Epikür
Epikür | |
---|---|
q.yun. Ἐπίκουρος[1] | |
Doğum tarixi | e.ə. 342[2][3] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 270[2][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | Böyrək daşları |
Dəfn yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | Epikürçülük[4] |
Əsas maraqları | fəlsəfə[4] |
Təsirlənib | Aristippus, Demokrit, Pirron |
Vikianbarda əlaqəli mediafayllar |
Epikür (yun. Ἐπίκουρος, e.ə. 342[2][3], Samos, Şimali Egey adaları[4] – e.ə. 270[2][3][…], Afina) — qədim yunan filosofu, epikürçülüyün yaradıcısı. O, Samos adasında anadan olmuş və daha sonra Afinaya gedərək orada "Bağ" (yun. Κῆπος) adlanan öz fəlsəfi məktəbini yaratmışdır[5]. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çatmışdır.
Fəlsəfəsinin əsasları
[redaktə | vikimətni redaktə et]Epikür təliminin məqsədi insanlara xoşbəxtliyin əldə olunması və qorxu hissindən aşma yollarını göstərmək idi. Bunun üçün də o, əfsanələrə inanmamağa və təbiəti dərk etməyə çağırırdı. Beləliklə, Epikürün və onun ardıcıllarının fəlsəfəsi fizika, kanonika və etikadan (əxlaqdan) ibarət olmuşdur[6].
Fizika
[redaktə | vikimətni redaktə et]Fizikasında Epikür Demokritin atomlar nəzəriyyəsini inkişaf etdirmişdir. Məsələn, Demokrit atomların kəmiyyət, forma və fəzada tutduğu yerə əhəmiyyət vermişdirsə, Epikür buna daha bir kateqoriyanı – onların ağırlığını da əlavə etmişdir. Demokrit kimi, Epikür də düşünürdü ki, atomlar boşluqda hərəkət edirlər. Ancaq, ondan fərqli olaraq Epikürün fəlsəfəsində atomlar təkcə düzxətli istiqamətdə hərəkət etmir, onlar hərəkət zamanı bu istiqamətdən yayına bilərlər. Deməli, atomların hərəkətində əyintilər ola bilər.[7]
Epikür hesab edirdi ki, əgər atomların hərəkəti yalnız düzxətli olsa, onda onlar bir-biri ilə toqquşmazlar. Bu halda onlar eyni surətlə hərəkət edərək bir-birinə qarşı müəyyən məsafədə olmalıdırlar. Ancaq, düzxətli istiqamətdən yayınma baş verdikdə də onların bir-biri ilə toqquşması və dolaşması mümkün olur. Bu səbəbdən də dünyada hər şey yaranır.
Atomların hərəkətində əyintilərin olması ideyası həm də Demokritin taleçiliyinə (fatalizminə) qarşı yönəlmişdir. Məlumdur ki, Demokrit təsadüfü inkar etmiş, təbiətdə yalnız zərurətin hökm sürməsini iddia etmişdir[8]. Bu fikri də atomların yalnız düzxətli hərəkət etməsi ilə əsaslandırmaq olardı. Epikür isə atomların hərəkətində müəyyən hallarda əyintilərin olması fikrini ortaya atmaqla təsadüfün də var olmasını iddia edirdi[9]. Beləliklə Epikür həm zərurətin, həm də təsadüfün var olması fikrini irəli sürmüş, Demokritin providensializm (qədərçilik) ilə razılaşmamışdır. Mahiyyətcə isə atomlar əbədi, dəyişməz bölünməz və məhv olunmazdırlar. Atomların və onların hərəkət etdikləri boşluqların sayı sonsuzdur.
Epikürün kosmoqonik fikirləri də maraq doğurur. Onun fikrincə kainat sonsuzdur və onda sonsuz miqdarda atomlar vardır. Bütün dünya cisimləri atomların qasırğasından yaranmışdır. Onlar isə atomların hərəkəti və birləşmələrindən ortaya çıxır. "Herodotusa məktubunda" Epikür yazmışdır ki, dünyanı heç kəs yaratmayıb, bütün olaylar isə təbii qanunauyğunluq səbəbi ilə baş verir; yoxluqdan heç nə yarana bilməz[10].
