Mart soyqırımı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mart soyqırımı və ya mart qətliamı
Bakıda Şah məscidi 1918-ci il 31 mart hadisələrindən sonra
Tarix 30 mart—2 aprel 1918-ci il
Yeri Bakı, Zaqafqaziya Demokratik Federativ Respublikası
Nəticəsi daşnak qüvvələrinin qələbəsi
Münaqişə tərəfləri

Müsavat Partiyası

Daşnaksütun

Komandan(lar)

bilinmir

Andranik Ozanyan
Hamazasp Srvandzyan

Ümumi itkilər
50 min azərbaycanlı qətlə yetirildi.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay[1], Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı SovetiDaşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.[2][3][4]

Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımdan öncəki vəziyyət

[redaktə | vikimətni redaktə et]
İranın Bakıdakı konsulu M. S. Vəzare-Marağai öldürülmüş müsəlmanların yanında.

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan[5] Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.[6]

Bakıda ruserməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək demişdi:[7]

" Bundan sonra dözə bilmərik. Bizi köməksiz adamlar kimi döyürlər. Əgər bizi müdafiə edə bilməsəniz, onda biz özümüz özümüzü müdafiə etməyə məcbur olacağıq. "
Bazarnaya küçəsi mart günlərində
İsmailiyyə binasının yandırıldıqdan sonrakı görünüşü

Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə, eyni zamanda, şəhər milisinin rəisi Q. Varşamyan çıxış edərək, əsgərlərin törətdikləri özbaşınalıqdan təəssüfləndiyini bildirir və xahiş edir ki, bu hadisələrə milli rəng verilməsin. Yığıncaqda iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün hərbi inqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir.[7] Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, B. Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İ. Heydərov və Məmmədhəsən Hacınski iştirak edirdi. Lakin Stepan Şaumyan başda olamaqla Bakı bolşevikləri bu təklifi qulaqardına vuraraq, azərbaycanlıları öz ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə yönəldən "Müsavat" partiyasına, Müsəlman Milli Şurasına, həmçinin, onların sosial dayaqları olan Azərbaycan əhalisinə qarşı kütləvi qırğınlar törətmək üçün ciddi hazırlıq işləri görürdülər. Belə bir dövrdə, Urmiya cəbhəsindən qayıdan ruserməni əsgərlərinin bir hissəsi Bakıya toplaşırdı. Bunun da bir neçə səbəbi vardı: əvvəla, Rusiyada oktyabr inqilabından sonra hakimiyyətə gələn bolşeviklər müharibəni davam etdirmək istəmirdilər. Rus ordusunda başıpozuğluq yaranmışdı və onların çoxu öz yerlərinə qayıtmaq istəyirdilər. Cəbhə xəttindən əsgərlər özbaşına çıxıb gedirdilər. Lakin bəzən yolların bağlanması və qorxulu olması bu hərbi qüvvələrin öz yerlərinə getmələrinə mane olurdu. İkincisi, Bakı bolşevikləri əsgərlər arasında ciddi təbliğat apararaq onların öz tərəflərinə cəlb etməyə çalışırdılar. Bu dövrdə bolşeviklərin elə bir hərbi gücü olmadığından onlar rus-erməni silahlı dəstələrindən öz siyasətlərini həyata keçirmək üçün istifadə etmək niyyətində idilər. Bolşeviklərin öz ətrafında birləşdirdiyi hərbi hissələr və bölmələr Azərbaycan xalqının mövcudluğuna təhlükə yaradırdı.[7] Üçüncüsü isə, "Daşnaksütyun" partiyasıErməni Milli Şurası Bakıya toplaşan erməni silahlı qüvvələrinə nəzarət etdiyindən, onlar bu qüvvələrdən özlərinin erməni dövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər. Burada da, bolşeviklərlə erməni şovinistlərinin məqsədləri üst-üstə düşürdü. Belə ki, əgər boşeviklər Bakıda özlərinin tək hakimiyyətlərini yaratmaq fikrində idilərsə, ermənilər də erməni dövləti yaratmaq istəyirdilər və onların bu məqsədlərini həyata keçirməkdə S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də yaxından köməklik etmişdi. S. Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir demişdir. Şaumyan yazırdı:

" Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdi. "
Soyqırımda öldürülən azərbaycanlıların küçələrdən təmizlənməsi
Mart günlərində Bakının görünüşü

