Əliheydər Qarayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əliheydər Qarayev
Bayraq
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafaziya Diyar Komitəsinin ikinci katibi
İkinci bayraq
27 noyabr 1929 – 8 may 1930
Birinci katibAleksandr Krinitski
ƏvvəlkiRuben Rubenov
SonrakıNikolay Çaplin
Bayraq
Azərbaycan SSR xalq hərbi və dəniz işləri komissarı
İkinci bayraq
21 iyun 1920 – 1 fevral 1923
ƏvvəlkiÇingiz İldırım
Sonrakıvəzifə ləğv edildi
Bayraq
Azərbaycan SSR müvəqqəti xalq hərbi və dəniz işləri komissarı
İkinci bayraq
12 iyun 1920 – 21 iyun 1920
Bayraq
Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin sədri
İkinci bayraq
iyun 1920 – 1920
Əvvəlkivəzifə təsis edildi
Bayraq
Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri
İkinci bayraq
aprel 1920 – 1920
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Bayraq
Azərbaycan SSR xalq əmək və ədliyyə komissarı
İkinci bayraq
28 aprel 1920 – 12 iyun 1920
Əvvəlkivəzifə təsis edildi
SonrakıBehbud ağa Şahtaxtinski
"Kommunist" qəzetinin baş redaktoru
1919 – 1920
Əvvəlkivəzifə təsis edildi
SonrakıAğababa Yusifzadə
7 dekabr 1918 – 27 aprel 1920
FraksiyaSosialistlər fraksiyası
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
1918 – 1918
FraksiyaHümmət Partiyası
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şamaxı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri
1917 – 1917
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyun 1896(1896-06-20)
Doğum yeri
Vəfat tarixi 24 aprel 1938(1938-04-24) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı
Dini ateizm

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azərbaycanlı kommunist inqilabçılar Əliheydər Qarayev və Həbib Cəbiyev, 1921-ci il

Əliheydər Ağakərim oğlu Qarayev (20 iyun 1896, Şamaxı24 aprel 1938, Bakı) — Azərbaycan SSRSovet siyasi və dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik RespublikasıAzərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı; Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı (1920), Bakı Soveti İcraiyyə Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı (1920–1923),[1][2] Quba üsyanını amansızlıqla yatıran şəxlərdən biri və repressiya qurbanı.

Əliheydər Qarayev həm Azərbaycan, həm Gürcüstan parlamentlərinin deputatı olmuş yeganə şəxsdir.[mənbə göstərin]