Epikürün fəlsəfəsində ruhlar materiyanın özəl bir formasıdır və atomlardan ibarətdir[11]. Ona görə də ruhlar ölməz deyil, sonludurlar. Bədənin ölümündən sonra ruhlar da ölür. Epiküra görə ölümdən qorxmaq lazım deyil, çünki o yalnız duyğuların kəsilməsidir.
Kanonika
[redaktə | vikimətni redaktə et]"Kanonika" adlandırdığı idrak və dünyanın qavranması ilə bağlı məsələlərdə Epikür sensualizmə (duyğuçuluğa) üstünlük verərək duyğunu həqiqətin əsas meyarı elan etmişdir. Onun fikrincə düşüncənin fəaliyyəti tam olaraq insanın düyğularından asılıdır. Ətrafda olan şeylərdən onların obrazları (yun. εἴδολα) ayrılır. Onlar incə atomlardan ibarətdir və o şeyləri əks etdirir. Bu obrazlar insanın duyğu orqanlarına daxil olur, onlarla təmasa girir və insan öz ruhu vasitəsilə hiss etməyə başlayır.
Eyni zamanda, bu obrazlar insan orqanlarına birbaşa təsir etməyə də bilərlər. Onlar havada yayılarkən bir-biri ilə qarışır və yalnız sonra insan tərəfindən qavranılır. Belə olduqda insanda gerçəkliyə uyğun olmayan fantastik təsəvvürlər yaranır. Məsələn, kentavr kimi mifik heyvanın təsəvvürü insan və at obrazının qarışığından yaranır. Ancaq reallıqda isə belə bir şey yoxdur.
Duyğu ilə əldə edilən bilgilərdən fərdi təsəvvürlər, onların əsasında isə prolepsislər (yun. προλήψεις) adlandırılan ümumi anlayışlar yaranır. Prolepsislər duyğulara gələn şeylər haqqında xatirələrdir və onlar təcrübə yolu ilə əldə olunur. Məsələn, qabağımızda at ya inəkdir sualına düzgün cavab vermək üçün insan öncə onların vücudunu xatırlamalıdır[12].
Bundan başqa Epikür həqiqətin meyarını həm də "düşüncə sıçrayışında" (yun. τὰς φανταστικὰς ἐπιβολὰς τῆς διανοίας) görürdü. Bu da intuisiyadır ki, yuxularda ya da sayıqlama kimi hallarda üzə çıxır. Onlar gerçək obrazlardan yaransa da insanın subyektiv aləmi və ya xəyalları ilə qarışır və buna görə də yanlış olur.
Duyğularla alınan bilgi yanlış ola bilməz və düşüncənin onları təkzib etməsi imkansızdır, çünki düşüncə həmin duyğulara əsaslanır[13]. Yanlışlıq düşüncənin onun haqqında çıxaran qərarlarından və hökmlərindən irəli gəlir.
