Qara bəy Qarabəyov
Qara bəy Qarabəyov | |
---|---|
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
İttihad Partiyasının sədri | |
1918 – 27 aprel 1920 [a] | |
Əvvəlki | məlumat yoxdur |
Sonrakı | partiya ləğv olundu |
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində İttihad fraksiyasının sədri | |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1874 və ya 1874[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 1953 və ya 1953[1] |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Qara bəy Qarabəyov və ya Qarabəyli (14 yanvar 1874 və ya 1874[1], Şiştəpə, Yelizavetpol qəzası – 27 sentyabr 1953 və ya 1953[1], Səmərqənd) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim.[2][3]
Həyatı
[redaktə | vikimətni redaktə et]Qara bəy Qarabəyov 1873-cü ilin yanvar ayının 14-də Yelizavetpol quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə)[4][5]) kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmişdir. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, təhsilini H. Z. Tağıyevin hesabına alırdı. 1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir.
1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb.
Repressiya
[redaktə | vikimətni redaktə et]Aprel işğalından sonra Qara bəy Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. Nəriman Nərimanovun xahişindən sonra Vladimir Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqaladə komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik etmişdir.
Mühacirət
[redaktə | vikimətni redaktə et]1924-cü ildə Qazaxıstana köçərək burada ilk mamalıq texnikumunun əsasını qoyur. 1933-cü ildə Səmərqənd xəstəxanasında baş həkimin müavini işləyib. 1934-də gizli olaraq Bakıya gəlmişdir. Burada bir erməni döydüyü üçün həbs edilib, həbsdən buraxılaraq Səmərqəndə göndərilib. 1936-cı ildə Səmərqənddə vərəm sanatoriyasının baş həkimi işləyib. Pantürkist, panislamist iddiaları ilə həbs edilərək 10 il müddətinə Kolımaya sürgün olunub. 1947-ci ildə Bakıya qayıtdıqdan sonra burada iş və qeydiyyat problemləri ilə üzləşdikdən sonra yenidən Səmərqəndə gedib.
Qara bəy Qarabəyov 1953-cü ildə Səmərqənddə vəfat etmişdir.
Ölümündən 13 il sonra, 1966-cı ildə Qara bəy Qarabəyov rəsmi bəraət alıb.
Siyasi-ictimai fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Çar Rusiyası dövrü
[redaktə | vikimətni redaktə et]Qara bəy İttifaqi-Müslimin üzvü, Difai Partiyasının rəhbərlərindən olub. Həmin dövrdən publisist fəaliyyətinə başlayıb. "Həyat", "İrşad", "Kaspi" və s. kimi nəşrlərlə əməkdaşlıq edib. 1906-cı ildə İrana mühacirət edərək inqilabi fəaliyyətini davam etdirmişdir.
Qara bəy 1906-cı ilin fevral ayının 20-də Tiflisdə Qafqaz canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə Yaşıl zal adlı Hümayun salonda başlanan erməni-müsəlman danışıqlarında Əhməd bəy Ağayev, İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Məmməd Vəkilov, podpolkovnik İbrahim ağa Vəkilov, Ələkbər bəy Xasməmmədov, Adil xan Ziyadxanov və s. şəxslərlə bərabər Qafqazın türk əhalisini təmsil etmişdir.
1908-ci ildə İstanbula gələrərək burada "Səadət" adlı təşkilat yaradır. Həmin il hakimiyyətə gələn "Gənc türklər" Qarabəyliyə vəzifə təklif etsələr də o bundan imtina etmişdir.[mənbə göstərin] 1911-ci ildə Bakıya gələrək həkimlik və publisistik fəaliyyətini davam etdirib. "Haqq yolu" adlı jurnal buraxır. O, həmçinin Azərbaycanda ilk ikicildlik türk-rus lüğətini nəşr etdirmişdir.
Keçid dövrü
[redaktə | vikimətni redaktə et]Fevral inqilabından sonra Bakıya qayıdan Qarabəyov "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru olub. Bu dövrdə o, Hümmət Partiyasının yaradılmasında iştirak etmişdir. Qara bəy Qarabəyov mart soyqırımından sonra Bakını tərk edərək Dağıstana getmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
[redaktə | vikimətni redaktə et]Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə keçirilən əlavə seçkilərdə Qara bəy Qarabəyov Bakı Şəhər İdarəsi kvotasından parlament üzvü seçilmişdir. İttihad Partiyası rəhbərliyinin xahişi ilə bu partiyaya daxil olmuş və parlamentdə eyniadlı fraksiyaya rəhbərlik etmişdir. Parlamentin 15 dekabr 1918 tarixli sayca üçüncü iclasında üzvlüyünün təsdiqi üçün etibarnamə komissiyası sənədlərində problem olmadığını elan etmişdir. Daha sonra üzvlüyünün təsdiqi səsə qoyularaq yekdilliklə qəbul edilmişdir.[6]
1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Qara bəy Qarabəyov da var idi.[7]
Ana müxalifət partiyası və təşkilatlanmış güclü partiyalardan hesab olunan İttihad Partiyasının sədri olan Qara bəy Qarabəyov müxtəlif qəzaları, bölgələri və kəndləri gəzir, oralarda nitqlər söyləyəyib və yerli əhalinin şikayətlərini dinləmişdir.