Əliheydər Qarayev əvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916-cı ildə Don (indiki Novoçerkassk) Politexnik İnsitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917-ci ildə Şamaxı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri olmuşdur. Əliheydər Qarayev Ağakərim oğlu, 1896-cı ilin iyun ayının 20-də Şamaxı şəhərində anadan olub. Tacir olan atası tərəfindən 6 yaşında mollaxanaya təhsil almaq məqsədilə göndərilir. 10 yaşında isə realnı məktəbə yazılır. Qarayevin şəxsiyyətinin formalaşmasında onun müəllimi- görkəmli şair, nasir, dramaturq, publisist və maarif xadimi Abbas Səhhətin böyük rolu olub. Bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. Sosial yönümlü xarakterinə görə məktəbin ictimai işlərində fəal iştirak edir və üzərində böyük təsiri olmuş, demokratik ideyaların carçısı "Molla Nəsrəddin" jurnalını maraqlı izləyirdi. Mütərəqqi fikirlərin təbliğatçısı olan "Molla Nəsrəddin" zəhmətkeş xalq və demokratiya cəbhəsində duraraq, azadlıq düşmənlərini — çar mütləqiyyətini, hakim təbəqələrinin ağalığını, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, mövhumat, cəhalət və xurafatı amansız satira atəşinə tutmuş, Azərbaycan xalqının milli oyanışında, əhalinin geniş təbəqələri içərisində istiqlal ideyalarının yayılmasında mühüm rol oynamışdır. Azərbaycan poeziyasında inqilabi satiranın banisi, görkəmli şair Mirzə Ələkbər Sabir (1862–1911) və Abbas Səhhətin (1874–1918) təsiri altında gənc Əliheydər həmin jurnalda öz məqalələrini dərc etdirir. 1913-cü ildə isə jurnalın Tiflisdəki qurultayında nümayəndə heyətinin tərkibində iştirak edir. Aradan bir il keçəndən sonra Şamaxıda, Bakı şəhərində mədəni-maarif işləri ilə məşğul olan "Nicat"ın təşəbbüsü ilə yaradılmış xeyriyyə cəmiyyətinə üzv oldu və cəmiyyətə verdiyi töhfələrdən ötrü, şöbənin rəhbərliyi tərəfindən ona təşəkkür edildi.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Bakıda sol radikal sosialistlərin liderlərindən biri kimi Əliheydər Qarayev parlament üzvü olmaqla yanaşı mətbuat tarixinə jurnalist, qəzet və jurnal redaktoru, bolşevik ideyalarının təbliğatçısı kimi daxil olmuşdur. Onun redaktorluğu ilə "Bakı Fəhlə Konfransının Əxbarı", "Zəhmət", "Zəhmət Sədası", "Oktyabr İnqilabı", "Füqəra Sədası" qəzetləri və "Məşəl" jurnalı buraxılırdı. Doğrudur, bunlardan bəzilərinin yalnız bir nömrəsi çıxmış, bəzisi isə biri-digərini əvəz etmişdir. Öz potensialını dərk etmiş Əliheydər, 1916-cı ildə Don (indiki Novoçerkassk) Politexnik İnsitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917-ci ildə Şamaxı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri olmuşdur. Siyasi fəaliyyətə qədəm qoyması da, bu dövr ilə əlaqəlidir. İmperiyanın müxtəlif guşələrindən gəlmiş bütün gənclər kimi, o da tədricən şəhərin böyük siyasi həyatına qoşulur, tələbə sosial-demokrat cəmiyyətinin işində fəal iştirak etməyə başlayır. Onun natiqlik qabiliyyətini və gələcək liderlik meyillərini aşkara çıxaran ətrafındakı yoldaşlar Əliheydəri tətil komitəsinin üzvü seçirlər. Yığıncaq və mitinqlərdəki davranışı və çılğın təbiəti ilə seçilən gənc Əliheydər mövcud quruluşa qarşı öz nifrətini dilə gətirir, elə buna görə də həbs olunur, jandarm idarəsində ona edilən xəbərdarlıqdan sonra isə tezliklə azadlığa buraxılır.

Ədalətsiz Çar istibdadına qarşı etirazını, mütərəqqi sosial-demokrat ideyalarında kəşf edən Əliheydər 1917-ci il Fevral burjua inqilabını Novoçerkasskda qarşılayır və təhsilindən ayrılaraq Azərbaycana-Şamaxıya qayıdır. Burada müxtəlif mədəni-maarif və siyasi işlərdə, onların təşkil edilməsində iştirak edir. Məhz özünün iştirakı ilə təsis edilmiş Fəhlə və Əsgər Deputatları Şurasının İcraiyyə Komitəsinə üzv seçildi. Həmçinin iyun ayının ortalarında Şamaxı kəndliləri Qarayevi, Zaqafqaziya kəndli deputatlarının Tiflisdə keçirilən qurultayına nümayəndə seçdilər. Abbas Səhhətin "Açıq söz" qəzetində 1917-ci ilin mayında dərc olunmuş "Müsəlman tələbələrinin fəaliyyəti" məqaləsində Əliheydər Qarayevin Şamaxıdakı fəaliyyəti xüsusi qeyd olunurdu. Bir aydan sonra isə Petroqraddakı Birinci Ümum-Rusiya Kəndli Soveti İcraiyyə Komitəsinə üzv seçildi. Həmin ilin sentyabrında Tiflisə gələn Qarayev menşevik sıralarına qoşulur. Bu zaman o, "Al Bayraq" adlı qəzetdə öz siyasi baxışlarını ortaya qoyurdu. Həmin qəzetdən sonra isə, satirik jurnal olan "Tartan-Partan"da fəaliyyətinə davam edir. Bu vaxtdan etibarən o, aktiv şəkildə siyasi fəaliyyətlə məşğul olmağa başlayır.

