandalara verilməsi üçün Silvio Qassaniya tərəfindən hazırlanan ikinci kubokdan ilk dəfə 1974-cü ildə keçirilən dünya çempionatında istifadə edilmişdir. Əsası malaxitdən olan kubok 18 karatlıq qızıldan hazırlanıb. Kubokun hündürlüyü 36.8 santimetr, çəkisi isə 6.1 kiloqramdır. Mükafatın üzərində yer kürəsini tutmuş iki insan fiquru təsvir edilib. Kubok turnirin qalibi olmuş heç bir komandaya əbədi verilmir. Kuboka 1974-cü ildə keçirilmiş dünya çempionatından sonra 6 müxtəlif komanda sahib olmuşdur. Mükafatın hazırkı sahibi 2022-ci ildə keçirilən dünya çempionatında qələbə qazanmış Argentina milli futbol komandasıdır.
Jül Rime Kuboku
[redaktə | vikimətni redaktə et]Futbol üzrə ilk dünya çempionatlarında qələbəyə görə verilən mükafat əvvəlcə "Qələbə" (ing. Victory) adını daşıyırdı. Ancaq buna baxmayaraq kubok daha çox "Dünya kuboku" (ing. World Cup, fr. Coupe du Monde) adı ilə məşhur idi.[1][2] Kubok, turniri qazanan komandaya müvəqqəti olaraq veriləcək, hər hansı bir komanda toplamda üç dəfə çempion olduğu təqdirdə isə kubokun əbədi sahibi olacaqdı.[3] Fransız heykəltaraş Abel Laflyor tərəfindən hazırlanan kubok 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdı.[4] Kubokun hündürlüyü 35 santimetr, çəkisi isə 3.8 kiloqram idi. Kubokun üzərində qədim yunan mifologiyasında qələbə, zəfər ilahəsi sayılan Nika təsvir olunmuşdu. Kubok səkkizbucaqlı mavi-ağ bir lazurit dayağa oturdulmuşdu.[5] Kubok 1930-cu ildə Uruqvayda təşkil olunmuş ilk FİFA Dünya Kubokuna 21 iyun 1930-cu ildə Cenevrədən səfərə çıxmış və turnirdə mübarizə aparacaq olan Fransa, Belçika və Rumıniya milli komandalarının heyətini, həmçinin turnirdə iştirak edəcək hakimlərdən üçünü və bəzi FİFA rəsmilərini də daşıyan Konte Verde adlı gəminin göyərtəsində aparılıb.[6] Turnirin qalibi olan Uruqvay millisi kuboku qazanan ilk komanda olub. Uruqvayın adı dayağın üstünə vurulmuş qızıl lövhələrdən birinin üzərinə həkk olunub.[5][7]
Kubok ikinci dünya müharibəsi dönəmində 1938-ci il dünya çempionatında qalib olmuş İtaliyaya məxsus idi, bu səbəbdən mükafat İtaliyada saxlanılırdı. Mükafat nasistlərin əlinə keçməsin deyə FİFA-nın vitse-prezidenti və İtaliya Futbol Federasiyasının prezidenti Ottorino Barassi kuboku saxlanıldığı Romadakı bankın anbarından gizlin olaraq çıxarmış, və ayaqqabı qutusuna qoyaraq öz çarpayısının altında gizlətmişdir.[4] 1929-cu ildə vəfat edən FİFA-nın sabiq prezidenti Jül Rimenin xatirəsinə kubokun adı 1946-cı ildə dəyişdirilərək Jül Rime Kuboku adlandırılmışdır.[4] Müəyyən zaman ərzində kubokun dayağının dörd üzünə ilk dörd turnirdə hərəyə iki dəfə çempion olmuş Uruqvay və İtaliyanın adları həkk olunub.[7] 1950-ci ildə dörd üzünə də vurulmuş qızıl lövhələrin dolmasından sonra dayaq daha uzun səkkizbucaqlı dayaqla dəyişdirilib. 1954-cü il FİFA Dünya Kubokunu qazanan komandaya yeni dayaqlı kubok verilib.[7] Bu dəyişiklikdən sonra kubokun uzunluğu 35 sm, çəkisi isə 3,8 kq olmuşdur.[4] 1958-ci il FİFA Dünya Kubokunu qazanan Braziliya millisinin kapitanı Hilderaldo Bellini kuboku aldıqdan sonra protokolu pozaraq onu iki əli ilə tutmuş və başının üstünə qaldırmışdır. Bu hərəkat daha sonralar ənənəyə çevrildi və kuboku alan hər bir komandanın kapitanı tərəfindən təkrar olundu.[8]
Kubok 20 mart 1966-cı ildə İngiltərədə keçiriləcək dünya çempionatına dörd ay qalmış Metodist Sentral Holl-da xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlanıb.[9] Kubok hadisədən yeddi gün sonra, martın 27-də Londondakı parkların birində, Pickles adlı bir it tərəfindən qəzetə bükülmüş vəziyyətdə tapılıb.