Əyalətlərdə də tam üstünlük Müsavat partiyasınınMüsəlman Milli Şurasının tərəfində idi. Ona görə də bolşeviklər başa düşürdülər ki, şəhərdə hakimiyyət uğrunda mübarizədə ilk növbədə "Müsavat"ın siyasi təsiri aradan qaldırılmalı və onların sosial dayaqları məhv edilməlidir. Onlar ən müxtəlif metodlarla şəhərdə "Müsavat"ın mövqeyinin bundan sonra güclənməsinə imkan verməməyə çalışırdılar. 1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi şəhərin türk – müsəlman əhalisi arasında qəzəb doğurmuşdu. General-mayor Talışinski rus-yapon müharibəsində Port – Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu. Şaumyanın göstərişi ilə müsəlman diviziyası qərargahının Bakı vağzalında birbaşa həbs edilməsi xalqın qəzəbinə səbəb oldu. Bakıda və ətraf kəndlərdə əhalinin etiraz nümayişləri başlanmışdı. Növbəti təxribat "Evelina" gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi oldu. Belə ki, Martın 29-da məşhur kapitalist Ş. Əsədullayevin oğlu, zabit Ə. Əsədullayevin komandanlığı altında "Dikaya diviziya" hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan (əslində heç icazə də lazım deyildi – müəl.) Lənkərana yolla düşmək üçün Bakı limanında "Evelina" paraxoduna mindilər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər, martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini S. Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar. Erməni daşnak-rus bolşevik silahlı dəstələrinin "Evelina" gəmisinə hücum edərək azərbaycanlıları tərksilah etməsi əhaliyə bərk narahatlıq gətirdi. Onlar Bakı məscidlərindən birinin həyətinə yığılaraq Sovet tərəfindən "Evelina" gəmisindən müsadirə olunmuş silahların geri qaytarılmasını tələb edən qərar qəbul etdilər[8]. Növbəti günü müsəlman nümayəndələri silahların qaytarılmasını Sovetdən xahiş etdilər. Arxiv sənədində göstərilir ki, müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultiumatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində S. Şaumyanın, eləcə də "Müsavat" partiyası nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların "Hümmət" təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze də bu tələbin yerinə yetirilməsinə söz verdi, lakin bu zaman küçədə atışma başlandı. S. Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və bu, Azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Təxribatın əvvəlində özlərinin bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər.

Soyqırımın başlanması

[redaktə | vikimətni redaktə et]

Bakıda soyqırımı

[redaktə | vikimətni redaktə et]

Erməni daşnak–rus bolşevik qüvvələrinin Azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bu faktı erməni müəlliflərinin özləri də etiraf etmişdi.[9]

" Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində həmin ordu Erməni Milli Şurasına tabe idi. "
Öldürülmüş azərbaycanlı
Öldürülmüş azərbaycanlılar

Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə Komitəsi yaradılır . Bu komitənin tərkibinə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev (sol eser), Stepan Şaumyan daxil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N. Anançenko, komissarı isə S. Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər.[10] Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S. Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar.[2] Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı.[10] Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər.[10] Ermənilərin birinci hücumu şəhərin "Kərpiçxana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri Soveti və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.[11]

Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan "Təzə pir" məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmirdilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayadırdılar. Bütün bunlara baxmayaraq, bu top atəşləri nəticəsində hər halda şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi. Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı" adlı məqaləsində yazırdı:[10]

" Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi "
"Böyük Ermənistanın" xəritəsi

Hətta, daşnak silahlı dəstələri N. Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Məhəmməd Əmin Rəsulzadə yazırdı:

" Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk – müsəlman əhali üzərində qətli yapdılar "

Bolşevik N. N. Kolesnikova öz xatirələrində həmin dövrdə Bakıda baş verənləri belə şərh edərək yazırdı ki:

" Müsavatçılar sıxışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bizimlə sıx əlaqə saxlayırdı. "

Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmişerməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər.[12] Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürüb, valideynlərin özlərini isə elə yaxaladıqları yerdə asıb-kəsirdilər.[11] Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır.[10] Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. 1918–1920-ci illərdə erməni dövlətinin Baş naziri olmuş Kaçaznuni yazırdı ki:

" Bizim köməyimizlə Bakıda bolşeviklər «Müsavat»ı darmadağın etdilər (1918-ci ilin martında), biz isə bolşeviklərin və rus elementlərinin köməyi ilə Bakını türk – tatar qüvvələrindən qoruya bildik. "
Stepan Şaumyan

Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı.[11] Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir ciddi cəhd göstərməmişdi.[13] Svyataxovski yazır ki, əksinə, bu qırğınlardan razı qalan və "döyüşün nəticələri bizim üçün əladır" — deyən Şaumyan aprelin 13-də "qələbəni" Xalq Komissarları Sovetinə sevinclə məlumat vermişdi. S. Şaumyanın 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edilirdi:[10]

" Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən Sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular. Daha sonra o, yazırdı: Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək

6000 nəfər yaxşı silahlı qüvvə təşkil edə bildik. «Daşnaksütyun»un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim ixtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoxsulları böyük zərər görmüşlər.

"

S. Şaumyanın özü günahsız azərbaycanlıların öldürülməsini etiraf etsə də, yenə də qırğına sinfi don geydirməyə çalışaraq, öz qanlı əməllərinə haqq qazandırmişdı. 1918-ci ilin may ayında S. Şaumyan yazırdı:[14]

" Düzdür, Bakıda yoxsul müsəlmanlardan ölənlər vardı, lakin onlar bəy və xanlar tərəfindən aldatma yolu ilə Sovet hakimiyyətinə, fəhlələrə qarşı qaldırılmış qara kütlələr idilər. "

Stepan Şaumyanın oğlu Suren Şaumyan etiraf edərək yazırdı:

" Hamı bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və bu qırğını ermənilər törətmişdir. "

1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyanın Həştərxandan Şaumyana yazdığı məktubunda qeyd edirdi:

" Hazırda Bakıdan kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni – tatar qırğını gedir və qırğın ermənilər tərəfindən törədilib. "

Erməni Milli Şurasının orqanı olan və Bakıda çap edimiş "Naşa vremya" (rus dilində) qəzeti yazırd;:

" Heç kim inkar edə bilməz ki, Bakı şəhərində müsəlman əhalisinə qarşı, ayrı – ayrı erməni qrupları, yaxud erməni olmayanlar, vəhşiliklər edilmişdi. "

Bakıda Azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 15–20 min azərbaycanlı öldürülmüşdür.[10]

Dağılan memarlıq abidələri

[redaktə | vikimətni redaktə et]
Vəhşi Diviziyanın hərbçiləri

Şəhərdə Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir. Belə ki, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı.[15] Bakıda İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan xIV əsrdə tikilmiş Keyqubad məscidi, oktyabr ayında Cənubi Azərbaycandakı avşarların məskun olduğu Urmiya şəhərinin abidələrini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoxsaylı materiallar vardı.[15] Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd xan Təkinski ilə A. E. Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəxsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır:

  1. Nikolayevsk küçəsindəki "Kaspi" qəzetinin redaksiya binası dağıdılmışdı.
  2. Müsəlman Xeriyyə Cəmiyyətinin "İsmailiyyə" binasının şərq tərəfi dağıdılmışdı.
  3. "Dağıstan" mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
  4. Bazar küçəsindəki keçmiş "İsgəndəriyyə" mehmanxanasının binası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
  5. Bazar və Qubernski küçələrinin tinindəki "İslamiyyə" mehmanxanası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
  6. Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir. Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı.
  7. Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdi.

Həmin hadisələrdən bəhs edən başqa bir sənəddə göstərilir ki, bir dəstə daşnak əsgərləri və Şaumyanın adamları "Cəmiyyəti – xeyriyyə"nin (burada "İsmailiyyə" binası nəzərdə tutulur) qarşısına gəlib o binayi – müqəddəsə, o möhtəşəm imarətə, o müəzzəm binaya xainanə bir surətdə od vurdular, onu yandırdılar.[10]

Məhəmməd Əmin Rəsulzadə

Qubada soyqırımı

[redaktə | vikimətni redaktə et]