1918-ci ilin oktyabrında açılan Gürcüstandakı menşevik parlamentinə, Hümmət partiyası adından deputat seçilir Həmin dövrdə o, RK(b)P Bakı Komitəsinin üzvləri — İ. İ. Anaşkin, L. İ. Mirzoyan, A. İ. Mikoyan və digərləri ilə dostluq edirdi. Bu onun bolşevizm mövqeyinə keçməsi sahəsində həlledici rol oynadı, beləliklə 1919-cu ilin fevralında Əliheydər RK(b)P-nın mübariz cərgələrinə daxil olaraq, RK(b)P Bakı komitəsinin üzvü seçilir. O, tez-tez fəhlə yığıncaqlarına gəlir, onların hüsn-rəğbətini qazanırdı. Parlaq natiqlik qabiliyyətləri, rus və Azərbaycan dillərini bilməsi, Bakının hüdudlarından kənardakı siyasi iş təcrübəsi onun bolşeviklər arasında liderə çevrilməsinə səbəb oldu və bu ona Bakı mərkəzi fəhlə klubunun idarə heyətinə daxil olmasına, sonralar isə həmin klubun sədri seçilməsinə imkan verdi. 1918-ci ilin sonlarında isə Bakı Fəhlə Konfransının, 1919-cu ildə Rəyasət Heyətinin üzvü, sonra isə sədri seçilmişdir. 1919–1920-ci illərdə bir sıra bolşevik qəzetlərinin redaktoru olmuşdur. Bu nəşrlər vasitəsilə xalqa mövcud hökuməti devirib, yerində Sovet hakimiyyəti qurmağı təbliğ edirdi.

İyirminci illərin əvvəllərində "Kommunist" qəzetinin redaktorları çox tez-tez vəzifələrindən uzaqlaşdırılır, başqaları ilə əvəz edilirdilər. Bu, yüksək dairələrdə mövcud olan intriqalarla, dedi-qodularla bağlı idi.

Qəzetin birinci rəsmi redaktoru Əliheydər Qarayev, məsul katib – Seyid Cəfər Cavadzadə (Pişəvəri) və Nemət Bəsir Hacıyev olmuşlar. Əliheydər Qarayev bir neçə dəfə fasilələrlə qəzetin məsul müdiri (redaktoru) təyin edilmiş, bəzən də Azərbaycan K(b)P MK-nın göstərişi ilə sadəcə olaraq, qəzetə nəzarət etmiş, bir növ, senzor funksiyasını yerinə yetirmişdir.

1922-ci il martın 2-də "Kommunist" qəzetində o vaxtkı xalq daxili işlər xalq komissarı Həmid Sultanovun "Yoxsul" imzası ilə məqaləsi dərc olunmuşdu. Məqalədə 1912-ci ildən 1922-ci ilə qədər Azərbaycandan Rusiyaya aparılan konkret məhsullar haqqında arxiv sənədlərinə əsaslanan məlumat verilirdi. Eyni zamanda, göstərilirdi ki, aparılan çeşidli məhsulların əvəzində Rusiyadan Azərbaycana ərzaq məhsulları adı ilə qapısı möhürlü boş vaqonlar gətirilirmiş. Əvvəllər belə şeylərin mövcudluğundan xəbərsiz olan müəllif ümidlə bildirirdi ki, guya sovet hakimiyyəti illərində daha bu sayaq hallara yol verilməyəcək. Ertəsi gün – 1922-ci il martın 3-də Azərbaycan K(b)P MK bürosunun xüsusi iclasında H. Sultanov vəzifəsindən azad edildi və elə iclasdaca həbs olundu. Ə. Qarayev isə "ilan yuvası" olan "Kommunist" qəzeti redaksiyasını "millətçi ünsürlərdən təmizləmək" üçün növbəti tapşırıq aldı.

