Məmməd Yusif Cəfərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmməd Yusif Cəfərov
Məmməd Yusif Hacıbaba oğlu Cəfərov
Bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri
İkinci bayraq
14 mart 1919 – 22 dekabr 1919
ƏvvəlkiFətəli xan Xoyski
SonrakıFətəli xan Xoyski
Bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Ticarət və sənaye Naziri
İkinci bayraq
28 may 1918 – 17 iyun 1918
Əvvəlkivəzifə təsis edilib
SonrakıAğa Aşurov
iyun 1918 – mart 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıFaris bəy Vəkilov
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart (1 aprel) 1885
Doğum yeri
Vəfat tarixi 15 may 1938(1938-05-15) (53 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, vəkil, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məmməd Yusif Cəfərov (tam adı: Məmməd Yusif Hacıbaba oğlu Cəfərov; 20 mart (1 aprel) 1885, Bakı15 may 1938, Bakı) — hüquqşünas, alim, Azərbaycan Xalq Cümhuriyyətinin sənaye və ticarət naziri (28 may – 17 iyun 1918), xarici işlər naziri (14 mart – 22 dekabr 1919).

Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır. M. Y. Cəfərov orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olmuşdur.

1907‐ci ildə Bakıda kişi gimnaziyasını bitirən M. Cəfərov Moskvaya getmiş və Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Məmmədyusif tezliklə Moskvada oxuyan azərbaycanlıların yaratdığı "Azərbaycan etnoqrafik konsert gecələri"nin və "Azərbaycan həmyerlilər təşkilatı"nın əvvəllər üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. O, öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır[1].

1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M. Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonra Bakıya gələrək Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi vəzifəsində çalışmağa başlamışdır. 1912‐ci ilin sentyabr‐oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M. H. Cəfərov əvvəl Bakıda, oktyabrın 20‐də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. M. Y. Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutmuşdur[1].

M. H. Cəfərov 1912‐1917‐ci illərdə Sankt‐Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir.[1]

1917-ci ildə Rusiyada Fevral inqilabı baş verdi. 1917‐ci il martın 9‐da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibiniə V. Xarlamov (rus), A. Çxenkeli (gürcü), K. Abaşidze (gürcü), M. Papaçanovla (erməni) yanaşı M. Cəfərov da daxil oldu. M. Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917‐ci il aprelin 15‐20‐də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultayda Tiflisdən gəlmiş M. Cəfərov da iştirak etmiş və təbrik nitqi söyləmişdir.[1]

1917‐ci il noyabrın 15‐də Tiflisdə Y. Gegeçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti ‐Zaqafqaziya Komissarlığı yaradıldı. M. Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 1918‐ci il fevralın 23‐də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M. Cəfərov da seçilmişdi.[1]

1918‐ci il mayın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27‐də Müsəlman fraksiyasının fövqəladə iclası çağrıldı. Onlar M. Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F. Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil etdilər. İcra Komitəsinin tərkibinə M. Hacınski, N. Yusifbəyov, X. Xasməmmədov və b. ilə birlikdə M. Cəfərov da seçildi[1].

Müvəqqəti Milli Şuranın 1918‐ci il mayın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməd yusif Cəfərov olmuşdur. Həmin iclasda F. Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M. Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur.

1918-ci ilin iyun ayının 17-də Milli Şuranın ikinci iclasında M. Cəfərov Şuranın buraxılması məsələsinə öz qəti etirazını bildirmişdir, bunu Nuru paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdir. O, öz nitqində belə deyir: "Bəli, aydın olur ki, bizi Tiflisdən bura köhnə bürokratik metodlarla dəvət ediblər. Bizim azadlığımızı əlimizdən alırlar. Biz də əldə etdiyimiz azadlığımızı asanlıqla da əldən veririk. Əfsuslar olsun ki, bizim türk qardaşlarımız, kimlərdən ki, biz kömək gözləyirdik, bizim ürəyimizi yaralayır, bizim hisslərimizi zəhərləyir". Bunları deyib ağlayır və əyləşir.

M. Cəfərov birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir.

M. Cəfərov 1918‐ci ilin iyun ayının axırlarından 1919‐cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur. O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Azərbaycan, Ermənistan, Gürcüstanın hökumət və Avropa ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin Tiflis şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır[1].

1919‐cu il martın 14‐də Azərbaycan parlamenti N. Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq etdi. M. Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə 1919‐ci il dekabrın 22‐nə kimi çalışdı. M. Cəfərov bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini müdafiə etmişdir. Bu onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında hərbi‐müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan XİN‐ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür. M. Cəfərov eyni zamanda xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919‐cu il iyunun 27‐də 51‐ci və avqustun 18‐də 66‐cı iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı xarici siyasət, Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti və Böyük Britaniyanın Zaqafqaziyada olan komandanlıqları ilə aparılan danışıqlar haqqında məlumat vermişdir[1].

Dekabr 1919 Aslan bəy Səfikürdski, Xudadat bəy Məlik-Aslanov, Səməd bəy Mehmandarov, Nəsib bəy Yusifbəyli, Məmməd Yusif Cəfərov, Rəşid xan Qaplanov, Ağa Əminov, Camo bəy Hacınski, Nəriman bəy Nərimanbəyli

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri "Zaqafqaziyada rus siyasətinə aid sənədlər" kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan parlamentinin üzvü bitərəf M. Y. Cəfərov 1919-cu ilin oktyabrında Türk ədəmi-mərkəziyyət partiyası Musavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. O, 1920-ci fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir.

1919‐cu il dekabrın 2‐11‐də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayı keçirildi. Qurultayda iştirak etmiş M. Cəfərov, M. Rəsulzadə, M. Hacınski, N. Yusifbəyov və b. ilə birlikdə qurultayın siyasi komissiyasına seçilmişdir.[1]

1919‐cu il dekabrın 14‐21‐də Bakıda azərbaycanlı‐erməni konfransı keçirildi. Konfransda Azərbaycandan F. Xoyski, M. Hacınski, R. Vəkilov və M. Cəfərov iştirak etmişdir. M. Cəfərov konfransı giriş nitqi ilə açaraq demişdir ki, müstəqil Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər iki xalq arasında dostluq əlaqələri möhkəmlənəcəkdir.[1]

1920‐ci il fevralın 2‐də Azərbaycan parlamentinin 121‐ci iclasında parlament sədrinin müavini H. Ağayevin xəstəliyi ilə əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavin seçilməsi müzakirə edilmişdir. Müzakirə zamanı M. Rəsulzadə Müsavat fraksiyası adından Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə M. Cəfərovu təklif etmişdir. Parlamentin 47 üzvü M. Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin müavini seçilmişdir. M. Cəfərov 1920‐ci il aprelin 27‐də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N. Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalamışdır.[1]

M. Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra Azərbaycan pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938‐ci il mayın 15‐də Bakıda vəfat etmiş və Sağan kəndində dəfn olunmuşdur.[1]

1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M. Y. Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmişdir.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Musa Qasımlı, Elmira Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı – 2003.