Parlamentdə
[redaktə | vikimətni redaktə et]Qara bəy Qarabəyov parlamentdə sağçı, islamçı olan İttihad fraksiyasına rəhbərlik etmişdir. Fəaliyyəti boyunca qanun layihəsi, müdafiə, mərkəzi seçki, nizamnamə daimi komissiyalarının, həmçinin xaricə göndəriləcək tələbələri seçmək üçün xüsusi komissiyanın və Qarabağ hadisələrini təhqiq edən komissiyanın da üzvü olmuşdur.
Partiya fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1919-cu ilin aprel ayının 10-da İttihad Partiyasının I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultayı Qara bəy Qarabəyov açmışdır. Qurultayda 22 nəfərdən ibarət Mərkəzi Komitə üzvləri seçilmişdir. Aprel ayının 14-də yeni təşkil olunan Mərkəzi Komitənin plenar iclası keçirilmişdir. İclasda 11 nəfərdən ibarət İcraiyyə Komitəsi yaradılmışdır. Bu heyəti keçmiş müvəqqəti Mərkəzi Komitəsinin üzvlərindən Qara bəy Qarabəyov, Sultan Məcid Qənizadə və Qazı Əhməd bəy Məhəmmədbəyov daxil idi. İclasda gizli səs vermə keçirilmiş və Qara bəy Qarabəyov partiyanın sədri, Sultan Məcid Qənizadə və Qazı Əhməd bəy Məhəmmədbəyov sədr müavinləri və Hacı ağa Babayev isə xəzinədar seçilmişdir.
1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda Rəyasət Heyətinin üzvü olaraq Qara bəy Qarabəyov sədr seçilmişdir. 1920-ci ilin yanvarından İttihadın II Qurultayının qərarına əsasən, partiyanın sədri Qara bəy Qarabəyli İttihad qəzetinə rəhbərlik etməyə başladı.
Ailəsi
[redaktə | vikimətni redaktə et]1901-ci ildə xeyriyyəçi Nabat Aşurbəyovanın nəvəsi Məsumə xanımla evlənmişdir. Cütlüyün Tamara, Reyhanat, Arfa adlı üç qız övladları olmuşdur.[8]
- Dayısı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı.
- Dayısı Allahyar bəy Zülqədərov — ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü.
- Həyat yoldaşı Məsumə xanım Aşurbəyova — Qara bəy Qarabəyova 1966-cı ildə ölümündən sonra bəraətin verilməsiylə Bakıya qayıtmışdır. 1974-cü ildə vəfat edib.
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ De-facto 1921-ci ilədək
Mənbə
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 216.
- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
- Solmaz Rüstəmova-Tohidi. Azərbaycan dövrü mətbuatı. Bakı. 1993.
- Mustafayev Q. XX əsrin əvvəllərində Azərbaycanda İslam ideologiyası və onun tənqidi. 2. Bakı. 1973.
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
- ↑ "Azərbaycan Parlamentinin tərkibi (1919-1920)". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ↑ Qara bəy Qarabəyli // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. 472. ISBN 9952-417-44-4.
- ↑ "Şiştəpə həqiqətləri", Məhərrəm Şəmkirli, yenixəbər.org — 04.03.2019 — http://yenixeber.org/edebiyyat/69641-sstepe-heqqetler.html Arxivləşdirilib 2019-04-30 at the Wayback Machine
- ↑ "Sürgün həyatı yaşayan ziyalı", Rəhman Salmanlı, Azərbaycan.-2017.-16 mart.-№ 58.-S.7. — http://www.elibrary.az/docs/QAZET/qzt2017_1003.htm Arxivləşdirilib 2019-04-30 at the Wayback Machine
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-01.
- ↑ Qanunverici aktlar, 1998. səh. 677
- ↑ "Qarabəy Qarabəyov". 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- 14 yanvarda doğulanlar
- 1874-cü ildə doğulanlar
- Yelizavetpol qəzasında doğulanlar
- 27 sentyabrda vəfat edənlər
- 1953-cü ildə vəfat edənlər
- Səmərqənddə vəfat edənlər
- İttihad Partiyasının üzvləri
- Hümmət Partiyasının üzvləri
- Difai Partiyasının üzvləri
- Moskva Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Tartu Universitetinin məzunları
- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri
- Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri
- Birinci Tiflis gimnaziyasının məzunları
- Bakı Şəhər İctimai Özünüidarəsinin üzvləri
- İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri
- İttihad Partiyası İcraiyyə Komitəsinin üzvləri
- İttihad Partiyası Rəyasət Heyətinin üzvləri