1924-cü il aprelin 18-də Azərbaycan K(b)P MK-nın ikinci katibi, 27 yaşlı gənc vətənpərvər Eyyub Xanbudaqov "Kommunist" qəzetində "Milli məsələyə dair" adlı məqalə ilə çıxış etdi və bildirdi ki, partiyanın milli məsələyə dair göstərişləri yerinə yetirilmir, əksinə Azərbaycanda milli fəhlə kadrlarının hazırlanmasının qarşısı alınır, azərbaycanlılar fabrik və zavodlarda ayrı-seçkilik nəticəsində işə qəbul edilmirlər və bununla da milli məsələ nəzərdə tutulanın 0,001 faizi qədər də yerinə yetirilməyib.

Cəmi bir neçə gün sonra – 1924-cü il aprelin 27-də öz işinə başlayan XIII Bakı partiya konfransı gündəlikdəki məsələləri unudub, ikigünlük işini Əyyub Xanbudaqovun "millətçiliyini" araşdırmağa həsr etdi və Əliheydər Qarayevə tapşırıldı ki, "Kommunist" qəzetinin redaksiyasında kök salmış sovet hakimiyyəti düşmənlərini – millətçiləri üzə çıxarıb tapsın.

Ə. Qarayev qəzetin redaktoru Həbib Cəbiyevi müəyyən müddətə tutduğu vəzifədən kənarlaşdırdı. O, ziyalıların bir çoxunu "xırda burjuaziyanın əlaltısı" adlandırmış, bir qismini işdən qovmuş, bir qismini isə tənbeh etmişdi.

Qəzetin ən populyar redaktoru Həbib Cəbiyev olmuşdur. Həbib Cəbiyev 1924-cü ilin aprelində Azərbaycan K(b)P MK katibi Ə. Xanbudaqovun məlum məqaləsini dərc etdikdən sonra S. M. Kirov, L. Mirzoyan, Ə. Qarayev, D. Bünyadzadə və başqaları açıq hücuma keçdilər. Onlar tələb edirdilər ki, milli vətənpərvərliyi Ümumittifaq vətənpərvərliyi ilə əvəz etsinlər, Ümumittifaq kosmopolitizminə keçsinlər. Daha doğrusu, onların bir ümumi vətəni var, o da SSRİ-dir.[3]

Əliheydər Qarayev Cümhuriyyət dövründə Azərbaycan parlamentinin üzvü olub. O, "Hümmət" partiyasının menşevik qoluna mənsub idi.

1919-cu ilin fevral ayında isə o, bolşevik partiyasının üzvü oldu.

Dekabrın 7-də açılan Müsavat parlamentinə öz partiyasının bir nümayəndəsi kimi deputat seçilir. Belə ki, o, 1918-ci ilin dekabrından 1920-ci ildə Aprel Sosialist İnqilabının qələbəsinə qədər Müsavat Parlamentində müxtəlif məsələlər üzrə 80 dəfədən çox çıxış etmişdi. Sonralar Anastas Mikoyan bu haqda yazırdı:"Ə. Qarayev Parlamentdən çıxmaq barədə məsələni dəfələrlə RK(b)P Bakı komitəsi qarşısında qaldırmışdır, lakin biz hamımız yekdilliklə bunun əleyhinə çıxış etmişdik. Siyasi mübarizədən və öz baxışlarımızın təbliğindən ötrü leqal parlament tribunasından heç imtina edə bilməzdik."[4]

1920–1931-ci illərdə digər müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü, Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, xalq əmək komissarı, xalq hərbi dəniz işləri komissarı, Bakı Sovetinin sədri işləmişdir.