Etika
[redaktə | vikimətni redaktə et]Demokritdən fərqli olaraq Epikür etik (əxlaq) məsələlərə böyük önəm verirdi. Onun etik təliminin əsasında duyğusallıq dururdu. Epikürün fikrincə əgər insanın duyğuları varsa, onda onlar əxlaqın əsas meyarıdır. Çünki, ümumiyyətlə onun fəlsəfəsində idrakın əsasını duyğular təşkil edir. Xeyir və şər anlayışları duyğularla əldə olunur. Ən yüksək nemət isə həzz, zövq, məmnunluq və ləzzət hissləridir. İnsan bunlara mane olan hər bir şeydən çəkinməlidir. Həyatdan həzz alma və iztirablardan çəkinmə hər bir insanın məqsədi olmalıdır.[14]
Müdrik insan ölümdən qorxmamalıdır, çünki ölüm yalnız duyğuların sona çatmasıdır. Ondan sonra əbədi "olmamazlıq" başlanır. İnsan mövcud olduqda onun məqsədi həzz almaqdan ibarət olur. "Olmamazlıqda" isə duyğular yox olduğundan həzz almaq mümkün olmur. Ona görə də, hər iki hal bir sabitlikdir: biri duyğuların olması, digəri isə olmaması kimi.[15]
Xoşbəxt olmaq üçün möhkəm və dayanıqlı ləzzət halını yaşamaq lazımdır. Epikür mənəvi ləzzəti üstün bilsə də, cismi ləzzəti də inkar etmirdi. Həzz alaraq insan xoşbəxt olur və bunun üçün tanrılara ibadət etməyə ehtiyacı olmur. Bu kimi fikirlərə görə sonralar xristianlar Epikür məktəbinin ardıcıllarını əxlaqsızlıqda suçlayırdılar. Ancaq Epikürün özü deyirdi ki, həzz alma heç də əxlaqsızlıq demək deyildir, o bədənin əzablardan azad olmasıdır. Qadınlarla yaxınlıq etmək ya da yemək kimi cismani həzzlər bizim həyatımızı gözəlləşdirmir. Onu gözəlləşdirən isə bizim istəklərimizi yönəldən sağlam düşüncədir ki, o ruhumuzda olan rahatsızlığı ortadan qaldırır[16].
Epikürə görə müdriklik və xoşbəxtlik insan ruhunun müstəqil və sakitlik məqamına çatmasıdır. Bu məqama çatan müdrik insan ona zərər verən hər bir şeydən uzaqlaşır, ona xeyir verən şeylərdən həzz almağa başlayır. Həzz alma məqamına çatmanın zəruri şərti ataraksiyadır (yun. ἀταραξία – ruhun sakitliyi)[17]. Ataraksiya halına dünyanın xarici təsirindən və ehtiraslardan azad olduqdan sonra çatmaq mümkündür. Fəlsəfə ilə məşğul olmaq isə ruha ən böyük həzz və məmnunluq hissləri verir[18]. Bu baxımdan Epikür fəlsəfəsinin bu məqamı da sonrakı dövrlərdə tənqid olunaraq eqoizm kimi başa düşülmüşdür.
Həzz alma prinsipi Epikürün ictimai baxışlarına da təsir etmişdir. O hesab edirdi ki, cəmiyyət üzvləri bir-birinə zərər verməmək haqqında anlaşmışdırlar[19]. Çünki, zərər əzabdır, ona görə də həzzə qarşı durur. Bu anlaşmaya əməl etmə ədalət, bundan çəkinmə isə ədalətsizlikdir. Dostluq müdrik insanın ən yüksək məqamıdır[19].
Siyasətdə epikürçülər quldarlıq demokratiyasının tərəfdarları idilər. Epikürün fikrincə müdrik insan (filosof) siyasi fəaliyyətdən çəkinməlidir.
Din və tanrılar haqqında
[redaktə | vikimətni redaktə et]Epikür tanrılar haqqında da fikirlər irəli sürmüşdür. O, tanrıların varlığını inkar etmir, ancaq hesab edirdi ki, onlar aləmlərarası məkanlarda yaşayıb, təbiət hadisələrinə və insan həyatına müdaxilə etmir. İnsanlar isə özü-özlərinin problemlərini həll etməli, bu barədə tanrılara yalvarmamalıdırlar. Əgər tanrılar insanların bütün yalvarışlarını qəbul etsəydilər, onda bəşəriyyət məhv olmalı idi. Çünki insanlar bu yalvarışları bir-birinə qarşı edirlər.[20]
Epikürə görə xalq kütlələrinin tanrılar haqqında təsəvvürləri yanlışdır. Buna görə də o, tanrıları inkar edənləri deyil, onları kütlələrin düşündüyü kimi təsəvvür edənləri qınamışdır[21]. Bununla belə o, kütlə inancına qarşı açıq çıxış etməyin əleyhinə idi. Hətta Epikürə görə zərurət olduqda xalq qınağından qurtarmaq üçün dindar kimi görsənmək də olar[22] . Beləliklə, Epikür ənənəvi dinə qarşı çıxmağı mənasız hesab edirdi, çünki onsuz da xalqın çoxu öz inanclarında qalacaq. Müdrik üçün isə əsas məqsəd təbiətlə uyğunlaşaraq yaşamaq, iztirablardan çəkinərək həzz almaqdır.
