Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması | |
---|---|
Tip | Xəmsə |
Tarix | XVI əsrin I yarısı - XIX əsrin I yarısı |
Dil(lər) | farsca |
Yazan(lar) | Nizami Gəncəvi |
Material | kağız və mürəkkəb |
Ölçü | 23 × 32 sm |
Format | kitab |
Vəziyyət | əla |
Əlifba | ərəb əlifbası |
İçindəkilər | 308 səhifə |
Əvvəl saxlanılıb | AMEA Əlyazmalar İnstitutu, Bakı, Azərbaycan |
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır.
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.[1]
Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl — XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır.[1] Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir. Başlıq kinovarla yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır.[1]
Sonuncu poemanın ikinci hissəsi olan "İqbalnamə" nazik parlaq şərq kağızı üzərində iki sütun şəklində yazılmış və geniş passport hissəsinə yapışdırılmışdır. Həmin hissə xırda nəstəliq xətti ilə yazılmışdır. Səhifələr qızılı və göy xəttlərlə çərçivələnmişdir. Sütunlar iki qızılı xətlə ayrılmışdır. Başlıq kinovarla yazılmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazmasının bu hissəsi də XVI əsrin I yarısına aiddir.[1]
"Xosrov və Şirin" poeması nazik şərq kağızı üzərində dörd sütun olmaqla, yaxşı kalliqrafik nəstəliq ilə yazılmış, qızılı və göy xətlərlə çərçivələnmişdir. Mətndən əvvəl gələn naxışlı giriş qızıl suyu, mavi və qırmızı mürəkkəblə işlənmiş naxışlı giriş səhifəsi gəlir. Poemaya İsfahan miniatür məktəbinə aid 16 miniatür (83а — iki, 84а, 84b, 88b, 89b, 91b, 93b, 96b, 100а, 100b, 104а, 107b, 108b, 109а, 112а) əlavə edilmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazmasının bu hissəsi XVIII əsrin II yarısında yazılmışdır.
Əlyazmasının digər səhifələri noxud rəngli şərq kağızı üzərində dörd sütun olmaqla yazılmış, qızıl suyu və qara rəngli xətlərlə çərçivəyə alınmışdır. Başlıqlar qırmızı mürəkkəblə bazılmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazmasının bu hissələri XIX əsrin I yarısında Orta Asiyada yazılmışdır[1].
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов. — Элм, 1979. — səh. 92.