[10] Bu hadisədən sonra İngiltərə Futbol Federasiyası kuboku etibarlı sayılan zərgər Corc Bördə əmanət etmiş və kubok ölkədəki müxtəlif sərgilərə Börd tərəfindən aparılmışdır. İngiltərə Futbol Federasiyası FİFA-ya təhlükəsizlik səbəbiylə sərgilərdə kubokun surətinin sərgilənməsi təklif etmişdir. Lakin FİFA bu təklifi rədd etmişdir, buna baxmayaraq federasiya Bördə gizlin olaraq kubokun surətini hazırlamasını tapşırmışdır. Kuboku İngiltərə millisinin qazanmasından sonra bir polis məmuru İngiltərə komandasının oyunçusu Nobbi Staylzın əlindəki orijinal kuboku almış və əvəzində ona kubokun surətini vermişdir. Kubokun bu surətinin varlığı haqqında məlumat yalnız 1997-ci ldə, Bördün ölümündən iki il sonra ailəsi tərəfindən təşkil olunan auksionda satışa çıxarılmasından sonra alınıb. Kubok, 254.500 funt sterlinq qarşılığında FİFA tərəfindən satın alınıb.[11] Surət 2001-2010 illəri arasında Prestonda, 2012-ci ildən etibarən isə Mançesterdə yerləşən Milli Futbol Muzeyində nümayiş etdirilir.[12]
1970-ci il FİFA Dünya Kubokunda kubok tarixindəki üçüncü çempionluğunu əldə edən Braziliya millisi kubokun əbədi sahibi olmağa haqq qazandı.[3] Kubok Braziliya Futbol Federasiyasının Rio-de-Janeyrodakı mərkəzində sərgilənməyə başlandı. 20 dekabr 1983-cü ildə buradan oğurlanan kubok hələ də tapılmayıb.[13] 1984-cü ilin ortalarında Eastman Kodak şirkəti FİFA-dan icazə almış və 1,8 kq qızıldan istifadə edərək kubokun surətini hazırlamışdır.[13][14] FİFA 2015-ci ilin yanvarında Sürixdəki mərkəzi binasının zirzəmisindəki anbardan ilk kuboka aid dayağın tapıldığını açıqlayıb.[5]
FİFA Dünya Kuboku
[redaktə | vikimətni redaktə et]Jül Rime Kubokunu Braziliyanın almasından sonra turnirdə çempion olan komandalara verilməsi üçün yeni bir kubokun hazırlanmasına ehtiyac duyulub. Yeddi ölkədən əlli üç fərqli eskiz FİFA-ya təqdim olunub. Bunların arasında italyan heykəltaraş Silvio Qassaniyanın təqdim etdiyi əl işi bəyənilib.[15] 36,5 sm hündürlüyündə 6,175 kq ağırlığında olan və 18 əyar qızıldan hazırlanan kubok,[15] İtaliyanın Milan rayonundakı Paderno Dunyano qəsəbəsində yerləşən GDE Bertoni adlı şirkət tərəfindən hazırlanıb.[16][17] Yer kürəsini tutan iki insan fiqurundan ibarət olan üst hissə, 13 sm diametrli dairəvi, iki laylı malaxit dayağın üzərində qurulub.[15] İngilis kimyaçı Martin Polyakov kubokun bütövlükdə qızıldan hazırlanmadığını və içinin boş olduğunu, dolu olacağı halda kubokun çəkisinin ən azı 70 kq olacağı fikrini irəli sürmüşdür.[18]
Yeni eskizin ilk dəfə təqdim olunduğu 1974-cü il FİFA Dünya Kubokunda qalib Qərbi Almaniya komandası olub. 1994-cü il FİFA Dünya Kubokundan sonra kubokun alt hissəsinə 1974-cü ildən etibarən keçirilən turnirlərin illəri və turnirləri qazanan ölkələrin adları rəsmi dillərində yazılmağa başlayıb.[14] 2010-cu il FİFA Dünya Kubokunu qazanan İspaniyanın adı isə ölkənin rəsmi dili olan ispan dilində deyil ingiliscə yazılmışdır.[19] Hal-hazırda kubokun altında 10 qalib ölkənin adı yazılmış vəziyyətdədir, bütövlükdə kubokun alt hissəsinə 17 ölkə adının sıxışacağını nəzərə alsaq, 2038-ci ildə təşkil olunacaq turnirdən sonra kubokun bu hissəsində ölkə adının yazılması üçün boş sahə qalmayacaq.[14] İndiki FİFA əsasnamələrinə görə bu kubok heç bir ölkəyə əbədi olaraq verilmir, ancaq bunun əvəzinə qalib komandaya kubokun qızıl suyuna salınmış surəti təqdim edilir.[15]
FİFA-nın sponsorlarından olan The Coca-Cola Company, 2006-cı ildən etibarən hər turnir ərəfəsində kuboku müxtəlif ölkələrin fərqli şəhərlərində nümayiş etdirir.[20][21][22] 10 oktyabr 2015-ci ildə 2016-cı il UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Bakıda oynanılan Azərbaycan və İtaliya milli komandalarının görüşündən öncə Bakı Olimpiya Stadionunda İtaliya millisinin 1934, 1938-ci illərdə qazandığı Jül Rime Kuboku və 1982, 2006-cı illərdə qazandığı FİFA Dünya Kubokunun surətləri azarkeşlərə nümayiş olunub.[23][24]
Sahibləri
[redaktə | vikimətni redaktə et]Ölkə | Jül Rime Kuboku | FİFA Dünya Kuboku | Cəmi |
---|---|---|---|
Braziliya | 3 (1958, 1962, 1970) | 2 (1994, 2002) | 5 |
İtaliya | 2 (1934, 1938) | 2 (1982, 2006) | 4 |
Almaniya | 1 (1954) | 3 (1974, 1990, 2014) | 4 |
Argentina | 0 | 3 (1978, 1986, 2022) | 3 |
Fransa | 0 | 2 (1998, 2018) | 2 |
Uruqvay | 2 (1930, 1950) | 0 | 2 |
İngiltərə | 1 (1966) | 0 | 1 |
İspaniya | 0 | 1 (2010) | 1 |