Epikürün fikrincə tanrılar əbədi deyil, onların varlığı sonludur. Çünki onların da təbiəti atomlardan ibarətdir. Sadəcə tanrılar insanlara nisbətən çox yaşayırlar[21].
Azərbaycan alimlərinin Epikür irsinin araşdırılmasına rolu
[redaktə | vikimətni redaktə et]Epikür fəlsəfəsini ətraflı araşdıran alimlərin sırasında azərbaycanlı Əddin Şakirzadə də olmuşdur. Onun "Epikür" adlı monoqrafiyası Moskvada 1963-cü ildə rusca yayımlanmışdır və zamanımıza kimi bu sahədə ən dəyərli rusdilli araşdırmalardan biri kimi qiymətləndirilir, ona elmi istinadlar edilir. Bu kitabın ön sözünü isə tanınmış Azərbaycan (Sovet) alimi Aleksandr Makovelski yazmışdır.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 131-137. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
- Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.
- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 131-137. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
- Jones, Howard (1989). The Epicurean Tradition. London: Routledge. O'Keefe, Tim (2009).
- Epicureanism. University of California Press. Panichas, George Andrew (1967).
- Epicurus. New York: Twayne Publishers.
- Маковельский А. О. Древнегреческие атомисты. Издательство АН Азербайджанской ССР, 1946.
- Лосев А. Ф. История античной эстетики. Т. .: ACT; Харьков: Фолио, 2000.
- Шакир-Заде А. Р. Эпикур. М.: Соцэкгиз, 1963.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Adil Əsədov "Zəka nuru" proqramı üzrə "Dahilər" seriyasından Epikürlə bağlı çıxış etmişdir 1.*2.*3.*4.*5.*6.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bibliothèque nationale de France Record #13091438g // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ 1 2 3 4 Encyclopædia Britannica (ing.): a dictionary of arts, sciences, literature and general information. / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
- ↑ 1 2 3 4 различные авторы Энциклопедический словарь (rus.). / под ред. И. Е. Андреевский, К. К. Арсеньев, Ф. Ф. Петрушевский СПб: Брокгауз — Ефрон, 1907.
- ↑ 1 2 3 4 Эпикур (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.
- ↑ Шакир-Заде А. Р. Эпикур Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Соцэкгиз, 1963, s. 32.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 434.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 439–440.
- ↑ Маковельский А. О. Древнегреческие атомисты Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine. Издательство АН Азербайджанской ССР, 1946, s. 62.
- ↑ Лосев А. Ф. История античной эстетики Arxivləşdirilib 2020-02-21 at the Wayback Machine. Т. 5.: ACT; Харьков: Фолио, 2000, s. 442–444.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 437.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, s. 447.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, s. 436.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 235
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 471.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 468–469.
- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 471–473.
- ↑ Diogenes Laertius.Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 453.
- ↑ Шакир-Заде А. Р. Эпикур Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Соцэкгиз, 1963, s. 133.
- ↑ 1 2 Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 477.
- ↑ Шакир-Заде А. Р. Эпикур Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Соцэкгиз, 1963, s. 70.
- ↑ 1 2 Шакир-Заде А. Р. Эпикур Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Соцэкгиз, 1963, s. 69.
- ↑ Шакир-Заде А. Р. Эпикур Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. М.: Соцэкгиз, 1963, s. 70–71.