1918-ci ildə erməni daşnakları və bolşeviklər Quba qəzasında yerli əhaliyə qarşı amansız qırğınlara başladılar. Bu döyüşlərdə erməni daşnaklarının və bolşeviklərin birləşmiş qüvvələrinin darmadağın edilməsində ləzgi əhalisinin də mühüm xidmətləri olmuşdur. Əksər döyüşlərdə düşmənlər ilə ləzgilər üz-üzə gəlmiş və qələbəni təmin etmişlər. Ulu öndərimiz Heydər Əliyev Quba hadisələrinə münasibət bildirərkən bu fikri xüsusi vurğulamışdır: "Bu hadisələrdə müsəlmanlar qətlə yetirilmişdir". Bu ifadələr onu sübut edir ki, Qubada soyqırımı yalnız türk əhalisinə qarşı deyil, həm də müsəlman ləzgilərə, tatlara və başqalarına qarşı yönəlmişdir. Sənədlərdə öz əksini tapdığı kimi Quba ətrafındakı ləzgi kəndlərinin əhalisi erməni daşnaklar və bolşeviklərə qarşı mübarizəyə başladıqdan sonra başqa kəndlərin əhalisi də ayağa qalxmışdır. 1918-ci ildə işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 162 kəndi dağıtmış, bunlardan 27-ni əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən yerli əhali həmin dövrdə işğalçıların 5 mindən çox əsgərini tələf etmişdir.

Qubada həyata keçirilən bu ağlasığmaz qırğının digər bölgələrdə həyata keçirilən qırğınlaradan əsas fərqi bundadır ki, digər soyqırımlar azərbaycanlılara qarşı yönəlmişdisə, Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı həm də digər millətlərə — ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi.

Şamaxıda soyqırım

[redaktə | vikimətni redaktə et]

Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. Bununla əlaqədar olaraq N. Nərimanov yazırdı:[16]

" Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi. Bax, suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir. "

Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xacməmmədov martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı:

" Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi lazımdır. "

Şamaxı əhalisi ermənilərin, eləcədə onlara kömək edən molokanların, onların üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki, onlar uzun illər boyu həmişə dinc yaşamışdılar.[16] Hətta, 1905–1906-cı illər qırğınları zamanı Şamaxıda ciddi qarşıdurma qeydə alınmamışdı. Lakin S. Şaumyanın fitvası ilə erməni daşnak – rus bolşevik silahlı dəstələri, Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaxı qəzasında törətmişdi.[16] 1919-cu il martın 30-da Bakıda nəşr olunan "Azərbaycan" qəzetində (rus dilində) Şamaxı hadisəsi ilə bağlı "Şamaxının son günləri" başlığı altında yazı çap olunmuşdu (116, № 67, 1919). Həmin yazıda ermənilərin Şamaxıda törətdikləri qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli azərbaycan əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi yox idi.[16] Hətta, yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdilər. Şamaxı faciəsini Stepan Lalayev (Lalayan), Gavriyil Karaoğlanov, Gülbandov, Mixail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov, Samuel Daliyev, Petrosyants, İvanovlar (oğul və babası) və Şamaxının yerli erməni əhalisi tərəfindən törədilmişdi. Fövqəladə Komissiyanın üzvü A. F. Novatski öz məruzəsində Şamaxı şəhərinin darmadağın edilməsi və həmin şəhərin müsəlman əhalisinə qarşı ermənilərin və onlarla birgə molokanların törətdikləri vəhşiliklər haqqında geniş məlumat vermişdi.[15] Stepan Lalayevin cinayətlərini araşdıran İstintaq Komissiyasının topladığı faktik materiallar subut edir ki, Lalayev azərbaycanlılara qarşı törədiyi soyqırımın icraçılarındandır.[16] Onun Şamaxıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid ifadələrində də öz əksini tapmışdır. Şahidlərin dediyinə görə Stepan Lalayev özünün cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əsgər dəstəsinin başında Şamaxıya gəlmişdi. Onun quldur dəstəsi burada qadın, uşaq və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, çıxıb qaçmaq istəyənləri isə güllələmişlər. On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də qədim abidə kimi əziz idi. Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya amansız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş saysız – hesabsız qadın və uşağı da öldürmüşdülər. Şamaxı hadisələri ilə bağlı "Azərbaycan" qəzetində gedən bir yazıda qeyd olunmuşdu ki, S. Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.[16]

Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi:[17]

" ski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhləsi salamat buraxıldı. Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Səlyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı

qocaların, yəğmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili – təsəvvür bir faciə təşkil edir.