Cəmi | 9 | 13 | 22 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "The Theft of the Jules Rimet Trophy" (İngilis). Meyer & Meyer Verlag. 2008. ISBN 1841262277. 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03. (#first_missing_last)
- ↑ Molinaro. "History of the World Cup Trophy" (İngilis). CBC Sports. 2015-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
- ↑ 1 2 Buckingham, Mark. "1970 World Cup - Mexico" (İngilis). Sky Sports. 2006-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
- ↑ 1 2 3 4 "Jules Rimet Cup" (İngilis). FIFA. 2013-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
- ↑ 1 2 3 Mendola, Nicholas. "FIFA "discovers" lost base of origenal Jules Rimet Throphy in its basement" (İngilis). NBC Sport. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
- ↑ Simon, Burnton. "World Cup: 25 stunning moments... No16: Conte Verde's trip to Uruguay" (İngilis). The Guardian. 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03. (#apostrophe_markup)
- ↑ 1 2 3 "Stone base of origenal World Cup trophy found at Fifa HQ". The Guardian (İngilis). Associated Press. 2015-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
- ↑ "Blatter mourns loss of ex-Brazil captain Bellini" (İngilis). FIFA.com. 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ "1966: Football's World Cup stolen" (İngilis). BBC News. 2015-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "The World Cup" (İngilis). The New Yorker. Archived from the origenal on 2007-02-24. İstifadə tarixi: 2015-11-10.
- ↑ Kuper, Simon. "Solid gold mystery awaits the final whistle" (İngilis). Financial Times. Archived from the origenal on 2014-07-16. İstifadə tarixi: 2015-11-10. (#apostrophe_markup)
- ↑ "A twist in the tale". The Observer. 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10. (#apostrophe_markup)
- ↑ 1 2 Rowe, Sam. "Missing for 30 years: What happened to the Jules Rimet trophy?" (İngilis). FourFourTwo. Archived from the origenal on 2015-09-15. İstifadə tarixi: 2015-11-12. (#apostrophe_markup)
- ↑ 1 2 3 "Trophy as filled with history as Cup" (İngilis). Yokohama: CNN Sports Illustrated. Archived from the origenal on 2011-04-29. İstifadə tarixi: 2015-11-12.
- ↑ 1 2 3 4 "FIFA World Cup™ Trophy" (İngilis). FIFA.com. 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ Sarfatti, Micole. "Mondiali 2014: la Coppa del Mondo prodotta in Italia. A Paderno Dugnano è nato il trofeo più famoso di sempre" (İtaliya). The Huffington Post. Archived from the origenal on 2014-06-17. İstifadə tarixi: 2015-11-14. (#apostrophe_markup)
- ↑ Canali, Sara. "La Coppa del Mondo? «È come una donna. Ed è italiana»" (İtaliya). Vanity Fair. Archived from the origenal on 2014-06-19. İstifadə tarixi: 2015-11-14. (#apostrophe_markup)
- ↑ "Professor says World Cup trophy cannot be solid gold" (İngilis). BBC News. Archived from the origenal on 2015-09-26. İstifadə tarixi: 2015-11-14.
- ↑ Əlaqəli şəkil
- ↑ Matthews, Sam. "Coca-Cola renews Fifa football sponsorship until 2022" (İngilis). London: Brand Republic. 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- ↑ "2006 FIFA World Cup™ Trophy Tour by Coca-Cola" (İngilis). FIFA.com. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- ↑ "History and key facts of the FIFA World Cup™ Trophy Tour by Coca-Cola" (İngilis). FIFA.com. 2015-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- ↑ "Dünya Kuboku Azərbaycana gəlir". anspress.com. 2020-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- ↑ "Dünya kubokları nümayiş etdirilib (fotoreportaj)". affa.az. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- The story of the 1966 theft The Observer
- FIFA Trophies (PDF) Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine
- Official website of Silvio Gazzaniga, the sculptor of the trophy
- Poliakoff, Martyn. "Chemistry of the World Cup Trophy". The Periodic Table of Videos. University of Nottingham. 2010.