Nizaminin portreti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nizaminin portreti
Portretin görünüşü
Portretin görünüşü
Rəssam Qəzənfər Xalıqov
Tarixi 1940
Üslubu portret
Texnikası yağlı boya
Saxlanıldığı yer Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə[1] Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıqovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur.[2].

Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir.[2]

1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi."[2]

Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş əsərlər arasında ən yaxşısı seçilərək, birinciliyə layiq görülmüşdür.[2]

Müsabiqədə Xalıqovla yanaşı K. Xanlarov, A. Qasımov, T. Tağıyev, M. Nəcəfov, B. Semyonov, R. Topçubaşov və başqaları da iştirak etmişdilər.[3]

Rəsimin çəkilməsi

[redaktə | vikimətni redaktə et]

1939-cu ildə Azərbaycan SSR MK tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyi keçirilməsi qərara alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkli olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur. Müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas-Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdən sonra Üzeyir Hacıbəyov deyir ki, "Siz dediyiniz parametrlərdə Ağcəbədidən bir axund tanıyıram" . Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra, rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq, müsabiqənin qalibi olur.[4]


  1. Халыков Газанфар Алекпер оглы Arxivləşdirilib 2019-09-17 at the Wayback Machine // Популярная художественная энциклопедия / Под ред. Полевого В. М.. — М.: Советская энциклопедия, 1986.
  2. 1 2 3 4 Н. М. Миклашевская. Становление и развитие искусства социалистического реализма в Советском Азербайджане: 1920-1945 гг. (живопись, графика, скульптура, театрально-декорационное искусство). — Б.: Элм, 1974. — С. 64. — 178 с.
  3. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rəfael Hüseynovun müsahibəsi, Nizaminin şərəfinə bəstələnilən əsərlər oğurlanıb? Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine// Müsavat qəzeti, 11 dekabr 2011.
  4. [1][ölü keçid]Araz Vəliyev