"

Ermənilər tərəfindən öldürülənlər içərisində görkəmli adamlar və ictimai xadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Xudaverdov, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çox başqalarını göstərmək olar. Şamaxı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir miliyard rubldan artıq təşkil edirdi. Ermənilər 1918-ci ilin mart–aprel aylarında Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfər öldürmüş, onların 1653 qadın və 965 uşaq olmuşdur .[16] Hətta, S. Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etmişdilər.[16]

Məşhurların sonrakı taleyi

[redaktə | vikimətni redaktə et]

9 mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir[4]. Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilmişdir[4].

General Talışinski Bakıya gəlməzdən bir neçə gün əvvəl Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır:

" Hörmətli yoldaş Şaumyan:

Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostlara xoş arzular və salamlar.[18]V. Ulyanov (Lenin)

"

Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı müqavimət göstərməyə başlamışlar[19]. Baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-də qədər Bakıda davam etmişdir[4] və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır.[14]

Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya İmperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

Demoqrafiya və silahlı qruplar

[redaktə | vikimətni redaktə et]

I Dünya müharibəsindən əvvəl Bakıda təxminən 200.000 əhali yaşayırdı.[20]

Mart soyqırımı ərəfəsində Bakıdakı hərbi qruplaşmalar isə belə idi:

  • Osmanlı cəbhəsindən geri dönən, keçmiş çar ordusu mənsubu 6 min nəfər hərbi qulluqçu. Şəxsi heyəti əsasən Bakı Sovetinin tabeliyinə keçmişdir.
  • 4 min nəfərlik erməni hərbi dəstəsi (Daşnaksütyun partiyasının)
  • 1918-ci ilin yanvarında şəhərdən qovulan və sayı dəqiq bilinməyən Vəhşi diviziya.[17]

Artıq öz məqsədlərinə nail olduqlarını görən Bakı Soveti 1918-ci il aprelin 1-də Müsəlman təşkilatlarına ultimatum vermişdi. Həmin ultimatumda:[22] 1) Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin hakimiyyətini açıqca və danışıqsız olaraq tanımalı və onun bütün sərancamlarına tamamilə tabe olmalı; 2) əks-inqilabçı əsgəri hissə olan "Dikaya diviziya" (erməni – rus bolşeviklərinin fikrinə görə əsasən azərbaycanlılardan təşkil olunan "Dikaya diviziya" — Tatar süvari polku əks-inqilabçıdır, təkcə Bakı şəhərində minlərlə dinc insanı vəhşicəsinə qətlə yetirən erməni silahlı quldur dəstələri isə inqilabçıdır) Bakı və onun rayonları ərazisində saxlanıla bilməz.[22] Digər müsəlman milli əsgəri hissələri, habelə erməni əsgəri hissələri (erməni əsgəri hissələri nəinki şəhərdən çıxarıldı, əksinə onlar yenə də bolşeviklərin əsas hərbi qüvvəsi olaraq qalırdı) ya şəhərdən çıxarılmalı, ya da tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilməlidirlər.[19] Əhalinin bütün silahı fəhlə, əsgər və matros deputatları Sovetin nəzarəti və uçotu altında olmalıdır; 3) Bakıdan Tiflisə qədər va Bakıdan Petrovska qədər dəmir yol xəttinin açılması üçün təcili tədbirlər görülməsi göstərilirdi . Bu tələblərin yerinə yetirilməsi müddəti 1918-ci il aprelin 1-də, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabı müdafiə komitəsindən Caparidze, Saakyan, Zevin, Fioletov və Dudin, "Müsavat" partiyasından Kazımzadə, "Rusiyada Müsəlmançılıq" partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvi A. M. Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L. Atabekyan və TerMikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın konsulu və başqaları iştirak etmişdi.[22] Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı olduqlarını bildirmişdilər və cavab sənədinə imza atmışdılar. Lakin bu razılaşmaya baxmayaraq, S. Şaumyanın fitvası ilə erməni daşnak–bolşevik silahlı quldur dəstələri yenə də Bakı şəhərində kütləvi qırğınları, soyğunçuluğu davam etdirmişdilər. Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar.[22]

Soyqırımın qurbanları

[redaktə | vikimətni redaktə et]

Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir..[12][23][24]