Qarayev, Moskvada Ali Partiya Məktəbində işlədiyi vaxtlarda, qardaşı Əlövsətə, Beriyanın Zaqafqaziyada, Bağırovun isə Azərbaycanda rəhbər vəzifəsinə seçilməsini təhlükəli adlandırmış və bu hadisənin, Azərbaycanda repressiyaların güclənməsinə təkan verəcəyini bildirərək demişdi: "Çünki bu avantüraçılar İ. V. Stalinin hədsiz etimadını qazanıblar". Ə. Qarayev qardaşına danışmışdı ki, o, Müsavat Parlamentinin deputatı olduğu vaxtlarda L. P. Beriyanın müsavat kəşfiyyatında işləməsi barədə məlumatı vardı. Ə. Qarayev 1926-cı ildə Azərbaycan K(b)P MK-nin katibi təyin olunduqda, həmin faktı təsdiqləyən sənədləri axtarıb tapmağa bir neçə dəfə cəhd göstərmiş, lakin onun bütün cəhdləri uğursuzluqla başa çatmışdı, çünki L. P. Beriyanı ifşa edən materiallar çox ciddi surətdə ləğv edilmişdi. Sonralar 1953-cü ildə Beriya öz məhkəməsində etiraf etmişdi: "…deməliyəm ki, mənim ən ağır cinayətlərimdən biri… mənim müsavat əks-kəşfiyyatında iştirakımdır. Bu günahımı mən tamamilə boynuma alıram."[5]

1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının ayrıca tələbi ilə Ə. Qarayev və onun həyat yoldaşı — həkim Xavər Qarayeva-Şabanova Moskvada "xalq düşmənləri" kimi həbs edilərək Bakıya göndərildilər.

Qarayev 1918–19-cu illərdə Hümmət Menşevik təşkilatına üzv olmaqda və Müsavat parlamentində iştirak etməkdə günahlandırılır. Yorucu istintaqlar başlayır, işgəncənin və ağır həbsxana şəraitinin gücü ilə, əsassız böhtanları öz boynuna götürməsi üçün Qarayevə təzyiq göstərirlər. Qarayev parlamentdə iştirak etməkdən başqa, qalan bütün ittihamları rədd etdi, parlamentdə isə partiyanın göstərişi ilə çalışıb, yalnız fəhlə sinfinin mənafeyini müdafiə etdiyini söyləyərək günahsız olduğunu elan etdi.

1938-ci ildə "əksinqilabçı millətçi mərkəzin işi" ilə əlaqədər olaraq güllələnmişdir.

1955-ci il dekabrın 7-də, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası, SSRİ Baş Prokuroru tərəfindən aparılmış işin materiallarını nəzərdən keçirərək, Əliheydər Qarayevə qarşı irəli sürülən əsassız ittihamları ləğv etdi və cinayət tərkibi olmadığına görə işin icraatını dayandırdı.

SSRİ-nin ilk fəxri neftçilərindən Sadıq Qarayevin qardaşıdır. Sadıq Qarayevin qızı Tamilla xanım, Lütfəli bəy Behbudovun qardaşı Mirzəli bəyin oğlu Şəmsi Behbudovla ailəli olub.

Sadıq Qarayevin oğlu Tofik Qarayev neftçi geoloq alim, Azərbaycanda ilk özəl muzey- Rinay Malakofauna Muzeyinin yaradıcısıdır. O, həmçinin "Qatır Məmməd" filmində Azərbaycan Cümhuriyyəti ordusu zabiti rolunu oynayıb.

  1. Гарајев Әлиһејдәр Ағакәрим оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 60.
  2. QARAYEV Əliheydər Ağakərim oğlu // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 139–140. ISBN 9952-417-44-4.
  3. Məhərrəmov, Elmar. "Azərbaycan tarixinin bir əsrlik salnaməsi". xalqqazeti.com. 28 avqust 2019. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
  4. A. İ. Mikoyan. "Mübarizə yolunda". M., 1971, səh. 413
  5. Mir Cəfər Bağırovun məhkəməsi, Bakı, 1993, səh. 2

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]