Selsus
Selsus | |
---|---|
lat. Celsus | |
Doğum tarixi | II əsr |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | filosof, yazıçı |
Selsus (yun. Kέλσον, lat. Celsus, II yüzilliyin ikinci yarısı) Roma filosofu, orta platonçuluğun təmsilçisi, Xristianlığın ən tanınmış antik tənqidçilərindən biri. Onun haqqında zamanımıza çox az bilgi gəlib çatmışdır. Məlumdur ki, o imperator Markus Avreliusun dostu idi.
Selsus “Doğru söz” (yun. Λόγος άληθής) adlı kitabın müəllifi olmuşdur. Bu əsərin orijinal mətni zamanımıza çatmamışdır. Ancaq, Selsusla çəkişməyə girən xristian ilahiyyatçısı Origen onun fikirlərinə rəddiyələr yazaraq “Doğru sözün” bir çox fraqmentlərini özünün “Selsusa qarşı” (lat. Contra Celsum) əsərində vermişdir.
Selsus dini təlimləri öz düşüncəsinin dəlilləri baxımından təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, Xristianlıq heç də başqa dinlərdən fərqlənmir. Çünki, başqaları kimi xristianlar da öz ehkamlarına düşünmədən inanmağa çağırırlar[1]. Onun fikrincə, İsa tanrı ola bilməz, çünki Tanrının xüsusiyyətləri başqadır. İsa tanrıdırsa, o yerə enə bilməz, çünki belə olarsa öz taxtını tərk etmiş olardı və dünya düzəni dağılardı.
Daha sonra Selsus yazırdı ki, İsa Loqos (Tanrı sözü, kəlamı) da ola bilməz, çünki Loqos insan ola bilməz, çünki o insanlıqdan daha uca olan Tanrı sözüdür[2]. Onun fikrincə Xristianlığın bütpərəstliyi inkar etməsi müstəsna bir şey deyildir. Çünki, doğrudan da insanların düzəltdiyi təsvirlər və heykəllər heç də tanrılar deyildirlər. Hələ xristianlardan çox-çox qabaq Heraklit kimi filosoflar demişdilər ki, bütlərə tapınmaq divarlarla danışmağa bənzərdir. Son olaraq Selsus hesab etmişdir ki, Xristianlıq dövlət üçün təhlükədir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 223-224. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16..
Həmçinin bax:
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Ориген. Против Цельса, апология христианства Оригена, учителя александрийского / Перевод Л. И. Писарева. Одесса: Экуменический центр апостола Павла, 1996, s. 7-8.
- ↑ Ориген. Против Цельса, апология христианства Оригена, учителя александрийского, s. 45-46.