1918-ci il aprelin ikisində Cənubi Qafqaz Seyminin yığıncağında Bakıda çevriliş haqqındakı məsələ müzakirə olunsa da, buradakı ermənigürcü nümayəndələri həmin qırğının əsl mahiyyətini gizlətməyə çalışmışdılar.[25] Belə ki, yığıncaqda çıxış edən gürcü menşeviki, Seymin daxili işlər naziri İsidore Ramişvili bildirmişdi ki, bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirmələrini bütün Cənubi Qafqazda hakimiyyəti ələ keçirmək üçün Tiflis üzərinə hücumun genişləndirməsinin başlanğıcı hesab etmək olar. Lakin o, Bakıda erməni daşnak–rus bolşevik silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bir kəlmə də danışmamışdı. Yığıncaqda yalnız azərbaycanlı nümayəndələrinin məsələni kəskin qoymaları Cənubi Qafqaz Seyminin bolşeviklərə qarşı ciddi addımlar atmasına səbəb olmuşdu. Burada Müsəlman Sosialist Blokunun nümayəndəsi Aslan bəy Səfikürdski də, bolşevik – erməni silahlı qüvvələrinin qanlı əmələrinə son qoymaq üçün, Cənubi Qafqaz Seymindən ciddi tədbirlər görülməsini tələb etmişdi.[12] O, öz çıxışında bildirmişdi:

" Əgər Zaqafqaziya hökuməti mövcuddursa, onda biz tələb edirik ki, bu tədbirlər qəbul olunsun. "

Aslan bəy Səfikürdski Zaqafqaziya Seyminin yığıncağında bolşeviklərə qarşı mübarizəyə çağırmışdı. Səfikürdski, bolşeviklərlə mübarizə aparan və gələcəkdə də bu mübarizəni davam etdirən müsəlman bloku adından hökuməti xəbərdar etmişdi ki, əgər Seym qətiyyətli ölçü götürməsə, onda biz özümüz onları darmadağın edəcəyik. Müsəlman sosialist blokunun sədri Z. Q. Məmmədbəyov Bakıda azərbaycanlılara qarşı qanunsuzluqların aradan qaldırılması və vəhşiliklərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsini, Məhəmməd Əmin Rəsulzadə isə Azərbaycana yardım edilmədiyi təqdirdə Seymi boykotla qorxudmuşdu. Seymin iclasında "Müsavat" partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə kəskin çıxış edərək, sosialist müsəlman blokunun nümayədəsinin tələblərini haqlı sayaraq təcili tədbirlər görülməsini tələb etmişdi.[22] Seymin üzvü Cəfərovun Zaqafqaziya hökuməti nə kimi tədbirlər görür və görmək fikrindədir sorğusuna cavab olaraq, Ramişvili ikinci dəfə çıxış edərək bildirmişdi ki, bir çox səbəbdən biz görəcəyimiz işləri açıq elan etmirik. Seymin hesabat yazısında göstərilirdi ki, Bakı şəhərində bolşeviklərin müsəlmanlara qarşı silahlı çıxışından sonra dinc müsəlman əhalisinə qarşı misli görünməmiş cinayətlər törədilmişdir. Zaqafqaziya Seymi bolşevik çıxışlarını ləğv etmək üçün Zaqafqaziya hökumətinə lazımı göstərişlər verməyi qərara almışdı. Cənubi Qafqaz Seymi Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari hissələri, iki təyyarə, zirehli qatar, çoxlu silah və sursat ayırmışdı. 1918-ci il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə TiflisGəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni zamanda şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri hücuma keçmişdi. Lakin bütün bunlar azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qırğınların qarşısının alınmasında yetərli olmamışdı.[22]

Medianın işıqlandırması

[redaktə | vikimətni redaktə et]

Azərbaycan mətbuatında

[redaktə | vikimətni redaktə et]
Kaspi qəzetinin Nikolayevski küçəsində yerləşən binası Mart hadisələrində baş vermiş yanğından sonra.

Mart soyqırımında Azərbaycan milli mətbuat orqanları, mətbəələr və jurnalistlər hədəfə alındı.[13] "Azərbaycan" qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri "Kaspi" qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir.[13] 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq Azərbaycan dili mətbuat orqanlarının fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız "Hümmət" və "Bakı Şurasının əxbarı" qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu.[13] "Açıq söz", "Bəsirət", "İstiqlal", "El həyatı" və başqa azərbaycandilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir.[13]

Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına" görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. "Kaspi", "Bakı", "Bakinets", "Vesti Baku", menşeviklərin "Naş qolos" qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu.[13] Tiflisdə nəşr olunan Azərbaycan dili mətbuat orqanlarını çıxmaq şərtilə, Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.[13]

"Azərbaycan" qəzeti 1919-cu ilin martın 31-də 147-ci sayında "Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi" sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazır[26]:

" Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları qırırlar.[13] "

Martın 17-də Bakıya xəbər çatır ki Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. "Azərbaycan" qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir:

" Şamaxı mahalına bir qitə göndərilib, əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub.[13] "

"Hümmət"in "Şamaxı əhvalı" sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdırlar.[13] Vəziyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: "Şamaxı şəhəri bütünlüklə yanıb".[13]

Siyasi baxımdan

[redaktə | vikimətni redaktə et]

Mart hadisələri 1998-ci ilin, martında Heydər Əliyev tərəfindən Azərbaycanlıların soyqırım günü kimi elan edilmişdir. 2013-cü ildə, İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.[27]

Beynəlxalq aləmdə

[redaktə | vikimətni redaktə et]

27 mart, 2012-ci ildə, Amerika Azərbaycan Cəmiyyətinin və Azərbaycanın Amerikadakı səfirliyinin senator Ceyms Alesi ilə birlikdə hazırladığı və mart soyqırımına həsr olunmuş layihə Nyu-York senatından keçərək, qəbul edilmişdir.[28] Qətnaməyə görə, 31 mart Azərbaycanlıları Anma Günü elan olunmuş və mart hadisələri daşnaklarla bolşeviklərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi xarakterizə olunmuşdur.[28][29]

2012-ci ilin 31 dekabrında, ABŞ hökumət dairələri tərəfindən ilk dəfə, Nevada ştatının qubernatoru Cim Qibbons 31 martı qırğında öldürülən azərbaycanlıların anma günü elan etmişdi.[30]

Nevada qubernatoru Cənab Jim Gibbons bu dəfə də 31 mart 2010-cu il tarixini "Azərbaycan anım günü" elan etdi.[31]

Nevada ştatında "Azərbaycan anım günü"nün elan olunmasında "Azərbaycan Araşdırmaları Jurnalı" (Journal of Azerbaijani Studies) (redaktor: Hamlet İsaxanlı) və professor Cəmil Həsənlinin orada dərc olunmuş "Erməni terrorizmi və Azərbaycanda türk-müsəlman genosidi" adlı məqaləsi (ingilis dilində) mühüm mənbə rolunu oynamış və qubernatorun imzaladığı qərar mətnində həmin mənbənin elektron versiyasına istinad edilmişdir.

Quba Soyqırımı Memorial Kompleksi Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.[27] 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir.[27] Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib.[32] Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.[33] 2013-cü ilin oktyabr ayında Fransız Senatının nümayəndəliyi, senator Natalia Qouletin rəhbərliyi ilə bu memorial kompleksi ziyarət etmişdir.[27]

Mədəniyyətdə

[redaktə | vikimətni redaktə et]

Qurban Səidin "Əli və Nino" və Lev Vaysenberqin "Kiçik bacı" romanları Mart soyqırımından bəhs olunmuş bədii əsərlərdəndir.[32][34]

Azərbaycan kinematoqrafında Mart soyqırımına "Həqiqətin özü", "Mart hadisələri, yaxud qara oyunlar" filmləri ithaf olunub.

Xürrəm Sultan tərəfindən 2014-cü ildə "31 mart soyqırımı filmi" çəkilmişdir.
  1. "Arxivlənmiş surət". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.
  2. 1 2 "New Republics in the Caucasus", The New York Times Current History, v. 11 no. 2 (March 1920), p. 492
  3. Michael Smith. "Anatomy of Rumor: Murder Scandal, the Musavat Party and Narrative of the Russian Revolution in Baku, 1917–1920", Journal of Contemporary History, Vol 36, No. 2, (Apr. 2001), p. 228
  4. 1 2 3 4 "Michael Smith. "Azerbaijan and Russia: Society and State: Traumatic Loss and Azerbaijani National Memory"". 2011-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-06-29.
  5. Peter Hopkirk, "Like hidden fire. The Plot to bring down the British Empire", Kodansha Globe, New York, 1994, pp. 262–266, 287
  6. Peter Hopkirk, "Like hidden fire. The Plot to bring down the British Empire", Kodansha Globe, New York, 1994, p. 287. ISBN 1-56836-127-0
  7. 1 2 3 Cəmil Həsənli, AXC-nin xarici siyasəti (1918–1920)
  8. ATV. "Tariximizə qanlı hərflərlə yazılan 31 mart soyqırımı" (az.). Youtube.com. 31.03.2023. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  9. "Arxivlənmiş surət". 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
  10. 1 2 3 4 5 6 7 8 "AZƏRBAYCANLILARIN SOYQIRIMI (1917-1918-ci illər" (PDF). 2018-04-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  11. 1 2 3 "Azərbaycan tarixi 7 cilddə 5 cild". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  12. 1 2 3 31 mart soyqırımı: 1918–1920-ci illər mətbuatında
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 Aşırlı, Akif. 31 mart soyqırımı: 1918-1920-cı illər mətbuatında. Bakı: “Elm və təhsil”. 2011. 100. (#accessdate_missing_url)
  14. 1 2 "The Russian Revolution as National Revolution: Tragic Deaths and Rituals of Remembrance in Muslim Azerbaijan (1907–1920)," Jahrbücher für Geschichte Osteuropas, vol. 49 (2001).
  15. 1 2 3 "Bakü Katliamı Gerçeği (31 Mart-1 Nisan 1918)" (PDF). 2019-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  16. 1 2 3 4 5 6 7 8 "ŞAMAXI SOYQIRIMI 1918 SHAMAKHI GENOCIDE" (PDF). 2018-04-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  17. 1 2 Altstadt 1992, pp. 85
  18. Stepan Shaumyan, Статьи и речи, Bakinskii Rabochii, Articles and speeches of the Bolshevik Extraordinary Commissar for the Caucasus, 1924, p. 224
  19. 1 2 Firuz Kazemzadeh. Struggle For Transcaucasia (1917–1921), New York Philosophical Library, 1951, p. 70.
  20. Luigi Villari "Fire and sword in the Caucasus," page 186
  21. Stepan Shahumyan. Letters 1896–1918. State Publishing House of Armenia, Yerevan, 1959; pages 63–67.
  22. 1 2 3 4 5 6 "Azərbaycan Zaqafqaziya dövlətçiliyi sistemində". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  23. Məhrrəm Zülfüqarlı: ŞAMAXI SOYQIRIMI 1918 SHAMAKHI GENOCIDE
  24. Vaqif Abışov:AZƏRBAYCANLILARIN SOYQIRIMI (1917–1918-ci illər)
  25. "New Republics in the Caucasus". The New York Times Current History. 11 (2): 492. March 1920.
  26. Kazemzadeh 1950, pp. 75
  27. 1 2 3 4 Genocide Memorial Complex opened in Guba" Arxivləşdirilib 2018-09-29 at the Wayback Machine. www.news.az. Retrieved 13 may 2014.
  28. 1 2 "New York State Senate adopts resolution proclaiming March 31 as remembrance day of Azerbaijanis subjected to genocide" Arxivləşdirilib 2013-03-16 at the Wayback Machine. AzerTAg State News Agency. 24 June 2012. Retrieved 30 June 2012.
  29. J3784–2011: Memorializing Governor Andrew M. Cuomo to proclaim Saturday, March 31, 2012 as Azerbaijani Remembrance Day in the State of New York" Arxivləşdirilib iyul 2, 2012, at the Wayback Machine. The New York State Senate. 27 March 2012. Retrieved 30 June 2012.
  30. "Nevada governor proclaims 31 March Azerbaijani Remembrance Day" Arxivləşdirilib 2018-01-29 at the Wayback Machine. news.az. Retrieved 4 January2011.
  31. "Nevada governor proclaims 31 March Azerbaijani Remembrance Day". news.az. 29 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2011.
  32. 1 2 Axundov, Fuad. "The Ali and Nino Walking Tour". www.azer.com. www.azer.com. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 15 oktyabr 2016.
  33. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  34. Meyer, Karl E. My library My History Books on Google Play The Dust Of Empire: The Race For Mastery In The Asian Heartland. PublicAffairs. 2008. səh. 165. (#accessdate_missing_url)
  • Vaqif Arzumanlı, Vəli Həbiboğlu, Kamil Muxtarov, "1918-ci il qırğınları. Tarixi araşdırmalar", Bakı-1995
  • Akif Aşırlı. 31 mart soyqırımı: 1918–1920-ci illər mətbuatında. "Elm və təhsil": Bakı −2011.
  • Anar İsgəndərov. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı 1918–1920-ci illər. Bakı, 2006.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]